“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 414 nömrəli Fərmanının 1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. “Azərbaycan Respublikasının ərazisində nəzarət-kassa aparatlarının tətbiq olunması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 28 dekabr tarixli 266 nömrəli Qərarı ləğv edilsin.
Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV
Bakı şəhəri, 1 avqust 2019-cu il
1.1. Nəzarət-kassa aparatlarının istismarı Qaydaları (bundan sonra – Qaydalar) “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 414 nömrəli Fərmanının 1.1.5-ci yarımbəndinin icrası məqsədilə hazırlanmışdır.
1.2. Bu Qaydalar Azərbaycan Respublikasının ərazisində tətbiq olunan nəzarət-kassa aparatlarının (bundan sonra – NKA) meyarları, uçotu, dövlət reyestri, onlara servis texniki xidmətin göstərilməsi, habelə NKA operatoruna dair tələblər və onların qeydiyyatı ilə bağlı qaydaları müəyyən edir və bununla bağlı yaranan münasibətləri tənzimləyir.
1.3. NKA-nın istismarında, o cümlədən uçotu və servis texniki xidmətində iştirak edən subyektlərə aşağıdakılar aiddir:
1.3.1. NKA-nın operatorları (bundan sonra – Operator);
1.3.2. NKA-nın istifadəçiləri (bundan sonra – İstifadəçi);
1.3.3. Vergilər Nazirliyi tərəfindən müsabiqə əsasında seçilən hüquqi şəxs;
1.3.4. Nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyası (bundan sonra – Komissiya);
1.3.5. Azərbaycan Respublikasının Vergilər Nazirliyi (bundan sonra – Nazirlik);
1.3.6. Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (bundan sonra – Agentlik).
1.4. Bu Qaydaların məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə edilir:
1.4.1. NKA - malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı aparılan pul hesablaşmaları barədə məlumatların toplanması, emal edilməsi, saxlanması və internet vasitəsilə ötürülməsi imkanına malik olan elektron avadanlıq və ya kompüter sistemləri.
NKA-lar aşağıdakı qruplara (kateqoriyalara) bölünür:
1.4.1.1. proqram təminatlı nəzarət-kassa aparatları – hesablama qurğusuna malik, proqram təminatı və əməliyyat sistemi ilə təchiz edilmiş avadanlıq;
1.4.1.2. proqram təminatlı portativ tipli nəzarət-kassa aparatları – hesablama qurğusuna malik, proqram təminatı və əməliyyat sistemi ilə təchiz edilmiş, öz enerji mənbəyinə malik olan və müvəqqəti olaraq xarici enerji mənbəyi olmadan işləyə bilən elektron avadanlıq;
1.4.2. proqram kassası – malların təqdim edilməsi (xidmətlərin göstərilməsi) zamanı aparılan əməliyyatlar üçün nəzərdə tutulmuş xüsusi proqram təminatı və ya proqram-aparat kompleksi;
1.4.3. nəzarət mexanizmi qurğusu – malların təqdim edilməsi (xidmətlərin göstərilməsi) zamanı aparılan hesablaşmalar barədə məlumatların Nazirliyin informasiya sisteminə ötürülənə qədər toplanması, emal edilməsi, saxlanması və internet bağlantısı yaranan kimi ötürülməsini, İstifadəçi və NKA-nın autentifikasiyasını və bu prosedurların həyata keçirilməsinə nəzarəti təmin edən qurğu;
1.4.4. Nəzarət-kassa aparatları operatorlarının internet portalı (bundan sonra – portal) – bu Qaydaların tələblərinin icrası məqsədilə Nazirlik tərəfindən yaradılmış rəsmi internet səhifəsi (www.e-kassa.gov.az);
1.4.5. Operator – NKA-nın təqdim edilməsi və təchizatını, nəzarət mexanizmi qurğusuna müvafiq proqram təminatının yazılmasını, habelə bu avadanlıq və qurğulara servis-texniki xidmətlərin göstərilməsini həyata keçirən Operator qismində qeydiyyatdan keçmiş rezident hüquqi şəxs;
1.4.6. İstifadəçi – malların təqdim edilməsi (xidmətlərin göstərilməsi) zamanı aparılan hesablaşmaları vergi orqanında uçota alınmış NKA vasitəsilə həyata keçirməli olan vergi ödəyicisi;
1.4.7. Akt – NKA-nın vergi orqanında uçota alınması və uçotdan çıxarılması, quraşdırılması, servis-texniki xidmət göstərilməsi, habelə nəzarət mexanizmi qurğusunun aktivləşdirilməsi zamanı Operator tərəfindən portal üzərindən qeydiyyata alınmaqla tərtib edilən sənəd;
1.4.8. açıq açarın texnoloji sertifikatı (bundan sonra – sertifikat) – NKA-nın zavod nömrəsi və ya seriya nömrəsi, modeli, nəzarət mexanizmi qurğusunun zavod nömrəsi və qeydiyyat nömrəsi, VÖEN, vergi ödəyicisinin adı, təsərrüfat subyektinin (obyektinin) uçot kodu, təsərrüfat subyektinin (obyektinin) adı, obyektin ünvanı, sertifikatın buraxılış və bitmə tarixinin istifadəçiyə aid olduğunu təsdiqləyən və Nazirlik tərəfindən göndərilən elektron fayl;
1.4.9. açıq açar – açıq açar kriptosistemində yalnız konkret nəzarət mexanizmi qurğusuna məxsus olan qapalı açara birləşdirilmiş hər kəsə məlum olan açar;
1.4.10. QR Code (Quick Response Code) – xüsusi qurğular vasitəsilə oxunan, hər hansı ictimai mənbəyə keçidi olan və Vergi Məcəlləsinin 50.8-ci maddəsində nəzərdə tutulmuş çekin bütün məlumatlarını keçid mənbədə əks etdirən optik ştrix-kod, malın sürətli məlumat kodu;
1.4.11. unikal identifikator – çekdə onaltılıq say sistemi üzrə simvollardan ibarət NKA-nın fiskal rejiminin nişanını kriptoqrafik məlumat mühafizəsi vasitəsindən istifadə etməklə formalaşdıran, nəzarət mexanizmi qurğusu tərəfindən tərtib edilmiş rəmzi sətir.
2.1. Azərbaycan Respublikasının ərazisində yalnız dövlət reyestrinə daxil edilmiş NKA modellərindən istifadə olunur.
2.2. NKA vahid şəkildə işləyən iki hissədən – proqram kassası və nəzarət mexanizmi qurğusundan ibarətdir.
2.3. Aşağıdakı meyarlara cavab verən NKA əhali ilə hesablaşmaların aparılmasında istifadə edilə bilər:
2.3.1. NKA-da aparılan əməliyyatların, çeklərin və onların formalaşma ardıcıllığının etibarlı uçotunu, habelə həmin məlumatların toplanması, emalı, saxlanması və internet bağlantısı yaranan kimi Nazirliyə ötürülməsini təmin edən proqram təminatı və əməliyyat sistemləri ilə təchiz edilən;
2.3.2. USB portu mövcud olan;
2.3.3. Vergi Məcəlləsinin 50.8-ci maddəsində nəzərdə tutulmuş NKA çekini çap etməyə imkan verən müvafiq çap qurğusu ilə təchiz edilən;
2.3.4. NKA üzrə dəyişdirilməyən zavod və ya seriya nömrəsinə malik olan;
2.3.5. internet resurslarına çıxış imkanlarına (GSM, Wi-fi, Ethernet və s. vasitəsilə) malik olan.
2.4. NKA ilə bağlı texniki tələblər Komissiya tərəfindən müəyyən edilir.
2.5. Vergilər Nazirliyi və ya onun tərəfindən müsabiqə əsasında seçilən hüquqi şəxs Operatoru nəzarət mexanizmi qurğusu ilə təmin edir. Nəzarət mexanizmi qurğusunun verilməsi bu Qaydalara əlavə olunmuş təhvil-təslim aktı (əlavə) ilə rəsmiləşdirilir.
2.6. Nəzarət mexanizmi qurğusu üçün sertifikat 3 il müddətinə verilir və bu müddət ərzində həmin nəzarət mexanizmi qurğusunun yeni NKA-ya quraşdırılmasına onda olan məlumatların Nazirliyə ötürülməsindən sonra yol verilir.
2.7. Nəzarət mexanizmi qurğusu aşağıdakıları təmin edir:
2.7.1. internet şəbəkəsinin olmadığı şəraitdə 7 gün ərzində NKA vasitəsilə aparılan əməliyyatlar barədə məlumatların saxlanılmasını;
2.7.2. məlumatların tamlığının və etibarlılığının qorunmasını;
2.7.3. məlumatların kriptoqrafiya üsullarından istifadə etməklə unikal identifikatorun formalaşmasını;
2.7.4. fəaliyyətə başladığı andan NKA çeklərinin sıra ardıcıllığının pozulmamasını;
2.7.5. çekin formalaşma tarixinə nəzarət edilməsini. Nəzarət mexanizmi qurğusu bu Qaydaların 2.7.1-ci yarımbəndində nəzərdə tutulmuş müddətdən sonrakı tarixə çekin formalaşmasına icazə vermir.
2.8. NKA çeki yalnız nəzarət mexanizmi qurğusu quraşdırıldığı halda və Operator tərəfindən göndərilmiş pin kod İstifadəçi tərəfindən daxil edildikdən sonra çap edilə bilər.
2.9. Aşağıdakı hallarda NKA-nın istifadəsinə icazə verilmir:
2.9.1. proqram kassası dövlət reyestrinə daxil edilmiş modelə nisbətdə dəyişdirildikdə;
2.9.2. unikal identifikatora malik çeki çap etmək mümkün olmadıqda;
2.9.3. proqram kassası yararsız hala düşdükdə;
2.9.4. proqram kassasının zavod və ya seriya nömrəsi dəyişdirildikdə;
2.9.5. proqram kassasının zavod və ya seriya nömrəsi açıq açarın texnoloji sertifikatında göstərilən nömrə ilə uyğun olmadıqda;
2.9.6. bu Qaydaların 2.7.1-ci yarımbəndində nəzərdə tutulan müddət ərzində nəzarət mexanizmi qurğusunda olan məlumatların Nazirliyə ötürülməsi mümkün olmadıqda;
2.9.7. nəzarət mexanizmi qurğusunda olan məlumatların dəyişdirilməsi məqsədilə hər hansı əməliyyatlar aparıldıqda;
2.9.8. nəzarət mexanizmi qurğusunun sertifikat müddəti bitdikdə və ya yararsız hala düşdükdə;
2.9.9. nəzarət mexanizmi qurğusu olmadıqda və ya onun məlumat saxlama imkanı tükəndikdə;
2.9.10. Komissiya tərəfindən müəyyən edilmiş NKA ilə bağlı texniki tələblər pozulduqda.
2.10. Bu Qaydaların 2.9-cu bəndində nəzərdə tutulan hallar aradan qaldırıldıqdan sonra NKA-nın istismarına icazə verilir.
3.1. Aşağıdakı tələblərə cavab verən hüquqi şəxs operator kimi qeydiyyatdan keçmək üçün müraciət edə bilər:
3.1.1. bank və ya digər ödəniş hesabına malik olmalı;
3.1.2. NKA istehsalçısı tərəfindən həmin NKA-ya servis-texniki xidmət göstərmək bacarığını təsdiq edən sənəd verilmiş ən azı 12 nəfər əməkdaşı olmalı;
3.1.3. NKA-ya servis-texniki xidmət göstərilməsi üçün Bakı şəhərində və digər regionlarda zəruri avadanlıqlarla təchiz edilmiş ümumi sayı ən azı 6 olan servis-texniki filial və ya məntəqəsi olmalı (5 servis-texniki filial və ya məntəqənin Bakı şəhəri istisna olmaqla Azərbaycan Respublikasının müxtəlif regionlarında olması şərtilə);
3.1.4. NKA-nın qanunda nəzərdə tutulmuş qaydada əldə edilməsini təsdiq edən sənədlər (o cümlədən gömrük bəyannaməsi) olmalı;
3.1.5. dövlət büdcəsinə vergilər, büdcədənkənar dövlət fondlarına məcburi dövlət sosial sığorta haqları, işsizlikdən sığorta haqları və icbari tibbi sığorta fonduna icbari tibbi sığorta haqları üzrə borcu olmamalı;
3.1.6. fasiləsiz (24/7) fəaliyyət göstərən çağrı mərkəzi olmalı;
3.1.7. proqram təminatlı avadanlıqlara servis-texniki xidmətin göstərilməsi və proqram təminatının işlənib hazırlanması sahəsində 3 (üç) ildən çox təcrübəyə malik olmalı;
3.1.8. son 5 (beş) il ərzində fəaliyyəti olmalı;
3.1.9. ən azı 2000 NKA ilə təmin olunacağı barədə NKA istehsalçısı tərəfindən təqdim olunan sənədi olmalı;
3.1.10. NKA-da istifadəsi nəzərdə tutulan proqram təminatına sahiblik hüququnu və mənbə kodlarının mövcudluğunu təsdiq edən sənədlərə malik olmalı.
3.2. Operator kimi qeydiyyatdan keçmək istəyən hüquqi şəxs portal üzərindən ərizə ilə Nazirliyə müraciət edir və onu gücləndirilmiş elektron imza ilə təsdiq edir. Müraciət zamanı ərizəyə müvafiq olaraq aşağıdakı sənədlər əlavə edilir:
3.2.1. bu Qaydaların 3.1.2-ci, 3.1.4-cü, 3.1.9-cu və 3.1.10-cu yarımbəndlərində nəzərdə tutulan sənədlər;
3.2.2. NKA modelinin texniki pasportunun surəti.
3.2-1. Bu Qaydaların 3.2-ci bəndində nəzərdə tutulan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər operator kimi qeydiyyatdan keçmək istəyən hüquqi şəxsdən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi operator kimi qeydiyyatdan keçmək istəyən hüquqi şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya operator kimi qeydiyyatdan keçmək istəyən hüquqi şəxs tərəfindən təmin edilir.
3.3. Operator kimi qeydiyyatdan keçmək istəyən hüquqi şəxsin bu Qaydaların 3.1-ci bəndində nəzərdə tutulan tələblərə uyğunluğu 5 iş günü müddətində yoxlanılır və həmin tələblərə cavab verən hüquqi şəxsə texniki sınaq və sertifikatlaşdırma üçün NKA modelinin bir nümunəsinin, NKA-nın texniki sənədlərinin əslinin (sənədlərin əsli xarici dildə olduqda onların Azərbaycan dilinə tərcümə edilmiş və notarial qaydada təsdiqlənmiş surəti), NKA-ya qanunsuz müdaxilələrin qarşısını almaq üçün istifadə edəcəyi nömrələnmiş stiker, plomb və möhür nümunələrinin, eləcə də NKA-ya xidmət edən texniki heyətin imza nümunələri və istifadə etdiyi ştampların nümunələrinin və Komissiya tərəfindən müəyyən edilən sənədlərin Komissiyaya təqdim edilməsi barədə bildiriş göndərilir.
3.4. Komissiyanın tapşırığına əsasən müraciətin edildiyi tarixdən 60 gün ərzində Nazirlik və ya onun müqavilə əsasında cəlb etdiyi hüquqi şəxs Operator kimi qeydiyyatdan keçmək istəyən hüquqi şəxs tərəfindən təqdim edilmiş NKA modelinin nümunəsinin texniki sınağını həyata keçirir. Keçirilmiş texniki sınağın nəticəsində hazırlanmış rəy Komissiya tərəfindən aidiyyəti üzrə baxılması üçün Agentliyə təqdim edilir. Agentlik 30 gündən gec olmayaraq təqdim edilmiş NKA modelinin nümunəsinin sertifikatlaşdırılmasını həyata keçirir və bu barədə Komissiyaya məlumat verir.
3.5. NKA sertifikatlaşdırıldıqdan sonra hüquqi şəxs Nazirlik tərəfindən Operator kimi qeydiyyatdan keçirilir, sertifikatlaşdırılmış NKA modelinin markası Dövlət Reyestrinə daxil edilir və 3 gün ərzində Operatorun elektron kabinetinə bu barədə bildiriş göndərilir.
3.6. 3.1-ci bənddə nəzərdə tutulan tələblərə cavab verməyən və (və ya) NKA modeli sertifikatlaşdırmadan keçməyən hüquqi şəxsin ərizəsi Operator kimi qeydiyyata alınmasından imtina üçün əsasdır. Operator kimi qeydiyyatdan keçirilməsindən imtina barədə bildiriş 3 gün ərzində müraciət edən hüquqi şəxsin elektron kabinetinə göndərilir.
3.7. Operatorun qeydiyyatının ləğvi üçün əsaslar aşağıdakılardır:
3.7.1. hüquqi şəxsin dövlət qeydiyyatı ləğv edildikdə;
3.7.2. Operator sahibkarlıq və digər vergi tutulan əməliyyatlarını 6 aydan çox müddətə müvəqqəti dayandırdıqda;
3.7.3. onun adına dövlət reyestrinə daxil edilən NKA modeli üzrə əldə etdiyi NKA-nın məlumatlarının 1 il müddətində Nazirliyin informasiya sisteminə daxil edilmədikdə;
3.7.4. istifadəçilərə meyarlara cavab verməyən NKA modeli təqdim edildikdə;
3.7.5. bu Qaydaların 3.1-ci bəndində və Komissiya tərəfindən müəyyən edilmiş nəzarət-kassa aparatlarının operatorlarına dair funksional tələblər və fəaliyyətinin təşkili üzrə təlimatda nəzərdə tutulan tələblərdən hər hansı biri pozulduqda;
3.7.6. İstifadəçiyə vergidən yayınması ilə əlaqədar şərait yaratdığı aşkar olunduqda;
3.7.6-1. NKA-nın istehsalçıdan əldə edilməməsi, həmçinin NKA-ların ölkəyə gətirilməsini təsdiq edən sənədin olmaması və ya qanunla müəyyən edilmiş qaydada tərtib edilməməsi aşkar edildikdə;
3.7.6-2. Operator tərəfindən dövlət reyestrinə daxil edilən NKA modelləri son 2 il müddətində vergi orqanında heç bir istifadəçinin adına uçota alınmadıqda;
3.7.7. öz müraciətinə əsasən.
3.8. Bu Qaydaların 3.7.1-ci və 3.7.7-ci yarımbəndlərində nəzərdə tutulmuş hallarda Operator servis-texniki xidmət göstərdiyi istifadəçilərə ləğvi barədə məlumat verir.
3.9. Bu Qaydaların 3.7.2-3.7.6-2-ci yarımbəndlərində nəzərdə tutulmuş hallarda Nazirlik tərəfindən istifadəçilərə Operatorun ləğvi barədə xəbərdarlıq bildirişi göndərilir.
3.10. İstifadəçi Operatorun ləğvi barədə məlumat aldıqdan sonra yeni Operatorla müqavilə bağlamalıdır.
3.11. İstifadəçi və servis-texniki xidmətin göstərilməsi barədə müqavilə bağlayan yeni Operator 3 gün ərzində portal üzərindən Nazirliyə bu barədə məlumat verir. Məlumatlar yoxlandıqdan sonra Nazirlik NKA, nəzarət mexanizmi qurğusu və İstifadəçi ilə bağlı məlumatlarda Operatorun dəyişdirilməsinə dair müvafiq düzəlişləri aparır. Yeni Operator servis-texniki xidmətin göstərdiyi NKA-da, o cümlədən zəruri texniki sazlama işlərini (müvafiq proqram təminatının yazılmasını və s.) həyata keçirir.
4.1. Operator sertifikatlaşdırılmış və dövlət reyestrinə daxil edilmiş model üzrə mövcud NKA barədə məlumatları (model və zavod nömrəsi) portal üzərindən Nazirliyin informasiya sisteminə daxil edir.
4.2. Operator dövlət reyestrində artıq mövcud olan NKA modelinin yalnız sertifikatlaşdırılması və Nazirliyin informasiya sisteminə daxil edilməsi üçün portaldan ərizə ilə müraciət edir.
4.3. Dövlət reyestrində artıq mövcud olan NKA-nın sertifikatlaşdırılması bu Qaydaların 3.4-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
4.4. İstifadəçi tərəfindən qanunla müəyyən edilmiş qaydada əldə edilmiş NKA-nın Nazirliyin informasiya sisteminə və (və ya) Dövlət reyestrinə daxil edilməsi üçün Nazirlikdə qeydiyyatdan keçmiş hər hansı Operatorla müqavilə bağlamalıdır.
4.5. Operator Nazirliyin informasiya sisteminə daxil edilmiş və nəzarət mexanizmi qurğusu ilə təchiz edilmiş NKA-nı yalnız vergi orqanında uçota alınmış təsərrüfat subyekti (obyekti) olan hüquqi şəxs və ya fərdi sahibkara təqdim edə bilər.
4.6. Nazirlik tərəfindən göndərilmiş sertifikatı Operator nəzarət mexanizmi qurğusuna yüklədikdən sonra aktla birlikdə İstifadəçiyə təqdim edir və nəzarət mexanizmi qurğusu İstifadəçi tərəfindən elektron kabinetdən aktivləşdirilir.
4.7. Nəzarət mexanizmi qurğusunun sertifikat müddətinin bitməsinə 7 gün qaldıqda Nazirlik tərəfindən Operator və İstifadəçinin elektron kabinetinə bu barədə bildiriş göndərilir. Nəzarət mexanizmi qurğusunun sertifikat müddəti bitdikdən sonra həmin nəzarət mexanizmi qurğusunda olan məlumatlar Operator tərəfindən Nazirliyə ötürülür və yeni sertifikat yüklənir.
4.8. NKA tətbiq edilməklə aparılan əməliyyatlar üzrə vergi orqanının informasiya sistemlərinə daxil edilən və vergi ödəyicisinin kommersiya sirrini təşkil edən məlumatlar və (və ya) vergi sirri vergi orqanları, onların vəzifəli şəxsləri tərəfindən qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla açıqlanmamalıdır.
5.1. İstismar zamanı NKA-da nasazlıqlar yarandıqda İstifadəçi vergi orqanlarına və Operatora dərhal bu barədə məlumat verir.
5.2. NKA nasaz vəziyyətdə olduqda, Operator bu barədə ona çağırış verildiyi andan 36 saatdan çox olmayan vaxt ərzində NKA-nın təmirini təmin etməlidir.
5.3. Proqram kassasında, habelə proqram kassası və nəzarət mexanizmi qurğusunda yaranmış nasazlığı bu Qaydaların 5.2-ci bəndində göstərilən müddətdə aradan qaldırmaq mümkün olmadıqda, aşağıdakı tədbirlər həyata keçirilir:
5.3.1. Operator NKA-nı dərhal ehtiyat NKA ilə əvəz edir və nasaz NKA təmirə aparılan zaman Operator və İstifadəçi nəzarət mexanizmi qurğusunda olan bütün məlumatların Nazirliyə ötürülməsini təmin edir;
5.3.2. təmirə göndərilmiş NKA-nın əvəzinə ehtiyat NKA-nın quraşdırılması üçün Operator portaldan Nazirliyə müraciət edir. Nəzarət mexanizmi qurğusunun əvəz edilmiş NKA-ya quraşdırılması üçün Nazirlik tərəfindən Operatora müvəqqəti sertifikat göndərilir. Operator sertifikatı müvəqqəti nəzarət mexanizmi qurğusuna yükləyərək aktla birlikdə İstifadəçiyə təqdim edir;
5.3.3. nasaz NKA-nın təmiri mümkün olmadıqda, Operator öz seçimindən asılı olaraq ehtiyat NKA-nı istifadə edə və ya onu yeni NKA ilə əvəz edə bilər. Ehtiyat NKA-nın istifadəsinə davam etdikdə, ehtiyat NKA-ya verilmiş müvəqqəti sertifikatın daimi sertifikata çevrilməsi üçün Operator tərəfindən Nazirliyə portal üzərindən müraciət göndərilir;
5.3.4. nasaz NKA təmir edildikdən sonra Operator tərəfindən vergi ödəyicisinə geri qaytarılır. Ehtiyat NKA-ya quraşdırılmış nəzarət mexanizmi qurğusunda olan məlumatlar Nazirliyə ötürülür. Ehtiyat NKA-nın təmirdən qayıtmış NKA ilə əvəz edilməsi ilə bağlı proseslər aktla rəsmiləşdirilir və bu barədə Nazirliyə məlumat verilir.
5.4. Nəzarət mexanizmi qurğusunda yaranmış nasazlığı bu Qaydaların 5.2-ci bəndində göstərilən müddətdə aradan qaldırmaq mümkün olmadıqda Operatora təqdim edilir və Operator tərəfindən yoxlanılması üçün Nazirliyə təqdim edilir. Nəzarət mexanizmi qurğusunda olan məlumatların dəyişdirilməsi məqsədilə hər hansı əməliyyatların aparılıb-aparılmaması Nazirlik tərəfindən yoxlanılır.
5.5. Nəzarət mexanizmi qurğusu yararsız hala düşdükdə yenisi ilə əvəz edilir.
6.1. Operator nəzarət mexanizmi qurğusunun yenisi ilə əvəz edilməsi üçün portaldan Nazirliyə ərizə ilə müraciət edir. Nazirlik tərəfindən ərizə yoxlanılır və yeni nəzarət mexanizmi qurğusu üçün Operatora sertifikat göndərilir. Operator sertifikatı yeni nəzarət mexanizmi qurğusuna yükləyərək aktla birlikdə İstifadəçiyə təqdim edir.
6.2. İstifadəçi elektron kabinetdən aktın nömrəsini daxil edərək nəzarət mexanizmi qurğusunu aktivləşdirir. Bu zaman Nazirlik tərəfindən yeni nəzarət mexanizmi qurğusunun aktivləşməsi və əvvəlki nəzarət mexanizmi qurğusunun passivləşdirilməsi barədə İstifadəçiyə məlumat göndərilir.
6.3. Passivləşdirilmiş və Nazirliyə məlumatları ötürməmiş nəzarət mexanizmi qurğusu barədə hər hansı əməliyyatların həyata keçirilməsi qadağandır.
7.1. Operatorun hüquqları:
7.1.1. bu Qaydalarla müəyyən edilmiş meyarlara və Komissiyanın müəyyən etdiyi texniki tələblərə cavab verən NKA-nın istehsalını, idxalını təşkil etmək və ya qanunla müəyyən edilmiş digər qaydada əldə etmək;
7.1.2. əldə etdiyi NKA modellərini Dövlət reyestrinə daxil etmək;
7.1.3. qanunla müəyyən edilmiş qaydada əldə etdiyi NKA modellərinin sertifikatlaşdırılmasında və texniki sınağında iştirak etmək;
7.1.4. qanunla müəyyən edilmiş qaydada əldə etdiyi NKA-nın istismarı haqqında məlumatları toplamaq, ümumiləşdirilmiş məlumatı Komissiyaya təqdim etmək;
7.1.5. bu Qaydalarla müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
7.2. Operatorun vəzifələri:
7.2.1. İstifadəçiyə təqdim edilməsindən əvvəl qanunla müəyyən edilmiş qaydada əldə etdiyi NKA-nın məlumatlarını portal vasitəsilə Nazirliyin informasiya sisteminə daxil etmək;
7.2.2. İstifadəçilər tərəfindən NKA-nın bu Qaydalara uyğun istismar edilməsini təmin etmək və bu Qaydaların tələblərinin pozulması faktları aşkar edildikdə Nazirliyə məlumat vermək;
7.2.3. nəzarət mexanizmi qurğusuna müvafiq proqram servislərinin və sertifikatın yazılmasını (inisializasiya, avtorizasiya) təmin etmək;
7.2.4. NKA-nın istismarı zamanı yaranmış problemlərin təhlilini həyata keçirmək və onların aradan qaldırılması barədə İstifadəçinin məlumatlandırılmasını təmin etmək;
7.2.5. NKA-ya dair texniki tələblər dəyişdikdə, xidmət göstərdiyi NKA-nın həmin texniki tələblərə uyğunlaşdırılmasını təmin etmək;
7.2.6. istifadəçilərə NKA-dan istifadə qaydalarını öyrətmək;
7.2.7. xidmət göstərdiyi NKA-nın bu Qaydalarla müəyyən edilmiş meyarlara və Komissiyanın müəyyən etdiyi texniki tələblərə uyğun olmasını dövri olaraq rübdə 1 dəfədən az olmamaqla yoxlamaq, işlək vəziyyətdə olmasını təmin etmək və Nazirliyə bu barədə məlumat vermək;
7.2.8. istifadəçilərə təqdim edilən NKA-nın dövlət reyestrinə daxil edilmiş model ilə eyniliyini təmin etmək;
7.2.9. NKA və nəzarət mexanizmi qurğusunun istifadəçilərin təsərrüfat subyektində (obyektində) quraşdırılmasını təmin etmək;
7.2.10. istifadəçilərə təqdim edilmiş NKA-ya servis-texniki xidmətlər göstərmək;
7.2.11. servis-texniki xidmət filiallarına və ya məntəqələrinə malik olmaq;
7.2.12. NKA məlumatlarının Nazirliyin informasiya sisteminə daxil edilməsi ilə bağlı aparılan bütün əməliyyatlar zamanı təqdim edilən məlumatların tamlığını, düzgünlüyünü, konfidensiallığını təmin etmək;
7.2.13. NKA-ya servis-texniki xidmətin göstərilməsi, xidmətin növlərini və qaydalarını müəyyənləşdirən sənədlər işləyib hazırlamaq və İstifadəçiyə təqdim etmək;
7.2.14. NKA-ya servis-texniki xidmət üçün tələbləri, onların sınaq metodlarını, servis-texniki xidmət qaydalarını müəyyənləşdirən sənədlər toplusunu, həmçinin sınaq, servis-texniki xidmət zamanı istifadə olunan ölçü vasitələri və avadanlıqların sənədləri fondunu yaratmaq və onları lazımi səviyyədə saxlamaq;
7.2.15. NKA servis-texniki xidmətə qoyulduqda, vergi orqanlarında uçota alındıqda, uçotdan çıxarıldıqda və digər hallarda onların sazlığı barədə akt tərtib etmək;
7.2.16. NKA-nın istismarı üçün İstifadəçi tərəfindən lazımi şəraitin yaradılmasının yerinə yetirilməsini yoxlamaq;
7.2.17. NKA-nın texniki pasportu (formulyarı) itdikdə, həmin sənədin dublikatını vermək (bu vaxt modelin adının və zavod nömrəsinin dəyişdirilməsinə icazə verilmir);
7.2.18. dövlət reyestrindən çıxarılmış və bərpası mümkün olmayan NKA modellərinin uçotdan çıxarılması üçün Nazirliyə müraciət etmək;
7.2.19. vergi orqanlarının əməkdaşlarının NKA ilə işləmək qaydalarının öyrədilməsini təmin etmək;
7.2.20. servis-texniki xidmətində olan NKA-nın keyfiyyəti, aşkar edilmiş çatışmazlıqları, istifadəçilərin təklif və iradları barəsində məlumatların yığılmasını, təhlil olunmasını və bu məlumatların Komissiyaya təqdim olunmasını təmin etmək;
7.2.21. NKA-nın servis-texniki xidməti ilə bağlı sənədlərin uçotu, saxlanılması və məhv edilməsini təşkil etmək;
7.2.22. NKA-nın müvafiq modellərinə göstərilən servis-texniki xidmət üzrə öz texniki heyətinin öyrədilməsini təşkil etmək;
7.2.23. nasaz NKA-nı dəyişdirmək üçün qanunla müəyyən edilmiş qaydada əldə etdiyi NKA-nın 20 faizi həcmində ehtiyata malik olmaq;
7.2.24. NKA-nın texniki pasportuna (formulyarına) onların istismara verilməsi, servis-texniki xidmət göstərilməsi, habelə aktivləşdirilmiş, istismar müddəti başa çatmış və ya nasaz hala düşmüş nəzarət mexanizmi qurğusu barədə məlumatları daxil etmək;
7.2.25. İstifadəçini Operatorun imzası və möhürü ilə təsdiq edilməklə texniki xidmət jurnalı və NKA-nın nasaz olduğu dövrdə aparılan əməliyyatların uçotu kitabı ilə təmin etmək, habelə istifadəçilərdə saxlanılan texniki xidmət jurnalında göstərilən servis-texniki xidmətlər barədə müvafiq qeydlər aparmaq;
7.2.26. NKA uçotdan çıxarıldıqda, nəzarət mexanizmi qurğusunda olan bütün məlumatların Nazirliyə ötürülməsini təmin etmək və bu barədə tərtib olunmuş aktda müvafiq qeydlər aparmaq;
7.2.27. nəzarət mexanizmi qurğusunu sazlayıb işə salmaq, tələb olunan hallarda dəyişdirmək;
7.2.28. vergi orqanlarında uçota alınmamış NKA-ya servis-texniki xidmət göstərməmək;
7.2.29. istifadəçilərə servis-texniki xidmətlərin həyata keçirilməsini təsdiq edən akt təqdim etmək;
7.2.30. Komissiyanın qərarlarını yerinə yetirmək;
7.2.31. bu Qaydalarla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
8.1. İstifadəçi bu Qaydaların 3.7-ci bəndində nəzərdə tutulan hallar istisna olmaqla, yalnız müqavilə bağladığı Operatorun xidmətlərindən istifadə edə bilər.
8.2. İstifadəçinin hüquqları:
8.2.1. vergi orqanlarında müəyyən edilmiş qaydada uçota alınması üçün NKA-nın müəyyən olunmuş modelini sifariş vermək;
8.2.2. NKA-nın istismar hazırlığını, servis-texniki xidmətinin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə Komissiyaya təkliflər vermək;
8.2.3. vergi orqanlarının və Operatorun səlahiyyətli nümayəndəsinin qeyri-qanuni hərəkətləri barəsində qanunla müəyyən edilmiş qaydada şikayət etmək.
8.3. İstifadəçinin vəzifələri:
8.3.1. NKA-nın uçotu və nəzarət mexanizmi qurğusunun aktivləşdirilməsi üçün gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş ərizə ilə Nazirliyə müraciət etmək;
8.3.2. məlumatların Nazirliyə ötürülməsi məqsədilə internet resurslarına çıxışı təmin etmək;
8.3.3. nəzarət mexanizmi qurğusunun saz vəziyyətdə olmasını təmin etmək;
8.3.4. NKA ilə əlaqədar olan sənədlərin uçotunun aparılmasını, saxlanılmasını və məhv edilməsini təşkil edir və bunun üçün ayrıca məsul şəxs təyin etmək;
8.3.5. öz əməkdaşının NKA ilə işləməsinin öyrədilməsini təmin etmək;
8.3.6. NKA-nın vergi orqanlarında uçota alınmasını və uçotdan çıxarılmasını təmin etmək;
8.3.7. dövlət reyestrinə daxil edilmiş NKA-dan istifadə etmək, texniki xidmət jurnalını və əməliyyatların uçotu kitabını Operatordan tələb etmək və NKA işləmədiyi dövrdə əməliyyatların uçotu kitabında müvafiq qeydlər aparmaq;
8.3.8. NKA-nın istismara hazırlıqla əlaqədar olan işlərini yalnız Operatorun nümayəndəsinin iştirakı ilə yerinə yetirmək;
8.3.9. NKA-nın işə salınmasında və işə salınma aktının tərtib edilməsində iştirak etmək;
8.3.10. NKA-nın istismar sənədlərinə və qüvvədə olan normativ aktlara uyğun istismarını təmin etmək;
8.3.11. Operator və vergi orqanları işçilərinin NKA istismarı zamanı nəzərdə tutulmuş qaydalara əməl olunması ilə bağlı göstərişlərini yerinə yetirmək;
8.3.12. vergi orqanları tələblərinə uyğun olaraq NKA servis-texniki xidməti ilə əlaqədar olan sənədləri təqdim etmək;
8.3.13. vergi orqanları və Operatorun səlahiyyətli nümayəndəsinin NKA-nın fəaliyyətinə baxış keçirilməsinin maneəsiz buraxılışını təmin etmək;
8.3.14. Operatorun bu Qaydaların tələblərinə uyğun olaraq NKA-ya servis-texniki xidmət göstərmələri üçün şərait yaratmaq;
8.3.15. NKA-nın istismarı zamanı istənilən nasazlıq meydana çıxarsa, bu barədə vergi orqanlarına və Operatora dərhal məlumat vermək;
8.3.16. pul hesablaşmaları aparılan zaman alıcıya çek təqdim etmək və həmin çekdə qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək;
8.3.16-1. təsərrüfat subyektlərində (obyektlərində) əhali ilə pul hesablaşmalarında, o cümlədən sifarişlərin idarə edilməsi, müştərilərin ödəməli olduğu yekun məbləğin hesablanmasında istifadə edilən və proqram təminatı və ya əməliyyat sistemi ilə təchiz edilmiş istənilən avadanlıq və qurğuların, o cümlədən istənilən xarakterli çap avadanlıqlarının NKA-ya tam inteqrasiya edilməsini təmin etmək;
8.3.17. bu Qaydalarla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
9.1. Komissiya öz işini “Nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 18 iyul tarixli 168 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən təşkil edir və onun aşağıdakı vəzifələri vardır:
9.1.1. NKA ilə bağlı texniki tələbləri və nəzarət-kassa aparatlarının operatorlarına dair funksional tələblər və fəaliyyətinin təşkili üzrə təlimatı müəyyən edir və onların təkmilləşdirilməsi barədə təkliflərə baxır;
9.1.2. Komissiya NKA-nın istismarının, servis-texniki xidməti və təmirinin tənzimlənməsi məsələləri barəsində qərarlar qəbul edir;
9.1.3. NKA-nın yeni modellərinin texniki sınağını və sertifikatlaşdırılmasını, həmçinin müdaxilə nəticəsində NKA modellərinin bu Qaydalarla müəyyən edilmiş meyarlara və Komissiyanın müəyyən etdiyi texniki tələblərə uyğun olmadığı aşkar edildiyi hallarda onların təkrar texniki sınağını təşkil edir;
9.1.4. NKA-ya dair texniki tələblərin təkmilləşdirilməsi barədə təkliflərə baxır, yeni tələbləri təsdiq edir, mənəvi köhnəlmiş və yeni tələblərə uyğun gəlməyən NKA üçün istismar müddətlərini müəyyən edir;
9.1.5. Azərbaycan Respublikasında istismarına icazə verilmiş NKA modelləri haqqında maraqlı təşkilatlara və şəxslərə məlumat verir;
9.1.6. Operatorun və NKA-nın bu Qaydalar və Komissiya tərəfindən müəyyən edilmiş tələblərə uyğun olub-olmadıqlarının qiymətləndirilməsini həyata keçirir;
9.1.7. NKA-nın istismarı və servis-texniki xidmət vəziyyətinə nəzarəti təşkil edir;
9.1.8. NKA-nın konkret modellərinin optimal istismar şəraitini, servis-texniki xidmətinin keyfiyyətini təyin etmək məqsədilə eksperimentlərin keçirilməsi barəsində qərarlar qəbul edir və onların həyata keçirilməsinə nəzarət edir;
9.1.9. Azərbaycan Respublikasında NKA-nın servis-texniki xidmət vəziyyəti haqqında məlumatın yığılmasını və təhlilini təmin edir;
9.1.10. NKA-nın istismarı və servis-texniki xidməti ilə əlaqədar olan şikayət və təkliflərə baxır.
10.1. Nazirlik aşağıdakı işləri həyata keçirir:
10.1.1. Azərbaycan Respublikası ərazisində istismarına icazə verilmiş NKA-nın elektron uçotunu aparır;
10.1.2. qeydiyyatdan keçmiş operatorlar barəsində Komissiya və Agentliyə məlumat verir;
10.1.3. Operatorların qeydiyyatını həyata keçirir;
10.1.4. NKA vergi orqanlarında uçota alınarkən vergi ödəyicisi və Operatorun NKA-ya dair daxil etdiyi məlumatların eyniliyini yoxlayır;
10.1.5. nəzarət mexanizmi qurğusunun etibarlılığının artırılması üçün tədbirlər görür;
10.1.6. NKA modellərinin dövlət reyestrini aparır və reyestrə daxil edilmiş modellər barədə məlumatı portalda yerləşdirir, habelə istifadəsi qadağan olunmuş və bərpası mümkün olmayan NKA modellərini dövlət reyestrindən çıxarır;
10.1.7. özü və ya müqavilə əsasında cəlb etdiyi hüquqi şəxs vasitəsilə NKA modellərinin texniki sınağını, həmçinin müdaxilə nəticəsində NKA modellərinin bu Qaydalarla müəyyən edilmiş meyarlara və Komissiyanın müəyyən etdiyi texniki tələblərə uyğun olmadığı aşkar edildiyi hallarda onların təkrar texniki sınağını həyata keçirir;
10.1.8. NKA-nın istismarı üçün bu Qaydalarla müəyyən edilmiş tələblərin yerinə yetirilməsini yoxlayır;
10.1.9. operatorların servis-texniki xidmətinin keyfiyyəti barədə irad və təkliflərini Komissiyaya təqdim edir;
10.1.10. vergi orqanlarının əməkdaşlarına NKA-nın tətbiqi ilə bağlı təlimlər təşkil edir;
10.1.11. nəzarət mexanizmi qurğusundan məlumatların ötürülməsi ilə bağlı texniki parametrləri müəyyən edir;
10.1.12. nəzarət mexanizmi qurğusundan ötürülən məlumatların fasiləsiz olaraq qəbulunu və emalını təşkil edir;
10.1.13. portalın işlək vəziyyətdə olmasını təmin edir;
10.1.14. bu Qaydaların 1.3.3-cü yarımbəndində nəzərdə tutulan hüquqi şəxsin müsabiqə əsasında seçilməsi qaydasını müəyyən edir;
10.1.14-1. Komissiya tərəfindən müəyyən edilmiş nəzarət-kassa aparatlarının operatorlarına dair funksional tələblər və fəaliyyətinin təşkili üzrə təlimatın yerinə yetirilməsini yoxlayır;
10.1.14-2. Operator qismində qeydiyyatdan keçmiş hüquqi şəxsin Operator kimi fəaliyyətini dövri olaraq təhlil edir və bu Qaydalarla müəyyən edilmiş tələblərə uyğunluğunu yoxlayır;
10.1.15. bu Qaydalarla müəyyən edilmiş digər funksiyaları həyata keçirir.
11.1. Agentlik aşağıdakı işləri yerinə yetirir:
11.1.1. NKA-nın servis-texniki xidmətinin düzgün aparılmasına nəzarət edir;
11.1.2. NKA-nın təmir, nəzarət, diaqnostika, sazlama və servis-texniki xidmətləri üçün istifadə edilən sınaq avadanlıqlarının və ölçü vasitələrinin vaxtında yoxlanmasını və attestasiya aparılmasını təmin edir;
11.2. Agentlik Komissiyanın tapşırığına əsasən:
11.2.1. NKA-nın yeni modellərini Nazirliyin və ya onun müqavilə ilə cəlb etdiyi hüquqi şəxsin verdiyi rəy əsasında 30 gündən gec olmayaraq sertifikatlaşdırır;
11.2.2. NKA-nın sertifikatlaşdırılmış parametrlərə və bu Qaydalarla müəyyən edilmiş meyarlara uyğun gəlmədikdə, həmin NKA modelinin dövlət reyestrindən çıxarılması barədə təkliflər verir;
11.2.3. NKA üçün aparılan təmirin keyfiyyətinə ekspert rəyini verir.
12.1. Bu Qaydaların tələblərinin pozulması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
Biz aşağıda imza edənlər___________________________________________________
______________________________________________________________________________
digər tərəfdən Operator _________________________________________________________
______________________________________________________________________________
aktı imzalamaqla təsdiq edirik ki, ____________________zavod nömrəli nəzarət mexanizmi qurğusu Operatora təhvil verilmişdir və o, bu qurğu ilə bağlı təqdim olunan məlumatların konfidensiallığı barədə məsuliyyət daşıyır.
Akt və aktın əlavəsi iki nüsxədə tərtib olundu. Aktın bir nüsxəsi Operatora təqdim edildi, digər nüsxəsi təhvil-təslim işlərinin aparıldığı hüquqi şəxsdə saxlanıldı.
1. 16 mart 2022-ci il tarixli 94 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 mart 2022-ci il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 271)
2. 30 yanvar 2024-cü il tarixli 55 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 1 fevral 2024-cü il, “Xalq” qəzeti, 4 fevral 2024-cü il, № 24, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 1, maddə 122)
3. 5 fevral 2024-cü il tarixli 68 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 6 fevral 2024-cü il, “Xalq” qəzeti, 7 fevral 2024-cü il, № 26, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 2, maddə 200)
4. 27 mart 2024-cü il tarixli 182 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 29 mart 2024-cü il, “Xalq” qəzeti, 31 mart 2024-ci il, № 66, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 3, maddə 359)
5. 30 iyul 2024-cü il tarixli 369 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 1 avqust 2024-cü il, “Xalq” qəzeti, 4 avqust 2024-cü il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, №7, maddə 930)
6. 22 sentyabr 2025-ci il tarixli 279 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 23 sentyabr 2025-ci il, “Xalq” qəzeti, 30 sentyabr 2025-ci il, № 209, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 9, maddə 879)