"Nəzarət kitabçası" haqqında Əsasnamənin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 sentyabr tarixli, 790 nömrəli Fərmanının 10-cu bəndinin 9-cu abzasının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Ədliyyə Nazirliyi, Vergilər Nazirliyi, Maliyyə Nazirliyi və Dövlət Statistika Komitəsi ilə razılaşdırılmış "Nəzarət kitabçası" haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, "Nəzarət kitabçası"nın çapı ilə bağlı maliyyə vəsaitinin ayrılmasını təmin etsin.
3. "Nəzarət kitabçası" haqqında Əsasnamənin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 2 mart tarixli, 31 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.
4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 13 dekabr 2002-ci il
1.1. Bu Əsasnamə "Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 sentyabr tarixli, 790 nömrəli Fərmanının 10-cu bəndinin 9-cu abzasının və 11-ci bəndinin 2-ci abzasının icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır.
1.2. Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən bütün sahibkarlıq subyektlərində (hüquqi və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdə) bu Əsasnaməyə əlavə edilmiş formaya uyğun olaraq "Nəzarət kitabçası" tətbiq edilir.
1.3. Sahibkarlıq subyektlərinin "Nəzarət kitabçası" ilə təmin edilməsi və onun reyestrinin aparılması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (bundan sonra - Nazirlik) tərəfindən dövlət büdcəsindən ayrılmış vəsait hesabına həyata keçirilir.
1.4. "Nəzarət kitabçası" fərdi nömrəyə malikdir. "Nəzarət kitabçası"nın çapı Nazirlik tərəfindən təşkil olunur. Bu Əsasnamənin mətni kitabçanın titul vərəqinin iç üzündə dərc edilir. "Nəzarət kitabçası"nın səhifələri mətbəə üsulu ilə nömrələnir.
1.5. Nazirlik sahibkarlıq subyektlərini, onların filial və nümayəndəliklərini, rəsmi müraciətlər əsasında və aidiyyəti dövlət orqanları vasitəsilə əvəzsiz olaraq "Nəzarət kitabçası" ilə təmin edir.
2. Nəzarət kİtabçalarının saxlanılması və ondan İstİfadə
2.1. Sahibkarlıq subyektlərində "Nəzarət kitabçası"nın saxlanılmasını obyektin rəhbəri və yaxud onun müavini, filial və nümayəndəliklərdə isə rəhbərlik tərəfindən müəyyən edilmiş şəxs təmin edir.
2.2. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada yoxlamalar həmin yoxlamanı aparan şəxsin adı, soyadı, atasının adı, vəzifəsi və təmsil etdiyi təşkilatın adı, yoxlamanın məqsədi, yoxlamaya hüquq verən sənədin tarixi və nömrəsi, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində yoxlamanın kodu, yoxlamaya başlanılan vaxt "Nəzarət kitabçası"na qeyd edildikdən sonra həyata keçirilir.
2.3. Qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada yoxlama aparmağa başlanan sahibkarlıq subyektlərində "Nəzarət kitabçası"nın olmaması qanuni yoxlamanın aparılmamasına əsas vermir. Bu halda yoxlama aparan şəxs yoxlamanın nəticəsinə dair tərtib etdiyi sənəddə bu barədə müvafiq qeyd aparmalı, yoxlanılan sahibkarlıq subyektinin rəhbəri isə qısa müddət ərzində müəyyən edilmiş qaydada "Nəzarət kitabçası"nı almalıdır.
2.4. Sahibkarlıq subyektlərində yoxlama aparan şəxslərin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan yoxlamaya hüquq verən sənədləri olmalıdır.
2.4-1. Sahibkarlıq sahəsində aparılan hər bir yoxlama sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın qeydiyyata alınması barədə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir.
2.5. Qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada dövlət orqanları tərəfindən sahibkarlıq subyektlərində həyata keçirilən bütün yoxlamalar "Nəzarət kitabçası"nda qeyd edilir.
2.7. Yoxlamanın nəticəsinə dair tərtib edilmiş sənədlər barədə "Nəzarət kitabçası"nda müvafiq qeydlər aparılır.
2.8. Yoxlamanın nəticəsi üzrə tərtib edilmiş sənədlərin eyni qüvvəyə malik bir nüsxəsi sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edilir, ikinci nüsxəsi isə yoxlama keçirən orqanın nümayəndəsində saxlanılır..
2.9. Sahibkarlıq subyektləri yoxlamanın nəticəsi ilə razılaşmadıqları hallarda, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsində nəzərdə tutulmuş qaydada yoxlamanı aparan orqanın qərarından Nazirliyə və məhkəməyə şikayət edə bilərlər.
2.10. "Nəzarət kitabçası" itirildikdə və yaxud istifadəyə yararsız hala salındıqda, sahibkarlıq subyekti onun dublikatının alınması haqqında Nazirliyə müraciət etdikdən sonra üzərində "Dublikat" sözü yazılmış yeni "Nəzarət kitabçası" ilə təmin olunur.
2.11. Yoxlayıcı orqanın nümayəndələri tərəfindən aparılmış, qeydiyyatlarla dolmuş "Nəzarət kitabçası" yeni kitabça alınarkən rəsmi qaydada Nazirliyə təhvil verilir və həmin kitabçalar 5 il müddətində Nazirlikdə saxlanır.
2.12. Bu Əsasnamənin 2-ci bəndində göstərilən tələblər yerinə yetirilmədən aparılan yoxlama qeyri-qanuni hesab edilir.
3. "Nəzarət kİtabçası" üzrə məlumatların ümumİləşdİrİlməsİ
3.1. Sahibkarlıq subyektləri hər altı aydan bir onlarda aparılan yoxlamaya dair məlumatları Nazirliyin yerli qurumları vasitəsi ilə Nazirliyə təqdim edir.
3.2. Nazirlik daxil olmuş məlumatları ümumiləşdirərək təhlil edir və bu haqda ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verir.
Yoxlama aparan şəxsin adı, atasının adı, vəzifəsi, təmsil etdiyi təşkilatın adı, ünvanı, əlaqə telefonu
Yoxlamanın aparılmasına hüquq verən sənədin tarixi və nömrəsi
Yoxlamanın aparılmasının məqsədi
Yoxlamanın məzmunu və yoxlama ilə əhatə olunan dövr
Yoxlamaya başlama vaxtı (tarix, saat). Yoxlamanı aparan şəxsin imzası
Aşkar edilən faktlar, yoxlamanın nəticəsi üzrə tərtib edilən sənədlər, görülmüş tədbirlər və nöqsanların aradan qaldırılmasına dair təkliflər
Yoxlamanın bitmə vaxtı (tarix, saat). Yoxlama aparan şəxsin imzası
Yoxlamanın nəticəsi üzrə tərtib edilmiş yekun sənədlərinin ona çatacaq nüsxələrini almasına dair sahibkarlıq subyekti rəhbərinin qeydi və imzası
Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində yoxlamanın kodu
1. 11 avqust 2008-ci il tarixli 180 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 779)
2. 16 iyun 2008-ci il tarixli 97 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 06, maddə 570)
3. 14 fevral 2014-cü il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 fevral 2014-cü il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №02, maddə 201)
4. 18 fevral 2015-ci il tarixli 40 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 fevral 2015-ci il, № 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №2, maddə 229)
5. 13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 may 2016-cı il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 955)
6. 26 yanvar 2024-cü il tarixli 49 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 29 yanvar 2024-cü il, “Xalq” qəzeti, 1 fevral 2024-cü il, № 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 1, maddə 116)