Müvafiq icra hakimiyyəti orqanının qərarı ilə aşağıdakı hallarda xüsusi notarius vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılır:
1) qəsdən cinayət törətməyə görə təqsirləndirilən şəxs qismində cəlb edildikdə;
2) notarius 6 ayadək müddətdə əmək qabiliyyətini fasiləsiz olaraq itirdikdə;
3) notarius sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda;
4) notarius siyasi partiyada öz fəaliyyətini dayandırmadıqda.
Vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılmış xüsusi notarius notariat fəaliyyətinin icrasına buraxılmır və bu Qanunun 25-1-ci maddəsinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən onu əvəz edən şəxs təyin edilir.
Notarius sahibkarlıq fəaliyyəti ilə məşğul olması və siyasi partiyada öz fəaliyyətini dayandırması halları ilə bağlı vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıldıqda, bu halları 10 gün müddətində aradan qaldırmalıdır.
Xüsusi notariusun vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılması üçün mövcud olan əsaslar aradan qalxdıqda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən xüsusi notarius vəzifələrinin icrasına buraxılır.