“Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının 1.2.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Nəzarətli göndəriş metodundan istifadə etməklə gömrük sərhədindən keçirilən mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış malların götürüldüyü hallar və bunun Qaydası” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 27 avqust 2013-cü il
1.1. Bu Qayda Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 217-ci maddəsinə əsasən hazırlanmışdır və nəzarətli göndəriş metodundan istifadə etməklə gömrük sərhədindən keçirilən mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış malların götürüldüyü halları və götürülmə qaydasını müəyyən edir.
1.2. Nəzarətli göndəriş qanunsuz dövriyyəyə daxil edilmiş ayrı-ayrı malların xarici dövlətlərin gömrük və digər səlahiyyətli orqanları ilə razılaşmalara və ya beynəlxalq müqavilələrə uyğun olaraq, əməliyyat-axtarış fəaliyyəti subyektlərinin nəzarəti altında gömrük ərazisinə gətirilməsi, bu ərazidən aparılması və ya tranzitlə keçirilməsi üzrə əməliyyat-axtarış tədbiridir.
1.3. Nəzarətli göndəriş metodundan istifadə etməklə gömrük sərhədindən keçirilən mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış mallar (bundan sonra - mallar) barədə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti əvvəlcədən məlumatlandırılır.
2.1. Gömrük sərhədindən keçirilən malların qanunsuz beynəlxalq dövriyyəsi ilə bağlı törədilən və ya hazırlanan cinayətlərin qarşısının alınması, açılması və dövriyyədə iştirak edən şəxslərin aşkar edilməsi nəzarətli göndərişin həyata keçirilməsinin məqsədləridir.
3.1. Nəzarətli göndəriş metodundan istifadə etməklə gömrük sərhədindən keçirilən mallar aşağıdakı hallarda götürülür:
3.1.1. malların nəzarət altında təyinat yerinə çatdırılması üçün kifayət qədər qüvvə, vəsait və təminat olmadıqda;
3.1.2. nəzarətli göndəriş metodundan istifadə edilməsinə zərurət aradan qalxdıqda;
3.1.3. nəzarətli göndəriş metodundan istifadə etməklə gömrük sərhədindən keçirilən mallar insanların həyat və sağlamlığına, habelə ətraf mühitə təhlükə yaratdıqda.
4.1. Gömrük sərhədindən keçirilən malların götürülməsi (tam və ya qismən götürülməsi və ya əvəz edilməsi) hər bir halda nəzarətli göndərişin həyata keçirilməsində iştirak edən xarici ölkələrin gömrük və ya digər səlahiyyətli orqanları ilə razılaşma əsasında həyata keçirilir.
4.2. Gömrük sərhədindən keçirilən malların götürülməsini Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən gömrük orqanlarının və əməliyyat-axtarış fəaliyyətinin digər subyektlərinin nümayəndələrindən ibarət yaradılan komissiya həyata keçirir. Malların götürülməsi komissiyanın bu Qaydanın əlavəsində göstərilən aktı ilə rəsmiləşdirilir.
4.3. Gömrük sərhədindən keçirilən malların götürülməsi gömrük sərhəd buraxılış məntəqələrində həyata keçirildiyi zaman komissiyanın tərkibinə müvafiq sərhəd nəzarət‑buraxılış məntəqəsinin əməkdaşları da daxil edilirlər.
4.4. Komissiyanın aktında aşağıdakılar göstərilir:
4.4.1. aktın tərtib edilmə tarixi və yeri;
4.4.2. malların götürülməsində iştirak etmiş şəxslərin soyadları, adları, atalarının adı, iş yerləri, vəzifələri, imzaları;
4.4.3. malların götürülməsi üçün əsas;
4.4.4. keçirilmə üsulu, saxlandığı tara, qablaşdırılma üsulu və digər zəruri məlumatlar göstərilməklə, götürülən malların adı və miqdarı;
4.4.5. malların götürülməsi üsulu (tam və ya qismən götürülməsi və ya əvəz edilməsi);
4.4.6. götürülmüş mallar barədə qəbul edilmiş qərar.
4.5. Malların götürülməsi zamanı foto və video çəkilişlərdən, yaxud digər texniki vasitələrdən istifadə edildikdə, həmin məlumat daşıyıcıları akta əlavə edilir.
4.6. Aktın surəti komissiyanın işində iştirak etmiş orqanların nümayəndələrinə verilir.
4.7. Gömrük sərhədindən keçirilən malların götürülməsi ilə müşayiət edilən nəzarətli göndərişin həyata keçirilməsinin ekspert-kriminalistik və operativ-texniki təminatı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə əməliyyat‑axtarış fəaliyyətinin digər subyektləri arasındakı razılaşmalar əsasında həyata keçirilir.
4.8. Götürülən mallar barədə qərar qəbul edilənədək, onlar gömrük orqanlarında saxlanılır.
İştirak etmiş şəxslər:
Malların götürülməsi üçün əsas ________________________________________________
_____________________________________________________________________________
Götürülən malların adı və miqdarı (keçirilmə üsulu, saxlandığı tara və ya qablaşdırılma üsulu, digər zəruri məlumatlar göstərilməklə) _____________________________________
______________________________________________________________________________
Malların götürülməsi üsulu (tam və ya qismən götürülməsi və ya əvəz edilməsi, qısa təsviri)
______________________________________________________________________________
Mallar barədə qəbul edilmiş qərar (rekvizitləri, qısa məzmunu) _____________________
______________________________________________________________________________
______________________________________________________________________________
Gömrük sərhədindən keçirilən malların götürülməsi zamanı foto və video çəkilişdən, yaxud digər texniki vasitələrdən istifadə haqqında qeyd____________________________
______________________________________________________________________________
______________________________________________________________________________
Qeyd_________________________________________________________________________
______________________________________________________________________________
1. 01 may 2015-ci il tarixli 146 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 5, maddə 632)
2. 12 mart 2024-cü il tarixli 137 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 13 mart 2024-cü il, “Xalq” qəzeti, 16 mart 2024-cü il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 3, maddə 314)