22.1. Nəqliyyat-ekspedisiya müqaviləsində nəzərdə tutulan öhdəliklərinin yerinə yetirilməməsinə, yaxud lazımi qaydada yerinə yetirilməməsinə görə müştəri və ekspeditor bu Qanuna və Azərbaycan Respublikasının digər qanunlarına, habelə müqaviləyə uyğun olaraq müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
22.2. Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hallar istisna olmaqla, məsuliyyətin məhdudlaşdırılması və ya tətbiq olunmaması haqqında ekspeditorla müştəri arasındakı razılaşma etibarsızdır.
22.3. Bu Qanunun 23.4-cü, 25.2-ci, 26.2-ci və 26.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, ekspeditor və ya müştəri nəqliyyat-ekspedisiya müqaviləsinin şərtlərini pozduqda həmin müqavilə üzrə öhdəliklərini icra etməli, habelə digər tərəfə vurduğu zərərin əvəzini ödəməlidir.
22.4. Nəqliyyat-ekspedisiya xidmətlərinin həyata keçirilməsində iştirak edən və ekspeditorun cəlb etdiyi üçüncü şəxs tərəfindən müştəriyə vurulan zərərə görə ekspeditor məsuliyyət daşıyır. Vurulan zərəri ödədikdən sonra ekspeditor həmin üçüncü şəxsə qarşı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq iddia qaldıra (reqres tələbi irəli sürə) bilər.