Xüsusi notarius öz fəaliyyətini notariat hərəkətlərinin aparılması üçün münasib olan, özünə məxsus və ya icarəyə götürülmüş və müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış ayrıca yerdə həyata keçirməlidir.
Hər bir xüsusi notariusun ofisi olmalıdır. İki və ya daha çox notarius müvafiq icra hakimiyyəti orqanının razılığı ilə aralarında bağlanılmış müqavilə üzrə bir ofisdə fəaliyyət göstərə bilərlər. Bu müqavilədə notariat ofisinə rəhbərlik edilməsi, notariat hərəkətlərinin aparılmasına dair iş bölgüsü, notariusların vahid və ya hər bir notariusun cari bank hesabının açılması, kargüzarlıq və mühasibatlığın aparılması, habelə birgə fəaliyyət ilə bağlı digər məsələlər əks olunur.
Xüsusi notarius mülki-hüquqi müqavilələr və əmək müqavilələri (kontraktlar) bağlaya bilər, banklarda hesablaşma və digər hesablar, o cümlədən valyuta hesabı aça bilər.
Xüsusi notarius ödənişli əsaslarla müvafiq icra hakimiyyəti orqanı tərəfindən notariat hərəkətlərinin aparılması üçün tətbiq edilən blanklardan və bu Qanunun 43-cü maddəsində göstərilmiş notariat hərəkətlərinin qeydi üçün reyestrlərdən istifadə edir.
Notariat ofisinin işçilərinin əməyinin ödənilməsi, istirahət vaxtı və məzuniyyət hüquqları Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun müəyyən edilir.
Xüsusi notariusun ezamiyyətə və ya məzuniyyətə getməsi müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılır.
Xüsusi notariusun iş rejimi, xüsusi notariat ofisinin ştat cədvəli və xüsusi notarius tərəfindən işə qəbul olunan namizədlər müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılır.
Xüsusi notariusun köməkçisinin təyin olunması bu Qanunun 25-1-ci maddəsi ilə tənzimlənir.
Notariat fəaliyyətinin əsas məqsədi mənfəət əldə etməyə yönəlmir.
Vergilər və digər məcburi ödəmələr ödənildikdən sonra notariat hərəkətlərinin aparılmasına görə tutulan haqdan və bu Qanunun 20-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş xidmətlərə görə alınan haqdan qalan pul vəsaitləri xüsusi notariusun sərəncamında qalır.
Xüsusi notarius tərəfindən müraciət edən şəxslərin xahişi ilə onlarla notariat hərəkətlərinin iş vaxtından sonra, istirahət və ya bayram günlərində aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Notariat ofisinə gəlmədən əvvəlcədən verilmiş bildiriş üzrə notariat ofisindən kənarda, habelə iş vaxtından sonra, istirahət və ya bayram günlərində notariat hərəkətlərinin aparılmasına görə haqqın məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş meyarlar əsasında hər bir xüsusi notariusun özü tərəfindən müəyyən edilir.