Qanunvericilik › “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi barədə (Prezidentin fərmanı, 16.02.2011) › Tam mətn

“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi barədə (Prezidentin fərmanı, 16.02.2011)

“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi barədə (Prezidentin fərmanı, 16.02.2011) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Konstitusiya Qanununun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:

1.1. 2012-ci il iyulun 1-dək:

1.1.1. qüvvədə olan qanunvericilik aktlarının “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə hər ayın sonunda hissə-hissə təqdim etsin;

1.1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının, normativ xarakterli aktların həmin Konstitusiya Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.2. beş ay müddətində mülki hüquq normalarını əks etdirən qanunvericilik aktlarının Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ziddiyyət təşkil etdikləri hissədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.3. üç ay müddətində:

1.3.1. həmin Konstitusiya Qanununun 92-ci maddəsində nəzərdə tutulmuş normativ hüquqi aktların icrasına nəzarəti və yoxlanılmasını həyata keçirən orqanlar (şəxslər) barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.3.2. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına baxılması, qəbul edilməsi və təsdiqi qaydası haqqında Əsasnamə”nin həmin Konstitusiya Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.3.3. yerli icra hakimiyyəti və yerli özünüidarə orqanlarının normativ xarakterli aktlarının hazırlanması və qəbul edilməsi qaydaları barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.3.4. Azərbaycan Respublikası Mərkəzi Bankının normativ xarakterli aktlarının hazırlanması və qəbul edilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

1.3.4-1. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının normativ xarakterli aktlarının hazırlanması və qəbul edilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

1.3.5. Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin fəaliyyətinin təmin edilməsi üçün zəruri tədbirlər görsün;

1.3.6. həmin Konstitusiya Qanunundan irəli gələn digər məsələləri həll etsin;

1.4. qanunvericiliyin təsirinin qiymətləndirilməsi məqsədi ilə:

1.4.1. hazırlanan hüquqi aktların layihələrinin və qüvvədə olan hüquqi aktların bu Fərmanın 1-1.1-ci bəndində nəzərdə tutulmuş qanunvericiliyin təsirinin qiymətləndirilməsi mexanizminə müvafiq olaraq monitorinqinin həyata keçirilməsi ilə bağlı tədbirlər görsün;

1.4.2. bu Fərmanın 1.4.1-ci yarımbəndinə uyğun olaraq aparılmış monitorinqin nəticələri ilə bağlı təkliflərini (məlumatlarını) bu Fərmanın 1-1.1-ci bəndində nəzərdə tutulmuş qanunvericiliyin təsirinin qiymətləndirilməsi mexanizminə müvafiq olaraq Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etsin.

1-1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası:

1-1.1. inkişaf etmiş xarici dövlətlərin qanunvericiliyin təsirinin qiymətləndirilməsi sahəsində mütərəqqi təcrübəsini nəzərə almaqla, qanunvericiliyin təsirinin qiymətləndirilməsi mexanizmi ilə bağlı təkliflərini dörd ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1-1.2. bu Fərmanın 1.4.2-ci yarımbəndinə uyğun təqdim olunacaq təklifləri (məlumatları) Administrasiyanın hüquq xidməti vasitəsilə ümumiləşdirərək Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1-1.3. Administrasiyanın hüquq xidməti vasitəsilə qanunvericiliyin təsirinin qiymətləndirilməsi üzrə işlərin əlaqələndirilməsini təmin etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki:

2.1. Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrini yaratsın;

2.2. bir ay müddətində hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi haqqında əsasnamənin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

3. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına, Milli Televiziya və Radio Şurasına və Məhkəmə-Hüquq Şurasına öz normativ xarakterli aktlarının hazırlanması və qəbul edilməsi qaydalarının Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə razılaşdırmaqla aidiyyəti üzrə müəyyən edilməsi tövsiyə edilsin.

4. Müəyyən edilsin ki:

4.1. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 48.7-ci və 95.2-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

4.1-1. həmin Konstitusiya Qanununun 48.7-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası nəzərdə tutulur;

4.2. həmin Konstitusiya Qanununun 78.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir;

4.3. həmin Konstitusiya Qanununun 4.1.3-cü və 80.0.2.3-cü maddələrində “maliyyə bazarlarının tənzimləyicisi” dedikdə, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti nəzərdə tutulur;

4.4. həmin Konstitusiya Qanununun 82.2-ci maddəsində “rəsmi internet informasiya ehtiyatı” dedikdə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) informasiya ehtiyatı nəzərdə tutulur.

5. Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaitinin istifadəsini nəzərdə tutan hüquqi aktların layihələri Azərbaycan Respublikası Maliyyə Nazirliyinin maliyyə ekspertizasının rəyi əlavə edilməklə Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir.

6. Azərbaycan Respublikasının dövlət dilində hüquqi aktlar rəsmi qəzetlərdə aşağıdakı qaydada dərc olunur:

6.1. Azərbaycan Respublikasının Konstitusiyası, referendumda qəbul edilmiş aktlar, Azərbaycan Respublikasının Konstitusiya qanunları, həmçinin onların tətbiqi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları – “Azərbaycan” və “Xalq ” qəzetlərində;

6.2. Azərbaycan Respublikasının qanunları və onların tətbiqi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları – “Azərbaycan” qəzetində;

6.3. bu Fərmanın 6.1-ci və 6.2-ci bəndlərində nəzərdə tutulmayan Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları – “Xalq ” qəzetində.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 fevral 2011-ci il

1. 10 aprel 2013-cü il tarixli 860 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 11 aprel 2013-cü il, № 74, “Azərbaycan” qəzeti, 14 aprel 2013-cü il, № 78, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 04, maddə 374)

2. 18 oktyabr 2016-cı il tarixli 1070 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 20 oktyabr 2016-cı il, № 231, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1629)

3. 18 iyul 2018-ci il tarixli 216 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 iyul 2018-ci il, № 158, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №7, I kitab, maddə 1502)

4. 15 aprel 2019-cu il tarixli 631 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 16 aprel 2019-cu il, № 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 631)

5. 12 noyabr 2022-ci il tarixli 1876 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 12 noyabr 2022-ci il, “Azərbaycan” qəzeti 13 noyabr 2022-ci il, № 247, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 11, maddə 1253)

6. 5 avqust 2023-cü il tarixli 2295 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 5 avqust 2023-cü il, “Azərbaycan” qəzeti, 6 avqust 2023-cü il, № 165, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 8, I kitab, maddə 1162)

7. 15 yanvar 2026-cı il tarixli 579 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 yanvar 2026-cı il, “Xalq” qəzeti, 16 yanvar 2026-cı il, № 9, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 1, maddə 27)

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver