Qanunvericilik › Notariat haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 29

Maddə 29. Notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə haqq

Notariat haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Notariuslar bu qanunun 17-ci maddəsinin birinci hissəsinin 6-8-ci bəndlərində nəzərdə tutulmuş notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə (məsləhətlərin verilməsi, əqdlərin, ərizələrin və digər sənədlərin layihələrinin tərtib edilməsi, texniki işlərin yerinə yetirilməsi) görə həmin hərəkətlərin aparılması üçün müəyyən edilmiş dövlət rüsumu məbləğində, bu qanunun 17-ci maddəsinin birinci hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə isə həmin hərəkətlərin aparılması üçün müəyyən edilmiş dövlət rüsumu məbləğinin 15 faizi miqdarında haqq tuturlar.

Notariuslar bu Qanunun 17-ci maddəsinin birinci hissəsinin 1-ci və 7-ci bəndlərində nəzərdə tutulmuş notariat hərəkətlərinin ölkə ərazisində real vaxt rejimində videoyazı vasitəsilə (bundan sonra - videoyazı vasitəsilə) rəsmiləşdirilməsinə görə həmin hərəkətlərin aparılması üçün müəyyən edilmiş dövlət rüsumu məbləğində haqq tuturlar.

Notariuslar bu Qanunun 49-cu və 67-ci maddələrində nəzərdə tutulan notariat hərəkətlərinin xaricdə olan şəxslə videoyazı vasitəsilə həyata keçirilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 16.6.1-ci və 16.6.6-cı maddələri ilə müəyyən edilmiş dövlət rüsumu məbləğində haqq tuturlar.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa görə notariat hərəkətlərinin aparılması üzrə dövlət rüsumunun ödənilməsindən azadolmalar tətbiq edilən hallarda notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə haqq tutulmur.

Notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə alınan və dövlət notariat ofislərinin və dövlət notariat arxivinin saxlanılması üçün Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının xüsusi hesabına daxil olan vəsaitlərdən istifadə edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalara uyğun həyata keçirilir.

Xüsusi notariuslar tərəfindən notariat hərəkətlərinin aparılmasına görə dövlət notariusları tərəfindən notariat hərəkətlərinin aparılması üçün müəyyənləşdirilmiş dövlət rüsumu miqdarında haqq tutulur. Bu Qanunun 29-cu maddəsinin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa görə notariat hərəkətlərinin aparılması üzrə dövlət rüsumunun ödənilməsindən azadolmalar tətbiq edilən hallarda xüsusi notariuslar tərəfindən bu haqq və notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə haqq tutulmur.

Notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə haqqın məbləğləri barədə məlumat lövhə şəklində hər bir dövlət notariat ofisinin, dövlət notariat arxivinin yerləşdiyi və ya xüsusi notariusun işlədiyi binanın (otağın) görkəmli yerində asılmalıdır.

Notarius iş yerindən kənarda notariat hərəkətlərini aparmaq üçün getdikdə faktiki nəqliyyat xərclərini maraqlı şəxslər (sosial xidmət müəssisələrinə yerləşdirilən şəxslər istisna olmaqla) ödəməlidirlər. Notarius nəqliyyat xərclərinin ödənilməməsinə görə sosial xidmət müəssisələrinə yerləşdirilən şəxslər tərəfindən verilən etibarnamələrin təsdiq edilməsinə dair notariat hərəkətlərini aparmaqdan imtina edə bilməz.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver