6.1. Nəqliyyat-ekspedisiya xidmətlərinə ekspeditor tərəfindən aşağıdakıların təşkili və (və ya) həyata keçirilməsi daxildir:
6.1.1. daşınma üçün yüklərin hazırlanması ilə bağlı xidmətlər: yükün yığılması, yükün tərkib hissələrinə ayrılması (mümkün olduğu halda), çəkisinin müəyyən olunması, taralanması və (və ya) qablaşdırılması, yenidən etiketlənməsi, markalanması, bərkidilməsi və çeşidləndirilməsi;
6.1.2. yüklərin yüklənməsi və boşaldılması ilə əlaqədar xidmətlər: yükləmə-boşaltma və yenidən yüklənmə, bağlama və saxlama, o cümlədən bir neçə nəqliyyat növündən istifadə edilməklə yerinə yetirilən yük daşımaları (qarışıq daşımalar) zamanı yükün yerinin dəyişdirilməsi, yerləşdirilməsi, bərkidilməsi;
6.1.3. yüklərin olduğu yerdə qəbulu, müxtəlif nəqliyyat növü ilə təyinat məntəqəsinə daşınması və təhvil verilməsi (o cümlədən yükün “qapıdan-qapıya” çatdırılması prinsipi ilə);
6.1.4. nəqliyyat vasitələrinin cəlb edilməsi, yüklərin vaxtında göndərilməsi üçün limanlara, dəmiryol stansiyalarına, anbarlara, terminallara və ya digər obyektlərə çatdırılması və daşınma üçün təqdim edilməsi;
6.1.5. müştərilərin mallarının daşınması üçün lazım olan avadanlıq, vaqon və konteynerlərlə təmin edilməsi (istifadəyə verilməsi), o cümlədən müştərilərə və daşıyıcıya (ekspeditorun daşıyıcı qismində çıxış etdiyi hal istisna olmaqla) kilidləmə və möhürləmə qurğularının verilməsi;
6.1.6. yüklərin kəmiyyətinin, eləcə də “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən keyfiyyətinin və texniki reqlamentlərin tələblərinə uyğunluğunun yoxlanılması ilə bağlı işlərin təşkili;
6.1.7. limanlarda, dəmiryol stansiyalarında, anbarlarda, terminallarda və ya digər obyektlərdə yüklərin gəlişinin və gedişinin qeydiyyatının aparılması;
6.1.8. yüklərin daşınması ilə bağlı daşıyıcıya sifarişlər verilməsi;
6.1.9. yük yerlərinin sayının, yüklərin çəkisinin və vəziyyətinin yoxlanılması, həmçinin itirilmiş yüklərin axtarışının təşkili;
6.1.10. nəqliyyat-ekspedisiya xidmətlərinin həyata keçirilməsi üzrə digər ekspeditorların xidmət növləri, tarifləri və iş rejimləri barədə məlumatların verilməsi;
6.1.11. xərclərin azaldılması məqsədilə nəqliyyat-ekspedisiya müqaviləsinin şərtlərinə uyğun olaraq, həmçinin bir neçə nəqliyyat növündən istifadə edilməklə yerinə yetirilən yük daşımaları zamanı (qarışıq daşımalar) yüklərin daşınması üçün optimal sxemin (marşrutun, ardıcıllığın) seçilməsi;
6.1.12. yüklərin daşınması üçün nəqliyyat-ekspedisiya müqaviləsinin, habelə Azərbaycan Respublikasının normativ hüquqi aktları və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri ilə müəyyən edilən digər nəqliyyat sənədlərinin tərtib olunması (rəsmiləşdirilməsi);
6.1.13. müvafiq nəqliyyat növünə uyğun olaraq nəqliyyat vasitələrinin və yüklərin hazırlanması və əlavə təchizatı;
6.1.14. yüklərin gömrük, fitosanitar, karantin, qida təhlükəsizliyi, sərhəd təhlükəsizliyi, sanitar-gigiyena sahəsində normativ hüquqi aktların, o cümlədən müvafiq texniki reqlamentlərin tələblərinə uyğun olaraq daşınması;
6.1.15. yüklərin daşınma prosesində müşayiət edilməsi, mühafizəsi və yüklərin daşınmasına nəzarət olunması, habelə yüklərin daşınma prosesi ilə bağlı müştəriyə mütəmadi məlumat verilməsi;
6.1.16. gömrük orqanlarına bəyannamələrin, yüklərin və müşayiətedici sənədlərin təqdim edilməsi, gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün tədbirlərin görülməsi;
6.1.17. nəqliyyat-ekspedisiya xidmətlərinin göstərilməsi zamanı vergilərin, dövlət rüsumlarının, gömrük rüsumlarının və gömrük yığımlarının, habelə digər icbari ödənişlərin ödənilməsinin həyata keçirilməsi;
6.1.18. nəqliyyat-ekspedisiya xidmətlərinin həyata keçirilməsi ilə bağlı aidiyyəti hüquqi və fiziki şəxslərlə hesablaşmaların aparılması.
6.2. Nəqliyyat-ekspedisiya xidmətləri bu Qanunun və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələblərinə və nəqliyyat-ekspedisiya müqaviləsinin şərtlərinə uyğun göstərilməlidir.
6.3. Ekspeditor yüklərin daşınması ilə bağlı nəqliyyat-ekspedisiya müqaviləsində nəzərdə tutulmuş və Azərbaycan Respublikasının normativ hüquqi aktlarının tələblərinə zidd olmayan digər xidmətlər göstərə bilər.