Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları istifadə edir:
nəşriyyat - əsas fəaliyyət sahəsi müəllifə sifariş verməklə və ya müəllifin (müəlliflik hüququ sahibinin) sifarişi ilə nəşriyyat məhsullarının hazırlanması, istehsalı və (və ya) yayımından ibarət olan ixtisaslaşmış mədəniyyət müəssisəsi;
dövlət nəşriyyatı - dövlət təşkilatlarının təsis etdiyi və yaxud onların təşkilat strukturlarına daxil olan nəşriyyatlar və nəşriyyat bölmələri;
qeyri-dövlət nəşriyyatları - xüsusi mülkiyyət və ya bələdiyyə mülkiyyəti əsasında yaradılmış nəşriyyatlar;
nəşriyyat işi - nəşriyyat məhsullarının hazırlanması, istehsalı və yayımı ilə məşğul olan hüquqi və fiziki şəxslərin təşkilati-yaradıcılıq və istehsalat-təsərrüfat fəaliyyətini əhatə edən ictimai münasibətlər sahəsi;
naşir - nəşriyyat məhsulunun istehsalını maddi-texniki cəhətdən təmin edən (maliyyələşdirən) nəşriyyat və yaxud əsas fəaliyyəti bu sahə ilə əlaqədar olmayan fiziki və ya hüquqi şəxs;
nəşriyyat məhsulu - çap üsulundan və formasından asılı olmayaraq nəşriyyatların (naşirlərin) sifarişi ilə istehlakçı üçün nəzərdə tutulan kitab, broşür, albom, plakat, buklet, açıqca, elektron nəşrlər və digər nəşriyyat məhsullarının məcmusu;
çap məhsulu - poliqrafiya müəssisələrində çap texnikası vasitəsilə hazırlanan dövri mətbu nəşrlər, nəşriyyat məhsulları (elektron nəşrlərdən başqa) və bütün növlərdən olan poliqrafiya məhsullarının məcmusu;
nəşriyyat məhsulunu istehsal edən - nəşriyyatın (naşirin) sifarişi əsasında nəşriyyat məhsulunun tirajının, yaxud tirajın bir hissəsinin istehsalını və buraxılışını təmin edən fiziki və ya hüquqi şəxs;
yayıcı - nəşriyyatla (naşirlə) müqavilə bağlamaqla, yaxud digər qanuni əsaslarla nəşriyyat məhsullarının yayılmasını və satışını həyata keçirilən fiziki və ya hüquqi şəxs;
sifarişçi - maliyyə obyektlərini üzərinə götürməklə nəşriyyat məhsulunun hazırlanmasını, istehsalını və yayımını sifariş edən fiziki və ya hüquqi şəxs;
tiraj - nəşr nüsxələrinin miqdarı;
kitabın beynəlxalq standart nömrəsi (İSBN) - hər hansı nəşriyyatın kitabının və ya broşürünün beynəlxalq standart eyniliyini müəyyən edən nömrə;
nəşr - nəşriyyat prosesindən keçirilərək texniki vasitələrin köməyilə sayı çoxaldılan yazılı və audiovizual formada bir dəfə, yaxud dəfələrlə yayılan nəşriyyat məhsulu;
redaktə - nəşriyyat (naşir) tərəfindən müəllifə (müəlliflərə və tərtibçilərə) verilmiş sifariş əsasında, yaxud müəlliflərin özünün təqdimatı ilə nəşriyyata daxil olmuş əsərin müəllifin razılığı ilə elmi, ədəbi, texniki və bədii cəhətdən təkmilləşdirilməsi, ixtisar, dəyişiklik, əlavə və düzəlişlər etməklə nəşrə hazırlanması;
nəşriyyat redaksiyası - nəşriyyat məhsullarının hazırlanması ilə məşğul olan, əsərləri çap üçün hazırlayan əsas struktur bölmə;
redaktor - nəşriyyatlarda çalışan, yaxud müqavilə əsasında kənardan cəlb olunan, nəşriyyat əlyazmasının mətnini elmi, ədəbi, texniki və bədii cəhətdən işləyib nəşrə hazırlayan aparıcı mütəxəssis;
nəşriyyat proqramı - nəşriyyatın nizamnaməsinə, istiqamətinə uyğun olaraq nəşriyyatın (naşirin) tərtib və təsdiq etdiyi rüblük, illik və çoxillik tematik layihə;
zəruri nəşrlər - siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən və dövlət ehtiyaclarını təmin etmək üçün nəzərdə tutulan üstün nəşrlər;
nəşriyyat işinin subyektləri - nəşriyyatlar (naşirlər), müəlliflər, poliqrafiya müəssisələri, nəşriyyat məhsullarının sifarişçiləri və yayıcıları;
kitabın pirat nüsxəsi – “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, kitabın hüquq sahibinin razılığı olmadan hazırlanan (istehsal edilən) və yayılan nüsxəsi.