Qanunvericilik › “Nəqliyyat vasitələrinə rəqəmlərin və hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilmə Qaydası”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 20.12.2013) › Tam mətn

“Nəqliyyat vasitələrinə rəqəmlərin və hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilmə Qaydası”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 20.12.2013)

“Nəqliyyat vasitələrinə rəqəmlərin və hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilmə Qaydası”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 20.12.2013) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2012-ci il 2 noyabr tarixli 457-IVQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 28 noyabr tarixli 753 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Nəqliyyat vasitələrinə rəqəmlərin və hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilmə Qaydası” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Bakı şəhəri, 20 dekabr 2013-cü il

1.1. Bu Qayda “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2012-ci il 2 noyabr tarixli 457-IVQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 28 noyabr tarixli 753 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və avtonəqliyyat vasitələrinə rəqəmlərin və hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilməsi qaydasını tənzimləyir.

1.2. Avtonəqliyyat vasitələrinə dövlət qeydiyyat nişanı nəqliyyat vasitəsinin dövlət qeydiyyatına alınması zamanı verilir. Nəqliyyat vasitəsinin sahibi dövlət qeydiyyatı zamanı verilmiş dövlət qeydiyyatı nişanının rəqəm və hərf kombinasiyasının dəyişdirilməsi üçün müraciət edə bilər.

1.3. Dövlət qeydiyyat nişanının verilməsi üçün nişanda əks olunan rəqəmlərin və hərflərin kombinasiyasına müvafiq olaraq “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 18.65.6-cı maddəsi ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu alınır.

2.1. Dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun məbləği, mövcud olan rəqəm və ya hərf kombinasiyaları barədə məlumatlar və elektron müraciətlərin qəbulu üçün xidmətlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin internet səhifəsində yerləşdirilir. Mövcud olan rəqəm və ya hərf kombinasiyaları barədə məlumatların öyrənilməsinə və dövlət rüsumunun ödənilməsinə imkan verən və istifadəsi sadə olan elektron avadanlıqlar həmin orqanın imtahan-qeydiyyat məntəqələrində quraşdırılır, habelə hər kəsin yaxşı görə biləcəyi yerlərdə dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun məbləğini əks etdirən lövhələr yerləşdirilir.

2.2. Dövlət qeydiyyat nişanının verilməsi zamanı aşağıdakılar təmin olunmalıdır:

2.2.1. dövlət qeydiyyat nişanının alınması ilə bağlı internet vasitəsilə elektron formada müraciət etmə imkanı və həmin şəxsin növbəsi barədə (tarix və vaxt göstərilməklə) eyni qaydada məlumatın verilməsi;

2.2.2. dövlət qeydiyyat nişanının verilməsi işinin elektron idarəetmə sistemi əsasında, növbələrin yaranmasını istisna edən şəraitdə, fasiləsiz və “bir pəncərə” prinsipi ilə təşkili;

2.2.3. dövlət qeydiyyat nişanının verilməsi ilə bağlı dövlət rüsumunun, habelə şəxs barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən inzibati cərimələrin yalnız bank, poçt, plastik kart və ya internet vasitəsilə ödənilməsi, bunun üçün texniki imkanların yaradılması, o cümlədən qeydiyyat-imtahan məntəqələrində ödənişləri qəbul edən xüsusi terminalların quraşdırılması;

2.2.3-1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57.1-57.4-cü, 57.6.3-cü və 97.4-cü maddələrində nəzərdə tutulmuş qaydada çatdırılması mümkün olmayan yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə sənədlərin çatdırılması;

2.2.4. dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun məbləğinin, mövcud olan rəqəmlərin və hərflərin kombinasiyaları barədə məlumatların açıqlanması;

2.2.5. dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və hərflərin kombinasiyalarını xüsusi elektron terminallar, o cümlədən internet vasitəsilə sərbəst seçmək və sifariş etmək imkanı.

3.1. Avtonəqliyyat vasitəsinin dövlət qeydiyyatı üçün müraciət edən şəxs qeydiyyat-imtahan məntəqəsində yerləşdirilmiş xüsusi elektron terminal vasitəsilə dövlət qeydiyyat nişanının rəqəm və hərf kombinasiyasını sərbəst seçərək, onun üçün müəyyən edilmiş dövlət rüsumunu elə həmin terminal vasitəsilə ödəyir və terminalın avtomatik olaraq çap edib verdiyi seçilmiş rəqəm və hərf kombinasiyasını, ödənilmiş dövlət rüsumunun məbləğini və aparılmış əməliyyatın nömrəsini, həmçinin şəxsiyyət vəsiqəsinin nömrəsini əks etdirən qəbzi nəqliyyat vasitəsinin dövlət qeydiyyatı üçün tələb olunan sənədlərə əlavə edir.

3.2. Şəxs avtonəqliyyat vasitəsinin dövlət qeydiyyatı üçün internet vasitəsilə müraciət etdikdə, müraciət səhifəsində dövlət qeydiyyat nişanının rəqəm və hərf kombinasiyasını sərbəst seçərək, onun üçün müəyyən edilmiş dövlət rüsumunu elə həmin səhifədə ödəyir. Dövlət qeydiyyat nişanının rəqəm və hərf kombinasiyasının seçilməsi, onun üçün müəyyən edilmiş dövlət rüsumunun ödənilməsi avtomatik qeydiyyata alınır və bu barədə şəxsin elektron poçt ünvanına məlumat göndərilməklə, əməliyyatın qeydiyyat nömrəsi internet səhifəsində əks olunur. Şəxs çap etdiyi həmin məlumatı nəqliyyat vasitəsinin dövlət qeydiyyatı üçün tələb olunan sənədlərə əlavə edir.

3.3. Avtonəqliyyat vasitəsinin sahibi dövlət qeydiyyatı zamanı verilmiş dövlət qeydiyyat nişanının rəqəm və hərf kombinasiyasının dəyişdirilməsi üçün qeydiyyat-imtahan məntəqəsinə və ya internet vasitəsilə müraciət edə bilər.

3.4. Qeydiyyat-imtahan məntəqəsinə daxil olan şəxs xüsusi elektron terminala yaxınlaşaraq, şəxsiyyət vəsiqəsinin nömrəsini, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin nömrəsini daxil edir və dövlət qeydiyyat nişanının rəqəm və hərf kombinasiyasını sərbəst seçərək, onun üçün müəyyən edilmiş dövlət rüsumunu, habelə yeni qeydiyyat şəhadətnaməsinin verilməsi üçün dövlət rüsumunu elə həmin terminal vasitəsilə ödəyir. Bundan sonra elektron terminal avtomatik olaraq qəbz çap edir. Qəbzdə seçilmiş dövlət qeydiyyat nişanının rəqəm və hərflərinin kombinasiyası, ödənilmiş dövlət rüsumları, aparılmış əməliyyatın nömrəsi və şəxsin növbəsi əks olunur.

3.5. Şəxsin qəbzdə göstərilmiş növbəsi çatdıqda, o sənədləri qəbul edən pəncərəyə yaxınlaşaraq, şəxsiyyət vəsiqəsini, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini və qəbzi təqdim edir (bu Qaydanın 3.5-1-ci bəndinin tələbləri nəzərə alınmaqla). Qəbzdə göstərilmiş əməliyyatın qeydiyyat nömrəsi əsasında sənədləri qəbul edən şəxs elektron idarəetmə sistemi vasitəsilə təqdim edilmiş sənədlərin və əks edilmiş məlumatların düzgünlüyünü yoxlayır və sistem vasitəsilə avtomatik generasiya edilən ərizəni çap edir və imzalanması üçün şəxsə təqdim edir. Ərizədə şəxsin adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsinin nömrəsi, nəqliyyat vasitəsinin dövlət qeydiyyatı şəhadətnaməsinin nömrəsi, mühərrik, ban və şassi nömrələri, habelə rəngi, dövlət qeydiyyat nişanının rəqəm və hərflərinin seçilmiş kombinasiyası, ödənilmiş dövlət rüsumları barədə məlumatlar əks olunur.

3.5-1. Dövlət qeydiyyatı zamanı verilmiş dövlət qeydiyyat nişanının rəqəm və hərf kombinasiyasının dəyişdirilməsi üçün bu Qaydanın 3.5-ci bəndinin birinci cümləsində göstərilən sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar avtonəqliyyat vasitəsinin sahibindən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi avtonəqliyyat vasitəsinin sahibinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya avtonəqliyyat vasitəsinin sahibi tərəfindən təmin edilir.

3.6. Ərizə imzalandıqdan və qəbul edildikdən, habelə şəxs barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildikdən sonra nəqliyyat vasitəsi mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədi ilə müayinəyə təqdim edilir. Müayinədən keçən nəqliyyat vasitəsinə 30 (otuz) dəqiqə ərzində yeni dövlət qeydiyyat nişanı və yeni qeydiyyat şəhadətnaməsi verilir.

3.7. Avtonəqliyyat vasitəsinin sahibi dövlət qeydiyyatı zamanı verilmiş dövlət qeydiyyat nişanının rəqəm və hərf kombinasiyasının dəyişdirilməsi üçün internet vasitəsilə müraciət etdikdə, internet səhifəsində şəxsiyyət vəsiqəsinin nömrəsini, nəqliyyat vasitəsinin dövlət qeydiyyatı şəhadətnaməsinin nömrəsini, elektron poçt ünvanını daxil edir və dövlət qeydiyyat nişanının rəqəm və hərf kombinasiyasını sərbəst seçərək, onun üçün müəyyən edilmiş dövlət rüsumunu, habelə yeni qeydiyyat şəhadətnaməsinin verilməsi üçün dövlət rüsumunu həmin səhifədə ödəyir. Bundan sonra internet səhifəsində avtomatik olaraq ərizə generasiya olunaraq şəxsin elektron poçt ünvanına göndərilir və bilavasitə internet səhifəsindən çap edilməsi imkanı təmin olunur. Ərizədə şəxsin adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsinin nömrəsi, nəqliyyat vasitəsinin dövlət qeydiyyatı şəhadətnaməsinin nömrəsi, mühərrik, ban və şassi nömrələri, habelə rəngi, dövlət qeydiyyat nişanının rəqəm və hərflərinin seçilmiş kombinasiyası, ödənilmiş dövlət rüsumları, həmçinin qeydiyyat-imtahan məntəqəsinə gəlmə tarixi və vaxtı barədə məlumatlar əks olunur.

3.8. Şəxs həmin ərizədə göstərilən tarixdə və vaxtda qeydiyyat-imtahan məntəqəsinə gələrək, şəxsiyyət vəsiqəsini, nəqliyyat vasitəsinin dövlət qeydiyyatı şəhadətnaməsini və imzalanmış ərizəni sənədləri qəbul edən pəncərəyə təqdim edir (bu Qaydanın 3.8-1-ci bəndinin tələbləri nəzərə alınmaqla). Sənədləri qəbul edən əməkdaş onların uyğunluğunu yoxlayır. Şəxs barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildikdən sonra müayinədən keçən nəqliyyat vasitəsinə 30 (otuz) dəqiqə ərzində yeni dövlət qeydiyyat nişanı və yeni dövlət qeydiyyatı şəhadətnaməsi verilir.

3.8-1. Dövlət qeydiyyatı zamanı verilmiş dövlət qeydiyyat nişanının rəqəm və hərf kombinasiyasının dəyişdirilməsi üçün bu Qaydanın 3.8-ci bəndinin birinci cümləsində göstərilən sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar avtonəqliyyat vasitəsinin sahibindən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi avtonəqliyyat vasitəsinin sahibinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya avtonəqliyyat vasitəsinin sahibi tərəfindən təmin edilir.

3.9. Təqdim edilmiş sənədlərdə, yaxud müayinə zamanı nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələrində, habelə rəngində uyğunsuzluq aşkar edildikdə, yeni dövlət qeydiyyat nişanı verilmir və səbəbləri göstərilməklə, şəxsə yazılı şəkildə imtina edilir.

1. 8 may 2018-ci il tarixli 213 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 may 2018-ci il, № 107, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 5, maddə 1121)

2. 17 iyul 2021-ci il tarixli 219 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 iyul 2021-ci il, № 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 881)

3. 22 may 2024-cü il tarixli 275 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 may 2024-cü il, “Xalq” qəzeti, 26 may 2024-cü il, № 110, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 5, II kitab, maddə 612)

4. 16 sentyabr 2026-cı il tarixli 300 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 16 sentyabr 2026-cı il, “Xalq” qəzeti, 30 sentyabr 2026-cı il, № 178)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver