Qanunvericilik › Nəqliyyat haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 22-1

Maddə 22-1. Avtonom nəqliyyat vasitəsinə və məsafədən idarəetmə mərkəzinə dair tələblər

Nəqliyyat haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. Avtonom nəqliyyat vasitəsinin Azərbaycan Respublikasının normativ hüquqi aktları və tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən olunan hərəkət təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, kibertəhlükəsizlik və təhlükəsiz istismar tələblərinə uyğunluğu ölkə ərazisində onun layihələndirilmə, istehsal, sınaq (istismara hazırlanma), istismar, texniki xidmət, təkmilləşdirmə və istismardan çıxarılma mərhələlərində aidiyyəti şəxslər və həmin mərhələləri idarə edən qurumlar tərəfindən təmin olunmalıdır.

2. Avtonom nəqliyyat vasitəsinin avtomatlaşdırılmış idarəetmə sistemində istifadə olunan texniki avadanlıqlar və proqram təminatı sistemlərarası inteqrasiyanı, fasiləsiz monitorinqi, özünüdiaqnostikanı, nasazlıq və ya fövqəladə hallar (hadisələr) baş verdikdə idarə etməyə müdaxiləni, habelə hadisə, qəza və insidentlərə dair məlumatların avtomatik qeydiyyatını və 6 (altı) ay saxlanılmasını təmin etməlidir.

3. Avtonom nəqliyyat vasitəsi üzrə istismar qaydaları, nasazlıq və ya fövqəladə hallar (hadisələr) baş verdikdə müdaxilə (hərəkətin dayandırılması ilə bağlı) prosedurları, habelə personalın peşə səriştəsi avtomatlaşdırılmış idarəetmə sisteminin avtomatlaşdırma səviyyəsinə, istismar edildiyi əraziyə (yola, hava məkanına), texniki xüsusiyyətlərinə və ətraf mühitin mühafizəsi üzrə tələblərə uyğun olmalıdır.

4. Avtonom nəqliyyat vasitələrinin avtomatlaşdırılmış idarəetmə sistemi məsafədən avtomatik idarəetmə sistemi, onların yerinin real vaxt rejimində monitorinq sistemi, ətraf mühitin monitorinqi üçün kamera, sensor (o cümlədən ehtiyat sensor), naviqasiya, radar və lidar sistemləri, hadisə, insident və qəza məlumatlarının avtomatik qeydiyyatı sistemi, nəqliyyat vasitəsinin təhlükəsiz dayanmasını təmin edən avtomatik təhlükəsizlik sistemi və kibertəhlükəsizlik müdafiə mexanizmləri ilə təchiz olunmalıdır.

5. Avtonom dəmir yolu, metro və tramvay nəqliyyat vasitələrinin avtomatlaşdırılmış idarəetmə sistemi bu maddənin 4-cü hissəsində qeyd edilənlərə əlavə olaraq mərkəzləşdirilmiş dispetçer nəzarət sistemi, platforma təhlükəsizlik sistemi və avtomatik qapı idarəetmə sistemi ilə təchiz olunmalıdır. Avtonom dəmir yolu, metro və tramvay nəqliyyat vasitələrinin hərəkəti yalnız müvafiq infrastrukturun texniki uyğunluğu təmin edildikdən sonra həyata keçirilə bilər.

6. Avtonom gəminin avtomatlaşdırılmış idarəetmə sistemi bu maddənin 4-cü hissəsində qeyd edilənlərə əlavə olaraq avtomatik toqquşmanın qarşısını alma sistemi ilə təchiz olunmalıdır. Dəniz limanlarının və dəniz əməliyyatı bazalarının ərazilərində avtonom gəmilərin hərəkəti liman kapitanının icazəsi ilə həyata keçirilir.

7. Avtonom dəmir yolu, metro və tramvay nəqliyyat vasitələrinin hərəkətinin idarə edilməsi, monitorinqi və təhlükəsiz istismarı bu maddənin 5-ci hissəsində nəzərdə tutulmuş mərkəzləşdirilmiş dispetçer nəzarət sistemi əsasında, müvafiq nəqliyyat növü üzrə fəaliyyət göstərən məsafədən idarəetmə mərkəzləri vasitəsilə həyata keçirilir.

8. Avtonom nəqliyyat vasitələrinin məsafədən idarəetmə mərkəzi aşağıdakı tələblərə cavab verməlidir:

8.1. avtonom nəqliyyat vasitəsinin hərəkətinin fasiləsiz monitorinqini, onunla etibarlı və fasiləsiz rabitəni təmin edən avadanlıqlara, o cümlədən videomüşahidə və vizuallaşdırma avadanlıqlarına və proqram təminatına malik olması;

8.2. operator tərəfindən avtonom nəqliyyat vasitəsinin avtomatlaşdırılmış idarəetmə sisteminin fəaliyyətinə nəzarət olunmasını, nasazlıq və fövqəladə hallar (hadisələr) baş verdikdə həmin nəqliyyat vasitəsinin hərəkətinin dayandırılmasını təmin etməyə imkan verən işçi interfeysinin olması;

8.3. avtonom nəqliyyat vasitəsinin avtomatlaşdırılmış idarəetmə sisteminə giriş zamanı identikləşdirmə, girişə nəzarət və əməliyyatların qeydiyyatı üzrə texniki həllərin mövcud olması.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver