Notariat hərəkətləri barədə arayışlar və sәnәdlәr yalnız notariat hərəkətlərinin aparılmasını tapşırmış və ya barəsində notariat hərəkətləri aparılmış fiziki və hüquqi şəxslərə verilməlidir.
“Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada notariat hərəkətləri ilə bağlı məlumat və sənədlər maliyyə monitorinqi orqanına verilir.
Notariat hərəkətləri ilə bağlı sənədlər məhkəmə, istintaq və təhqiqat orqanlarının icraatında olan konkret cinayət və ya mülki işlərlə əlaqədar bu orqanların qərarı əsasında onlara verilir.
Konkret cinayət işləri ilə əlaqədar notariat sənədlərinin götürülməsindən əvvəl həmin orqanlar notariusu götürmə barədə qərarla tanış etməlidir. Notariat sənədlərinin götürülməsi müvafiq protokolla rəsmiləşdirilir və onun surəti notariusa verilir.
Notariat hərəkətləri ilə bağlı sənədlərin surətləri vəkilə onun yazılı sorğusu və orderi əsasında verilir.
Notariat hərəkətləri barədə məlumatlar məhkəmə, istintaq və təhqiqat orqanlarının icraatında olan konkret cinayət və ya mülki işlərlə əlaqədar həmin orqanların yazılı sorğuları, vəkilə isə onun yazılı sorğusu və orderi əsasında verilir.
Notarius, notariat hərəkətləri aparan digər vəzifəli şəxslər daşınmaz əmlakla bağlı müqavilələri təsdiqlədikdə və ya vərəsəlik şəhadətnamələri verdikdə, müvafiq sənədləri Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına göndərir.
Notariuslar, notariat hərəkətləri aparan digər vəzifəli şəxslər və xidməti vəzifələrini yerinə yetirmələri ilə əlaqədar notariat hərəkətlərindən xəbərdar olan şəxslər bu hərəkətlərin sirrini saxlamağa borcludurlar.
Nəqliyyat vasitəsinin icarə və ya digər əşya hüquqlarına dair müqaviləni, yaxud nəqliyyat vasitəsindən istifadə edilməsi və ya ona dair sərəncam verilməsi hüquqları ilə bağlı etibarnaməni təsdiq edərkən notarius müqavilənin və ya etibarnamənin təsdiq edilməsi barədə məlumatı, habelə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin VI-I hissəsinə uyğun olaraq fiziki şəxslərin qeydiyyatda olduğu və yaşadığı ünvanı, mobil telefon nömrəsi və olduğu halda elektron ünvanı və sürücülük vəsiqəsinin nömrəsi, hüquqi şəxslərin (dövlət qurumlarının) isə nəqliyyat vasitəsinin idarə edilməsini həvalə etdiyi şəxs barədə müvafiq məlumatları dərhal müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı texniki vasitələrdən istifadə etməklə həmin məlumatı bir gün müddətində müvafiq icra hakimiyyəti orqanına göndərir.
“Kredit büroları haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.10-cu və 16.1.11-ci maddələrində nəzərdə tutulmuş neqativ məlumatlar notariusların fəaliyyətlərinə aid olan hissədə müvafiq icra hakimiyyəti orqanı vasitəsilə Elektron Hökumət İnformasiya Sistemində yerləşdirilir.
Lisenziyanın və icazənin, onun dublikatının və əlavəsinin verilməsinin, lisenziyanın və icazənin yenidən rəsmiləşdirilməsinin, dayandırılmasının, bərpasının və ya ləğvinin elektron qaydada həyata keçirilməsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məlumatlar lisenziya və icazə verən orqan tərəfindən müvafiq icra hakimiyyəti orqanının “Elektron notariat” informasiya sistemi vasitəsilə yoxlanılır.
“İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 34-2.0.9-cu maddəsində nəzərdə tutulmuş məlumatlar “Elektron notariat” informasiya sistemindən sorğu əsasında real vaxt rejimində İcbari Sığorta Bürosuna ötürülür.
“İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar borclu şəxslərlə bağlı notariat hərəkətləri (vərəsəlik, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələr, müqavilələr və etibarnamələr) və vərəsəlik işlərinin açılıb-açılmaması barədə məlumatlar icra məmurlarına elektron sorğular əsasında real vaxt rejimində verilir.
“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kommersiya hüquqi şəxsləri üzrə nizamnamə kapitalındakı payın özgəninkiləşdirilməsi ilə bağlı müqavilələr, nizamnamə kapitalındakı payın vərəsəlik qaydasında digər şəxsə keçməsi, nizamnamə kapitalındakı payın yüklü edilməsi, təsisçisi və qanuni təmsilçisi eyni şəxs olan kommersiya hüquqi şəxsin təsisçisi öldükdə notariat orqanı tərəfindən mirasın qorunması üçün tədbirlər çərçivəsində əmlak idarəçisinin təyin olunması ilə əlaqədar məlumatlar Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) ötürülür.
Vəsiyyətnamələr haqqında arayışlar yalnız vəsiyyətçinin ölümündən sonra verilə bilər.
Notariat hərəkətləri sirrinin açılmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşımalıdırlar.
Notariat hərəkətlərinin aparılması ilə əlaqədar notariusa qarşı cinayət işi qaldırıldıqda məhkəmə onu sirri saxlamaq vəzifəsindən azad edə bilər.