24.1. Yükün təhvil verilməsi zamanı nəqliyyat-ekspedisiya müqaviləsində göstərilən yükalan və ya onun səlahiyyətli nümayəndəsi yükün itirilməsi (məhv olması), əskik çıxması və ya zədələnməsi (xarab olması) barədə ekspeditora yazılı şəkildə (kağız daşıyıcıda və ya elektron sənəd formasında) bildiriş təqdim etmədiyi və həmin bildirişdə yükün əskik çıxmasının və ya zədələnməsinin (xarab olmasının) ümumi səbəbini göstərmədiyi halda, bu Qanunun 24.2-ci maddəsində qeyd edilən hal istisna olmaqla, yük tam şəkildə və zədələnməmiş (xarab olmamış) formada qəbul edilmiş hesab olunur.
24.2. Yükün itirilməsi (məhv olması), əskik çıxması və ya zədələnməsi (xarab olması) nəqliyyat-ekspedisiya müqaviləsində göstərilən yükalan və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən qəbul edildikdən sonra aşkar edildikdə, bu Qanunun 24.1-ci maddəsində qeyd edilən bildiriş yük qəbul edildikdən sonra 30 (otuz) gün ərzində ekspeditora təqdim edilir. Bildirişin verilmə tarixi ekspeditorun bu bildirişi aldığı gün hesab olunur.