Qanunvericilik › "Nərə cinsli balıq ehtiyyatlarının istifadəsi və dövriyyəsinin tənzimlənməsi Qaydaları"nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 09.11.2005) › Tam mətn

"Nərə cinsli balıq ehtiyyatlarının istifadəsi və dövriyyəsinin tənzimlənməsi Qaydaları"nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 09.11.2005)

"Nərə cinsli balıq ehtiyyatlarının istifadəsi və dövriyyəsinin tənzimlənməsi Qaydaları"nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 09.11.2005) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında” Konvensiyanın (CİTES) Daimi Komitəsinin 2001-ci il 19-22 iyun tarixlərində Paris şəhərində keçirilmiş 45-ci iclasında qəbul edilmiş 12.2 nömrəli sənədin müddəalarının, həmin Konvensiya Tərəflərinin 2002-ci il 3-15 noyabr tarixlərində Çilinin Santyaqo şəhərində keçirilmiş 12-ci konfransında qəbul olunmuş 12.7 nömrəli Qətnaməsini və bu Qət-naməyə 2004-cü il 2-14 oktyabr tarixlərində Tailandın Banqkok şəhərində keçirilmiş 13-cü Konfransda edilmiş Əlavələrin yerinə yetirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Nərə cinsli balıq ehtiyatlarının istifadəsi və dövriyyəsinin tənzimlənməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Səhiyyə Nazirliyinə, Elm və Təhsil Nazirliyinə tapşırılsın ki, realizə edilən nərə cinsli balıq məhsullarının mənşəyinin eyniləşdirilməsini (identifikasiyasını) təmin etmək məqsədilə bu məhsulların dezoksiribonuklein turşusu (DNT) əsasında eyniləşdirmə sisteminin tətbiqi imkanlarını müəyyən etsinlər.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

Bakı şəhəri, 9 noyabr 2005-ci il

1.1. Bu Qaydalar Azərbaycan Respublikasında nərə cinsli balıq ehtiyatlarının qorunub saxlanılması, istifadəsi və dövriyyəsinin dövlət tərəfindən idarə edilməsinin təkmilləşdirilməsini və bu sahədə elmi tədqiqat işlərinin aparılmasının hüquqi əsaslarını müəyyən edir.

1.2. Nərə cinsli balıq ehtiyatlarının qorunub saxlanılması, istifadəsi və dövriyyəsinin tənzimlənməsi “Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında” Konvensiyanın (CİTES) qətnamələrinə, “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının 1998-ci il 27 mart tarixli 457-IQ nömrəli Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 27 may tarixli 703 nömrəli Fərmanına və digər müvafiq qanunvericilik aktlarına əsasən həyata keçirilir.

2.1. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi:

Xəzərətrafı ölkələrin balıq və digər su bioresurslarının qorunub saxlanılması və istifadəsinə dair regional proqramlarda iştirak edir;

Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş müvafiq icra hakimiyyəti orqanlarının iştirakı ilə Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində nərə cinsli balıq ehtiyatlarının səmərəli istifadə edilməsi və onların qorunması üzrə dövlət siyasətini hazırlayıb həyata keçirir;

balıq və digər su bioresurslarının qorunub saxlanılması, istifadəsi və dövriyyəsi (o cümlədən qara kürünün) ilə bağlı strategiyanın müəyyən edilməsi, balıq və digər su bioresurslarının sənaye ovu qaydalarının və qüvvədə olan qanunvericilik aktlarının təkmilləşdirilməsi barədə təkliflər verir;

nərə cinsli balıq ehtiyatlarının kəmiyyət və keyfiyyət tərkibini təyin və davamlı ovunu təmin etmək məqsədilə onun ehtiyatlarmı qiymətləndirir, istifadə həddini müəyyən edir və bölgüsünü həyata keçirir;

nərə cinsli balıq ehtiyatlarının elmi tədqiqat məqsədilə ovunun aparılması və təşkili işini həyata keçirir (nərə cinsli balıq ehtiyatlarının elmi tədqiqat məqsədilə ovu Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin müvafiq elmi tədqiqat təşkilatları cəlb edilməklə aparılır);

qanunvericilikdə nəzərdə tutulmuş digər tədbirləri həyata keçirir.

2.2. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş müvafiq dövlət orqanları nərə cinsli balıq və balıq məhsullarının (o cümlədən kürünün) qeyri-qanuni dövriyyəsinin qarşısının alınması istiqamətində tədbirlər həyata keçirirlər.

2.3. Nərə cinsli balıq və balıq məhsullarının minimum keyfiyyətinə və təhlükəsizliyinə dair tələblər qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən edilir.

3.1. Nərə cinsli balıq ehtiyatlarından istifadə aşağıdakı formalarda həyata keçirilir:

sənaye məqsədilə ovun aparılması;

elmi tədqiqat və nəzarət məqsədilə ovun aparılması;

süni balıqartırma məqsədilə ovun aparılması;

iqlimləşdirilməsi məqsədilə ovun aparılması;

əmtəə məqsədilə nərə cinsli balıqların yetişdirilməsi.

3.2. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi nərə cinsli balıq ehtiyatlarından sənaye məqsədilə istifadə hüququnu müvafiq nəqliyyat, ov alətləri, istehsal və emal avadanlıqları olan, bu sahədə hökmran mövqe tutmayan hüquqi və fiziki şəxslərə verir.

4.1. Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatında olan hüquqi və fiziki şəxslər qanunvericiliklə müəyyən olunmuş qaydada nərə cinsli balıq məhsullarının istehsalı ilə məşğul ola bilərlər.

4.2. Nərə cinsli balıq və balıq məhsulları (o cümlədən, kürü) minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinə görə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab verdikdə, müvafiq qaydada sertifikatlaşdırıldıqda, mənşəyi barədə müvafiq sənədləri olduqda, habelə balıq məhsulları (o cümlədən, kürü) qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğun emal olunduqda, qablaşdırıldıqda, etiketləşdirildikdə, dövlət gigiyena qeydiyyatına alındıqda, nərə balıq və balıq məhsullarının qanuni yolla əldə edilməsi barədə sənədi (Bioloji və texnoloji əsaslandırmaya dair qeydiyyat şəhadətnaməsi, balıqovlama bileti) olan müəssisələr tərəfindən dövriyyəyə daxil edilə bilər.

Bu məhsulların (o cümlədən kürünün) dövriyyəsinə müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən nəzarət edilir və onların tələblərinə əsasən realizə edilən balıq və balıq məhsullarının mənşəyini, keyfiyyətini, təhlükəsizliyini, növünü və miqdarını təsdiq edən müşayiətedici sənədlər təqdim olunmalıdır.

4.3. Nərə balığı kürüsü qida məhsullarının qablaşdırılması və etiketləşdirilməsi tələblərinə uyğun ilkin qablara qablaşdırıldıqda (kürü ilə bilavasitə təmasda olan dəmir, şüşə və ya normativ sənəddə nəzərdə tutulmuş digər tara), habelə üstünə birdəfəlik istifadə edilən etiket yapışdırıldıqda (taraya xəsarətsiz çıxarılıb yapışdırılması mümkün olmayan etiketlər) və üzərində aşağıdakı göstəricilər əks olunduqda dövriyyəyə daxil edilir:

nərə cinsli balığın növü göstərilməklə kürünün miqdarı;

məhsulun eyniləşdirmə nömrəsi;

istehsalçı müəssisə haqqında məlumatlar;

kürünün saxlanma müddəti və şərtləri.

Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən nərə cinsli balıq məhsullarının (o cümlədən kürünün) üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır.

4.4. Dövriyyəyə daxil edilmiş kürü məhsulunun üzərində kürü ilə bilavasitə təmasda olan dəmir, şüşə və ya normativ sənəddə nəzərdə tutulmuş digər tara üzərində etiketlə yanaşı, birdəfəlik istifadə edilən, xəsarətsiz çıxarılıb yapışdırılması mümkün olmayan əlavə nişanlama tətbiq olunur.

4.5. Nərə cinsli balıqların ovu və emalı ilə məşğul olan hüquqi və fiziki şəxslər hər ayın sonunda nərə cinsli balıq və balıq məhsullarının dövriyyəsi ilə bağlı CİTES Konvensiyasının Azərbaycan Respublikası üzrə İnzibati Orqanına - Ekologiya və Təbii Sərvətlər Nazirliyinə hesabat təqdim etməlidir. Hesabatda dövriyyəyə çıxarılan nərə cinsli balıq və balıq məhsullarının (o cümlədən kürünün) növlər üzrə kimə, nə vaxt və hansı miqdarda realizə edilməsi ilə bağlı məlumatlar əks olunmalıdır.

Təqdim olunmuş hesabatlarda əks olunan məlumatların doğruluğunu yoxlamaq məqsədilə CİTES Konvensiyanın Azərbaycan Respublikası üzrə İnzibati Orqanı məhsulların saxlanma yerlərində inventarlaşdırma baxışı keçirir.

4.6. Nərə cinsli balıq və balıq məhsullarının (o cümlədən kürünün) ixracı CİTES Konvensiyasının qətnamələrinə, bu sahədə müəyyən olunmuş digər beynəlxalq tələblərə və Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktlarına uyğun fəaliyyət göstərən müəssisələr tərəfindən həyata keçirilir.

4.7. Nərə cinsli balıq və balıq məhsullarının (o cümlədən kürünün) ixracı CİTES Konvensiyasının qətnamələrinə, bu sahədə müəyyən olunmuş digər beynəlxalq tələblərə və Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktlarına uyğun həyata keçirilir.

4.8. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş balıq və digər su bioresurslarının qeyri-qanuni ovu və balıq məhsullarının dövriyyəsi ilə mübarizə aparan müvafiq icra hakimiyyəti orqanları məlumat mübadiləsini təmin edirlər. Tələb olunduqda, nərə cinsli balıqların qanunsuz ovu və dövriyyəsi barədə əldə edilmiş faktlar, onlara qarşı görülmüş tədbirlər, habelə nərə cinsli balıq məhsullarının (o cümlədən kürünün) ixracatçılarına icazələrin verilməsi, onların qeydə alınması barədə CİTES Konvensiyasının Azərbaycan Respublikası üzrə İnzibati Orqanı tərəfindən Konvensiyanın Katibliyinə məlumatlar və ya hesabatlar verilir.

4.9. CİTES Konvensiyasının tövsiyələrinə müvafiq olaraq nərə cinsli balıq kürüsünün ixracı yalnız Heydər Əliyev adına Bakı Beynəlxalq Aeroportundan həyata keçirilir.

5.1. Nərə cinsli balıq və balıq məhsulları (o cümlədən kürü) aşağıdakı hallarda dövriyyədən götürülür:

balıq və balıq məhsullarının qanuni yolla əldə edilməsi təsdiq olunmadıqda;

qanuni istehsalı və dövriyyəyə daxil edilməsi barədə sənədləri olmadıqda;

tərkibi qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab vermədikdə;

sertifikatlaşdırılmadıqda;

yararlılıq müddəti qurtardıqda;

istehlak keyfiyyəti itirildikdə;

gigiyenik qeydiyyata alınmasını təsdiq edən gigiyenik sertifikat olmadıqda;

qanunvericilik aktlarında nəzərdə tutulmuş digər hallarda.

5.2. Nərə cinsli balıq və balıq məhsullarının (o cümlədən kürünün) dövriyyədən götürülməsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə həyata keçirilir.

Kommersiya və qeyri-kommersiya məqsədləri üçün istehsal edilən, daxildə və xaricə realizə olunan kürünün universal nişanlama qaydası - CİTES Konvensiyasının tələblərinə uyğun hər ilkin qabın üzərində emal müəssisələri tərəfindən birdəfəlik istifadə edilən etiketin yapışdırılmasından ibarətdir və etiketlərdə aşağıdakılar əks olunmalıdır:

kürünün mənbəyinin kodu;

ölkənin ikihərfli İSO kodu;

emal müəssisəsinin dövlət qeydiyyatı kodu;

malın partiyasının eyniləşdirmə nömrəsi.

1. 12 sentyabr 2006-cı il tarixli 197 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 814)

2. 19 noyabr 2014-cü il tarixli 373 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 23 noyabr 2014-cü il, № 256; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1512)

3. 30 dekabr 2019-cu il tarixli 521 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 dekabr 2019-cu il, № 293, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №12, maddə 2101)

4. 8 may 2021-ci il tarixli 141 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 may 2021-ci il, № 100, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5, maddə 520)

5. 8 fevral 2024-cü il tarixli 76 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 9 fevral 2024-cü il, “Xalq” qəzeti, 11 fevral 2024-cü il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 2, maddə 208)

6. 16 sentyabr 2025-ci il tarixli 268 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 17 sentyabr 2025-ci il, “Xalq” qəzeti, 18 sentyabr 2025-ci il, № 199, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 9, maddə 868)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver