1. Hüquqi və ya fiziki şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) şəhadətnamə aldıqdan sonra operator qismində fəaliyyət göstərə bilər.
2. Şəhadətnamənin alınması üçün ərizəçi müvafiq icra hakimiyyətinin müəyyən etdiyi orqana (quruma) “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada elektron ərizə təqdim edir. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir (bu Qanunun 15-1-ci maddəsinin 3-cü hissəsində göstərilən hal nəzərə alınmaqla):
2.1. ərizəçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;
2.2. ərizəçi fiziki şəxs olduqda, şəxsiyyət vəsiqəsinin surəti;
2.3. ərizəçinin vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnaməsinin surəti;
2.4. ərizəçinin avtonom nəqliyyat vasitələrinin avtomatlaşdırılmış idarəetmə sistemi vasitəsilə idarə edilməsinə nəzarəti həyata keçirən işçilərinin şəxsiyyət vəsiqələrinin surəti;
2.5. bu Qanunun 15-ci maddəsinin 3-cü hissəsində qeyd edilən hal nəzərə alınmaqla, aidiyyəti üzrə bu Qanunun 15-ci maddəsinin 5-ci və 6-cı hissələrində qeyd edilən tələbləri təsdiq edən sənədlər (məlumatlar).
3. Bu Qanunun 15-1-ci maddəsinin 2-ci hissəsində göstərilən sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət qurumundan tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.
4. Müvafiq icra hakimiyyətinin müəyyən etdiyi orqan (qurum) ərizəçinin təqdim etdiyi ərizənin və ona əlavə edilmiş sənədlərin bu Qanunun 15-1-ci maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunluğunu yoxlayır. Ərizədə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan və şəhadətnamənin verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, ərizənin qeydiyyata alındığı tarixdən 5 (beş) iş günündən gec olmayaraq onların aradan qaldırılması barədə məlumat ərizəçiyə elektron qaydada təqdim edilir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini ona izah edir. Bütün çatışmazlıqlar ərizəçiyə eyni zamanda bildirilməlidir.
5. Ərizəçi həmin çatışmazlıqları məlumatı aldığı vaxtdan ən geci 10 (on) iş günü ərzində aradan qaldırmalıdır. Bu zaman şəhadətnamənin verilməsi ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət şəhadətnamənin verilməsi müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur.
6. Ərizəçi ərizədə və ona əlavə edilmiş sənədlərdə aşkar olunmuş çatışmazlıqları bu Qanunun 15-1-ci maddəsinin 5-ci hissəsində göstərilən müddətdə aradan qaldırmadıqda müvafiq icra hakimiyyətinin müəyyən etdiyi orqan (qurum) ərizənin baxılmamış saxlanılması haqqında inzibati akt qəbul edir və bu barədə məlumatı 2 (iki) iş günü ərzində ərizəçiyə elektron qaydada təqdim edir.
7. Ərizəçi aşkar olunmuş çatışmazlıqları aradan qaldırdıqdan sonra şəhadətnamənin alınması üçün təkrar ərizə ilə müvafiq icra hakimiyyətinin müəyyən etdiyi orqana (quruma) müraciət edə bilər.
8. Müvafiq icra hakimiyyətinin müəyyən etdiyi orqan (qurum) təqdim edilən ərizəyə baxarkən aidiyyəti dövlət qurumlarının rəyini ala, habelə ekspert və ya mütəxəssis cəlb edə bilər.
9. Bu Qanunun 15-1-ci maddəsinin 8-ci hissəsinə uyğun olaraq, müvafiq icra hakimiyyətinin müəyyən etdiyi orqan (qurum) rəy (razılıq) alınması üçün aidiyyəti dövlət qurumlarına müraciət etdikdə, ona 7 (yeddi) iş günü ərzində baxılaraq cavab verilir. Aidiyyəti dövlət qurumlarının əsaslandırılmış müraciəti ilə həmin müddət 20 (iyirmi) gündən çox olmayan müddətə uzadıla bilər. Bu müddət ərzində rəy (razılıq) bildirilmədikdə, rəy müsbət və razılıq verilmiş hesab olunur. Mənfi rəy, habelə razılığın verilməsindən imtina normativ hüquqi aktlara istinad edilməklə əsaslandırılmalıdır. Aidiyyəti dövlət qurumlarının rəy (razılıq) verilməsi üçün bu Qanunla nəzərdə tutulan müddət şəhadətnamənin verilməsi ilə bağlı müddətə daxil edilmir.
10. Bu Qanunun 15-1-ci maddəsinin 9-cu hissəsinə uyğun olaraq müvafiq icra hakimiyyətinin müəyyən etdiyi orqan (qurum) ekspert və ya mütəxəssisin cəlb olunması ilə bağlı aidiyyəti dövlət qurumuna müraciət etdikdə, həmin dövlət qurumu 1 (bir) iş günü ərzində öz ekspert və ya mütəxəssisini təqdim etməlidir. Ekspert rəyinin alınması və ya mütəxəssis fikrinin ifadəsi üçün təyin olunan müddət 5 (beş) iş günündən çox olmamalıdır. Bu müddət şəhadətnamənin verilməsi ilə bağlı müddətə daxil edilmir.
11. Müvafiq icra hakimiyyətinin müəyyən etdiyi orqan (qurum) təqdim olunmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə baxılmasının nəticəsi əsasında ərizənin qeydiyyata alındığı tarixdən 20 (iyirmi) iş günündən gec olmayaraq təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş elektron şəhadətnaməni verir və ya verilməsindən imtina haqqında inzibati akt qəbul edir. Bu barədə ərizəçiyə 2 (iki) iş günü ərzində elektron qaydada məlumat verilir. Şəhadətnamə 5 (beş) il müddətinə verilir. Operator bu müddətin bitməsinə 30 (otuz) gün qalanadək yeni şəhadətnamənin alınması üçün bu Qanunun 15-1-ci maddəsinə uyğun olaraq yenidən müraciət etməlidir.
12. Şəhadətnamədə aşağıdakılar göstərilir:
12.1. şəhadətnamənin verilmə tarixi və qeydiyyat nömrəsi;
12.2. şəhadətnamə verən orqanın adı və ünvanı;
12.3. operator barədə məlumatlar (hüquqi şəxsin, xarici hüquqi şəxsin filialının və nümayəndəliyinin adı və hüquqi ünvanı, fiziki şəxsin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi və vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) yerləşdiyi ünvanı, hüquqi şəxsin və fərdi sahibkarın vergi ödəyicisinin eyniləşdirmə nömrəsi);
12.4. şəhadətnamənin müddəti (başlama və başa çatma tarixləri göstərilməklə);
12.5. şəhadətnaməni imzalayan vəzifəli şəxsin soyadı, adı, vəzifəsi, imzası və möhür.
13. Operator tərəfindən şəhadətnamənin üzərində hər hansı formada düzəlişlərin aparılmasına, o cümlədən şəhadətnamənin başqa şəxsə verilməsinə yol verilmir. Şəhadətnamə alınması üçün təqdim edilmiş sənədlərdə (məlumatlarda) dəyişikliklər olduqda müvafiq icra hakimiyyətinin müəyyən etdiyi orqana (quruma) 2 (iki) iş günü ərzində elektron qaydada məlumat (təsdiqedici sənədlərlə birlikdə) verilməlidir. Bu zaman müvafiq icra hakimiyyətinin müəyyən etdiyi orqan (qurum) ərizə daxil olduqdan 5 (beş) iş günü ərzində yenidən rəsmiləşdirilmiş (təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş) elektron şəhadətnaməni operatora elektron qaydada təqdim edir.
14. Bu Qanunun 15-ci maddəsinin 5-ci, 6-cı hissələrində və 22-1-ci maddəsinin 2 – 6-cı, 8-ci hissələrində qeyd edilən tələblər aidiyyəti üzrə təmin edilmədikdə şəhadətnamənin verilməsindən imtina edilir.
15. Şəhadətnamə aşağıdakı hallarda ləğv edilir:
15.1. operator tərəfindən müvafiq ərizə təqdim edildikdə;
15.2. şəhadətnamənin müddəti bitdikdə;
15.3. operator olan hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi ləğv edildikdə;
15.4. operator olan fiziki şəxsin fərdi sahibkar kimi fəaliyyətinə xitam verildikdə;
15.5. operator olan fiziki şəxs vəfat etdikdə;
15.6. məhkəmənin müvafiq qərarı olduqda;
15.7. şəhadətnamənin verilməsi üçün təqdim edilmiş sənədlərdə (məlumatlarda) sonralar düzgün olmayan məlumatlar aşkar edildikdə.
16. Şəhadətnamə bu Qanunun 15-1-ci maddəsinin 15-ci hissəsində göstərilən hallara (bu Qanunun 15-1-ci maddəsinin 15.6-cı bəndi istisna olmaqla) istinad edilməklə, müvafiq icra hakimiyyətinin müəyyən etdiyi orqanın (qurumun) inzibati aktı ilə ləğv edilir. Həmin inzibati akt qəbul olunduğu tarixdən 2 (iki) iş günü ərzində operatora elektron qaydada təqdim edilir.
17. Şəhadətnamənin verilməsindən imtina edilməsi və ya onun ləğvi haqqında inzibati aktdan inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.