20.1. Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları Azərbaycan Respublikası Prezidentinin aktına, habelə Azərbaycan Respublikası Konstitusiyasından, referendum aktından, Azərbaycan Respublikası qanunlarından və Azərbaycan Respublikası Prezidentinin aktlarından irəli gəldiyi halda Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktına əsasən, yalnız Azərbaycan Respublikası Prezidentinin aktları ilə onların səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə qəbul edilə bilər.
20.2. Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları qərarlar formasında qəbul edilir.
20.3. Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən qəbul edilən təlimatlar, əsasnamələr, nizamnamələr və qaydalar qərarlarla təsdiq edilir.
20.4. Normativ hüquqi akt mərkəzi icra hakimiyyəti orqanları tərəfindən qəbul olunduqda bu normativ hüquqi aktın qəbulu üçün bu Konstitusiya Qanununun 20.1-ci maddəsinə uyğun olaraq əsas olmuş akt göstərilməli və həmin aktın icrasını təmin etmək məqsədi ilə qəbul olunduğu qeyd edilməlidir.