1.1. Bu Qanunun məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.1.1. daşıyıcı – yük daşınması müqaviləsi əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi şəxs və ya fərdi sahibkar;
1.1.2. ekspeditor – nəqliyyat-ekspedisiya müqaviləsi əsasında müəyyənləşdirilən nəqliyyat-ekspedisiya xidmətlərini müştərinin tapşırığı və vəsaiti hesabına göstərən və ya üçüncü şəxslər vasitəsilə göstərilməsini təşkil edən hüquqi şəxs və ya fərdi sahibkar;
1.1.3. ekspeditora verilən muzd – nəqliyyat-ekspedisiya müqaviləsinin yerinə yetirilməsi üçün müştərinin ekspeditorun bank hesabına köçürülməklə ödədiyi pul;
1.1.4. müştəri – nəqliyyat-ekspedisiya müqaviləsi əsasında müəyyənləşdirilən nəqliyyat-ekspedisiya xidmətlərinin göstərilməsi və ya üçüncü şəxslər vasitəsilə göstərilməsinin təşkil edilməsi üçün şəxsən və ya nümayəndəsi vasitəsilə tapşırıq verən və nəqliyyat-ekspedisiya xidmətlərinin istifadəçisi olan hüquqi və ya fiziki şəxs;
1.1.5. nəqliyyat-ekspedisiya fəaliyyəti – yüklərin daşınması ilə bağlı nəqliyyat-ekspedisiya xidmətlərinin göstərilməsi üzrə ekspeditor tərəfindən həyata keçirilən sahibkarlıq fəaliyyəti;
1.1.6. nəqliyyat-ekspedisiya fəaliyyətinin iştirakçıları – müştərilər, ekspeditorlar, daşıyıcılar və nəqliyyat-ekspedisiya fəaliyyətinin həyata keçirilməsində iştirak edən digər hüquqi və fiziki şəxslər;
1.1.7. nəqliyyat-ekspedisiya xidmətləri – nəqliyyat-ekspedisiya müqaviləsi əsasında yüklərin bir və ya bir neçə nəqliyyat növü ilə daşınmasının təşkili və (və ya) həyata keçirilməsi ilə bağlı olan, ekspeditorlar tərəfindən göstərilən xidmətlər;
1.1.8. yük – daşınma məqsədilə təqdim edilmiş əmtəə və ya qeyri-əmtəə təyinatlı mal;
1.1.9. yük-nəqliyyat sənədi – müştəri və ya ekspeditor tərəfindən verilən, yükün müştəri tərəfindən təhvil verilməsini, eləcə də ekspeditor tərəfindən qəbul edilməsini, anbarda saxlanılmasını və təhvil verilməsini təsdiq edən sənəd.
1.2. Bu Qanunda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.