20.1. Ekspeditorun vəzifələri aşağıdakılardır:
20.1.1. müştəri qarşısında nəqliyyat-ekspedisiya müqaviləsi üzrə müəyyən edilmiş öhdəlikləri yerinə yetirmək;
20.1.2. yükü xarici xüsusiyyətlərinə (görünüşü, vəziyyəti, yerlərin sayı, qablaşdırmanın növü və vəziyyəti, tarası, markalanması), habelə ekspeditorun qeydi və anbar qeydi sənədlərinə əsasən təhvil almaq (qəbul etmək);
20.1.3. yükü təhvil aldıqda (qəbul etdikdə) yük-nəqliyyat sənədlərini rəsmiləşdirmək, eləcə də onların tamlığına və etibarlılığına nəzarət etmək;
20.1.4. yükü təhvil aldığı (qəbul etdiyi) zaman yükün nəqliyyat vasitəsinə düzgün yüklənməsini yoxlamaq;
20.1.5. nəqliyyat-ekspedisiya xidmətlərini Azərbaycan Respublikasının normativ hüquqi aktlarına, nəqliyyat-ekspedisiya müqaviləsinə, müştərinin bu Qanun və müqavilə ilə müəyyən edilmiş qaydada verilən tapşırıqlarına uyğun olaraq göstərmək;
20.1.6. bu Qanunun 18.1.10-cu maddəsində ekspeditorun müştərinin tapşırıqlarından kənara çıxmaq hüququnun müəyyən olunduğu hal istisna olmaqla, müştərinin tapşırıqlarını dəqiq icra etmək;
20.1.7. nəqliyyat-ekspedisiya müqaviləsində nəzərdə tutulan vəzifələrinin ondan asılı olmayan səbəblərdən tam və ya qismən icra edilməməsi, o cümlədən bu Qanunun 16.1.3-cü maddəsində qeyd edilən hallarla bağlı müştərini dərhal məlumatlandırmaq;
20.1.8. müştəri tərəfindən qeyri-dəqiq və ya natamam məlumatlar verildiyi təqdirdə nəqliyyat-ekspedisiya müqaviləsinin dəqiq icrasını təmin etmək məqsədilə ondan zəruri sənədləri və məlumatları sorğu əsasında yazılı və ya elektron formada almaq;
20.1.9. nəqliyyat-ekspedisiya müqaviləsi, eləcə də müştərinin verdiyi etibarnamə əsasında müştərinin adından nəqliyyat-ekspedisiya müqaviləsinə uyğun olaraq müqavilələr bağlamaq, həmçinin bağladığı müqavilələrin əslini 5 (beş) gün ərzində müştəriyə təqdim etmək;
20.1.10. nəqliyyat-ekspedisiya xidmətlərinin göstərilməsi və yüklərin daşınması zamanı yaranan çətinliklər barədə təxirəsalınmadan müştəriyə məlumat vermək, tariflərin və daşınma şərtlərini, habelə nəqliyyat növünü, nəqliyyat vasitələrini, hərəkət sxemini (marşrutunu), yükün çatdırılma üsulunu və daşınma qaydasını (ardıcıllığını) və digər şərtlərini müştəri ilə razılaşdırmaqla dəyişdirmək;
20.1.11. nəqliyyat-ekspedisiya müqaviləsinin icrası zamanı müştərinin maraqları çərçivəsində hərəkət etmək, o cümlədən müştərinin xərclərini azaltmaq və yükün təhlükəsizliyini təmin etmək;
20.1.12. nəqliyyat-ekspedisiya xidmətlərinin göstərilməsi zamanı yükün tamlığını, bütövlüyünü və zədələnməməsini (xarab olmamasını) təmin etmək, habelə nəqliyyat-ekspedisiya müqaviləsində razılaşdırılmış müddətlərə riayət etmək;
20.1.13. itirilmiş yükün (daşıyıcı kimi çıxış etdikdə isə daşıyıcıya verilənədək itirilmiş yükün) axtarılmasını təmin etmək, habelə yükün nəqliyyat-ekspedisiya müqaviləsinin icrasında iştirak edən üçüncü şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində itirildiyi, məhv olduğu və ya zədələndiyi təqdirdə görülən tədbirlər barədə müştərini 5 (beş) gün ərzində məlumatlandırmaq;
20.1.14. nəqliyyat-ekspedisiya müqaviləsi üzrə vəzifələrinin icrası üzrə yaranan xərclərin, vergilərin və digər icbari ödənişlərin vaxtında və tam ödənilməsini təmin etmək;
20.1.15. nəqliyyat-ekspedisiya müqaviləsi ilə müəyyən edildiyi halda gömrük, fitosanitar, karantin, qida təhlükəsizliyi, sərhəd təhlükəsizliyi, sanitar-gigiyena sahəsində normativ hüquqi aktların, o cümlədən müvafiq texniki reqlamentlərin tələblərinin yerinə yetirilməsini təmin etmək;
20.1.16. nəqliyyat-ekspedisiya müqaviləsi üzrə müəyyən edilmiş öhdəliklərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsi nəticəsində müştəriyə və digər şəxslərə vurduğu zərəri ödəmək;
20.1.17. bütün hallarda müştərinin mənafelərini qorumaq və onun maraqları çərçivəsində hərəkət etmək;
20.1.18. müşayiətedici sənədləri, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 853.1-ci maddəsində qeyd edilən sənədləri və məlumatları daşıyıcıya təqdim etmək;
20.1.19. nəqliyyat-ekspedisiya xidmətlərini yükə, ətraf mühitə, əmlaka, insanların həyat və sağlamlığına zərər vurmadan və ya digər təhlükələr törətmədən həyata keçirmək;
20.1.20. müştərinin tapşırıqlarının qeyri-dəqiq və ya natamam olduğu, habelə bu Qanuna və nəqliyyat-ekspedisiya müqaviləsinə uyğun gəlmədiyi hallarda özündən asılı olmayan səbəblərdən müştərinin tapşırıqlarını 2 (iki) iş günü ərzində dəqiqləşdirə bilmədikdə, nəqliyyat-ekspedisiya xidmətlərini müştərinin maraqlarından çıxış edərək və mənafelərini qorumaq şərtilə göstərmək;
20.1.21. bu Qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
20.2. Bu Qanunun 18.1.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, müştərinin tapşırıqlarından kənara çıxmaq zərurəti yarandıqda, xüsusən yükə, ətraf mühitə, əmlaka, insanların həyat və sağlamlığına zərərvurma təhlükəsi və ya digər təhlükə yarandığı hallarda ekspeditor bununla bağlı müştərinin əvvəlcədən razılığını almağa borcludur.
20.3. Ekspeditor xidmətlərindən şəxsi, ailə, məişət və sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan digər tələbatların ödənilməsi üçün istifadə edən şəxslərə onların tələbi əsasında istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş hüquqları barədə məlumat verməlidir.