“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.1.17-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti
1. “Ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidmətinin və hesab üzrə məlumat xidmətinin göstərilməsi zamanı ödəniş xidməti təchizatçıları arasında istifadə olunan şəbəkə kanalları üzrə Tələblər” təsdiq edilsin (əlavə olunur).
2. Maliyyə bazarlarının hüquqi təminatı departamentinə tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.
Bu Tələblər “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 62.7-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidmətinin, habelə hesab üzrə məlumat xidmətinin göstərilməsi zamanı ödəniş xidməti təchizatçıları arasında istifadə olunan şəbəkə kanallarının standartlaşdırılmış, təhlükəsiz və etibarlı fəaliyyətinin təşkil olunmasına dair tələbləri müəyyən edir.
2.1. Bu Tələblərdə istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. açıq məlumat – maliyyə sektoruna dair bu Tələblərin 5.2-ci bəndində nəzərdə tutulan açıq məlumatlar;
2.1.2. avtorizasiya – ödəniş xidməti təchizatçısının tələb olunan məlumatlara giriş hüququnun olmasının təsdiq edilməsi prosesi;
2.1.3. gücləndirilmiş müştəri autentikasiyası – autentikasiya məlumatlarının məxfiliyini qorumaq üçün hazırlanmış və birinin pozulması ilə digərlərinin etibarlılığını istisna etməyən, yalnız istifadəçinin bildiyi (şifrə, pin, suallar toplusu və s.), istifadəçiyə məxsus olan (üz tanınması, səs tanınması, barmaq izi və s.) və istifadəçinin sahib olduğu elementlərdən (mobil telefon, OTP, TOTP, elektron imza və s.) iki və ya daha çoxunun istifadəsinə əsaslanan autentikasiya;
2.1.4. hesab üzrə məlumat xidməti – ödəniş xidməti istifadəçisinin bir və ya bir neçə digər ödəniş xidməti təchizatçısı tərəfindən xidmət olunan ödəniş hesabları üzrə məlumatların onlayn təqdim edilməsi xidməti;
2.1.5. hesab üzrə məlumat xidməti təchizatçısı –ödəniş hesabları üzrə məlumat xidməti göstərən ödəniş xidməti təchizatçısı;
2.1.6. nəzarət subyektləri – maliyyə bazarlarını tənzimləyən qanunlarla Azərbaycan Respublikası Mərkəzi Bankının (bundan sonra - Mərkəzi Bank) nəzarət etdiyi subyektlər kimi müəyyən edilən şəxslər;
2.1.7. ödəniş hesabına xidmət edən ödəniş xidməti təchizatçısı – ödəniş xidməti istifadəçisinin ödəniş hesabı olan və ona ödəniş xidməti göstərən ödəniş xidməti təchizatçısı;
2.1.8. ödəniş əməliyyatının aparılması üçün vasitəçilik xidməti – ödəniş xidməti istifadəçisinin müraciəti əsasında onun digər ödəniş xidməti təchizatçısında açılmış ödəniş hesabı üzrə ödəniş sərəncamının verilməsi xidməti;
2.1.9. vasitəçi – ödəniş xidməti istifadəçisinə ödəniş əməliyyatının aparılması üçün vasitəçilik xidmətini göstərən ödəniş xidməti təchizatçısı;
2.1.10. ödəniş hesabına giriş interfeysi (bundan sonra - İnterfeys) – üçüncü tərəf təchizatçının ödəniş xidməti istifadəçisinin ödəniş hesabına girişi üçün hesaba xidmət edən ödəniş xidməti təchizatçısı tərəfindən təmin edilən interfeys;
2.1.11. ödəniş xidməti istifadəçisi – ödəyici və (və ya) vəsait alan qismində ödəniş xidmətlərindən istifadə edən şəxs;
2.1.12. üçüncü tərəf təchizatçı – hesab üzrə məlumat xidməti təchizatçısı və (və ya) vasitəçi;
2.1.13. tətbiqi proqramlaşdırma interfeysi (bundan sonra – API) – informasiya sistemləri arasında qarşılıqlı əlaqələrin qurulması mexanizmlərini müəyyən edən və proqram təminatlarının hazırlanması üçün istifadə olunan prosedur, protokol və alətlər dəsti;
2.1.14. API şlüz – bu Tələblər üzrə ödəniş xidməti təchizatçıları arasında məlumat mübadiləsini təmin edən vasitəçi proqram təminatı.
2.2. Bu Tələblərdə istifadə olunan digər anlayışlar Qanunda, habelə digər normativ hüquqi və normativ xarakterli aktlarda müəyyənləşdirilmiş mənaları ifadə edir.
3.1. İnterfeys aşağıda göstərilən ödəniş xidmətlərini dəstəkləyir:
3.1.1. ödəniş əməliyyatının aparılması üçün vasitəçilik xidməti;
3.1.2. hesab üzrə məlumat xidməti.
3.2. İnterfeysdə dəstəklənən xidmətlərlə bağlı bu Tələblərin 5.1-ci bəndində müəyyənləşdirilən istifadə halları üzrə əməliyyatlar icra oluna və 5.2-ci bəndində müəyyənləşdirilən məlumatlar əldə edilə bilər.
3.3. İnterfeysdə üçüncü tərəf təchizatçı ilə ödəniş hesabına xidmət edən ödəniş xidməti təchizatçısı arasındakı qarşılıqlı əlaqə və vahid məlumat mübadiləsi Mərkəzi Bank tərəfindən təqdim olunan API şlüz üzərindən həyata keçirilir.
4.1. İnterfeysin iştirakçıları ödəniş hesabına xidmət edən ödəniş xidməti təchizatçısı, üçüncü tərəf təchizatçı və Mərkəzi Bankdan ibarətdir.
4.2. Ödəniş hesabına xidmət edən ödəniş xidməti təchizatçısı:
4.2.1. Mərkəzi Bank tərəfindən müəyyən edilən texniki tələblərə uyğun olaraq azı bir İnterfeys yaradır və davamlı fəaliyyətini təmin edir;
4.2.2. üçüncü tərəf təchizatçının avtorizasiyasını və İnterfeysə girişini təmin edir;
4.2.3. İnterfeysdə istənilən üçüncü tərəf təchizatçının sorğu mesajlarını qəbul edir və müvafiq cavab mesajlarını üçüncü tərəf təchizatçıya göndərir.
4.3. Üçüncü tərəf təchizatçı:
4.3.1. ödəniş xidməti istifadəçisi adından bu Tələblərin 5.1-ci və 5.2-ci bəndlərində göstərilən istifadə halları üzrə xidmətləri icra edir;
4.3.2. təkmil sertifikatlı gücləndirilmiş elektron imza vasitəsilə avtorizasiya olunmaqla İnterfeysdən istifadə edir;
4.3.3. İnterfeysdə ödəniş hesabına xidmət edən ödəniş xidməti təchizatçısına sorğu mesajları göndərir və ödəniş hesabına xidmət edən ödəniş xidməti təchizatçısından müvafiq cavab mesajlarını alır.
4.4. API və İnterfeysdə məlumat mübadiləsi ilə bağlı Mərkəzi Bank tərəfindən müəyyən edilən texniki konfiqurasiyalar Mərkəzi Bankın rəsmi internet səhifəsi vasitəsilə açıqlanır.
4.5. Mərkəzi Bank öz rəsmi internet səhifəsində yaradılmış elektron kabinet vasitəsilə üçüncü tərəf təchizatçının API şlüzə qoşulmasını və müvafiq xidmətlər üzrə sınaqlar keçirməsini təmin edir.
4.6. İnformasiya təhlükəsizliyi üzrə yol verilmiş pozuntularla bağlı Mərkəzi Bankın icrası məcburi göstərişlərini icra etməmiş ödəniş xidməti təchizatçısı API şlüzə qoşula bilməz.
4.7. API şlüzə qoşulan iştirakçılar bu Tələblərə 1 nömrəli Əlavədə göstərilən qoşulma protokolunu imzalayırlar. Mərkəzi Bank yeni qoşulan iştirakçı haqqında digər iştirakçılara elektron və ya kağız daşıyıcıda məlumat göndərir.
4.8. Qanunun 23.3-cü və 24.3-cü maddələri nəzərə alınmaqla ödəniş hesabına xidmət edən ödəniş xidməti təchizatçısı üçüncü tərəf təchizatçıya bu Tələblərin 3.1-ci bəndində qeyd olunan xidmətləri göstərməyə imkan yaratmalıdır.
4.9. Üçüncü tərəf təchizatçının lisenziyası və ya qeydiyyatı ləğv edildikdə onun təkmil sertifikatlı gücləndirilmiş elektron imzası Mərkəzi Bank tərəfindən ləğv edilir.
4.10. Üçüncü tərəf təchizatçı İnterfeysdə avtorizasiya olunmadığı təqdirdə, ödəniş hesabına xidmət edən ödəniş xidməti təchizatçısı əməliyyatın icrasından imtina etməlidir.
5.1. İnterfeys ödəniş xidmətləri üzrə aşağıdakı istifadə hallarını dəstəkləyir:
5.1.1. ödəniş əməliyyatının aparılması üçün vasitəçilik xidmətindən istifadə edilməklə ödənişin həyata keçirilməsi;
5.1.2. ödəniş hesabı üzrə məlumat xidməti üzrə:
5.1.2.1. ödəniş hesabı üzrə məlumatın əldə edilməsi üçün razılığın alınması;
5.1.2.2. ödəniş hesablarının siyahısının əldə edilməsi;
5.1.2.3. ödəniş hesabının rekvizitlərinin əldə edilməsi;
5.1.2.4. ödəniş hesabının qalıq məbləği barədə məlumatının əldə edilməsi;
5.1.2.5. ödəniş hesabı üzrə əməliyyat məlumatlarının əldə edilməsi.
5.2. İnterfeys açıq məlumatlar üzrə aşağıdakı istifadə hallarını dəstəkləyə bilər:
5.2.1. maliyyə məhsul və xidmətləri (bundan sonra – maliyyə məhsulları) haqqında məlumatların əldə edilməsi;
5.2.2. nəzarət subyektləri haqqında məlumatların (filiallar və şöbələr, bankomatlar, və digər məlumatlar) əldə edilməsi;
5.2.3. manatın xarici valyutalara nisbətdə Mərkəzi Bank tərəfindən müəyyən edilmiş rəsmi məzənnəsi və banklar tərəfindən müəyyən edilmiş mübadilə məzənnəsi haqqında məlumatların əldə edilməsi.
6.1. Ödənişin həyata keçirilməsi istifadə halında üçüncü tərəf təchizatçı vasitəsilə ödəniş xidməti istifadəçisinin ödəniş hesabından ödənişlər həyata keçirilir.
6.2. Əməliyyat ödəniş xidməti istifadəçisi tərəfindən üçüncü tərəf təchizatçının öz interfeysində başladılır və daha sonra üçüncü tərəf təchizatçı tərəfindən İnterfeysdə həyata keçirilir.
6.3. Ödənişin həyata keçirilməsi zamanı ödəniş hesabına xidmət edən ödəniş xidməti təchizatçısı tərəfindən Qanunun 35-ci maddəsinə uyğun olaraq gücləndirilmiş müştəri autentikasiyası tətbiq edilir.
7.1. Üçüncü tərəf təchizatçı tərəfindən ödəniş hesabı üzrə məlumat xidmətinin yerinə yetirilməsi üçün ödəniş hesabına xidmət edən ödəniş xidməti təchizatçısı ödəniş xidməti istifadəçisinin razılığını almalıdır.
7.2. Razılığın alınması ödəniş xidməti istifadəçisi üçüncü tərəf təchizatçı tərəfindən ödəniş hesabına xidmət edən ödəniş xidməti təchizatçısının interfeysinə yönləndirilir və ödəniş xidməti istifadəçisinin gücləndirilmiş müştəri autentikasiyası vasitəsilə razılığı əldə edilərək bu barədə üçüncü tərəf təchizatçıya məlumat ötürülür.
7.3. Ödəniş xidməti istifadəçisinin razılığı bu Tələblərə 2 nömrəli Əlavədə göstərilən qaydada tərtib edilir.
7.4. Ödəniş xidməti istifadəçisinin razılığı ödəniş hesabı üzrə məlumat xidmətinin bütün istifadə halları üzrə əməliyyatların həyata keçirilməsi üçün əsas kimi çıxış edir.
7.5. Üçüncü tərəf təchizatçıya ödəniş hesabı məlumatlarına giriş hüququ verildiyi təqdirdə, bu hüququn qüvvədə olma müddəti və tezliyi ödəniş xidməti istifadəçisi tərəfindən razılıqda müəyyən edilir. Bu hüququn müddəti 90 (doxsan) gündən çox ola bilməz.
7.6. Ödəniş xidməti istifadəçisi razılıq verən zaman xidmət əldə etmək istədiyi ödəniş hesablarını seçməlidir.
7.7. Üçüncü tərəf təchizatçı ödəniş xidməti istifadəçisini razılıq şərtləri və razılığın verilməsi qaydası barədə əvvəlcədən aydın şəkildə məlumatlandırmalıdır.
8.1. Ödəniş hesablarının siyahısının əldə edilməsi istifadə halında ödəniş xidməti istifadəçisi tərəfindən üçüncü tərəf təchizatçı vasitəsilə bütün giriş hüququ verilmiş ödəniş hesablarının siyahısı əldə edilir.
8.2. Əməliyyat İnterfeysdə üçüncü tərəf təchizatçı tərəfindən başladılır. Bu əməliyyat ödəniş xidməti istifadəçisinin birbaşa iştirakını tələb etmir. Əməliyyat ödəniş xidməti istifadəçisinin daha əvvəl verdiyi razılıq əsasında aparılır.
9.1. Ödəniş hesabının rekvizitlərinin əldə edilməsi istifadə halında ödəniş xidməti istifadəçisi üçüncü tərəf təchizatçının öz interfeysində seçilmiş ödəniş hesabının rekvizitləri haqqında ətraflı məlumatı əldə edir.
9.2. Əməliyyat İnterfeysdə üçüncü tərəf təchizatçı tərəfindən başladılır. Bu əməliyyat ödəniş xidməti istifadəçisinin birbaşa iştirakını tələb etmir. Əməliyyat ödəniş xidməti istifadəçisinin daha əvvəl verdiyi razılıq əsasında aparılır.
10.1. Ödəniş hesabı üzrə qalıq məlumatının əldə edilməsi istifadə halında üçüncü tərəf təchizatçı bu məqsədlə edilmiş əməliyyat sorğusunda göstərilmiş ödəniş hesabı üzrə hesab qalığı məlumatını əldə edir.
10.2. Əməliyyat İnterfeysdə üçüncü tərəf təchizatçı tərəfindən başladılır. Bu əməliyyat ödəniş xidməti istifadəçisinin birbaşa iştirakını tələb etmir. Əməliyyat ödəniş xidməti istifadəçisinin daha əvvəl verdiyi razılıq əsasında aparılır.
11.1. Ödəniş hesabı üzrə əməliyyat məlumatlarının əldə edilməsi istifadə halında üçüncü tərəf təchizatçı bu əməliyyat sorğusunda göstərilmiş zaman aralığında müvafiq ödəniş hesabı üzrə həyata keçirilmiş ödəniş əməliyyatları barədə məlumatları əldə edir.
11.2. Əməliyyat İnterfeysdə üçüncü tərəf təchizatçı tərəfindən başladılır. Bu əməliyyat ödəniş xidməti istifadəçisinin birbaşa iştirakını tələb etmir. Əməliyyat ödəniş xidməti istifadəçisinin daha əvvəl verdiyi razılıq əsasında aparılır.
Maliyyə məhsulları haqqında məlumatların əldə edilməsi istifadə halında üçüncü tərəf təchizatçı bu əməliyyat sorğusu nəticəsində ödəniş hesabına xidmət edən ödəniş xidməti təchizatçısının təklif etdiyi maliyyə məhsulları haqqında məlumatları əldə edə bilər. Bu halda üçüncü tərəf təchizatçının avtorizasiyası tələb edilmir.
Nəzarət subyektləri haqqında məlumatların əldə edilməsi istifadə halında üçüncü tərəf təchizatçı bu əməliyyat sorğusu nəticəsində nəzarət subyektləri haqqında və ödəniş hesabına xidmət edən ödəniş xidməti təchizatçısı haqqında müvafiq olaraq Mərkəzi Bank və ödəniş hesabına xidmət edən ödəniş xidməti təchizatçısı tərəfindən təqdim olunan məlumatları əldə edə bilər. Bu halda üçüncü tərəf təchizatçının avtorizasiyası tələb edilmir.
Manatın xarici valyutalara nisbətdə Mərkəzi Bank tərəfindən müəyyən edilmiş rəsmi məzənnəsi və banklar tərəfindən müəyyən edilmiş mübadilə məzənnəsi haqqında məlumatların əldə edilməsi istifadə halında üçüncü tərəf təchizatçı bu əməliyyat sorğusu nəticəsində Mərkəzi Bank və ödəniş hesabına xidmət edən ödəniş xidməti təchizatçısı tərəfindən təqdim olunan məzənnələr haqqında məlumatları əldə edə bilər. Bu halda üçüncü tərəf təchizatçının avtorizasiyası tələb edilmir.
“Ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidmətinin və hesab üzrə məlumat xidmətinin göstərilməsi zamanı ödəniş xidməti təchizatçıları arasında istifadə olunan şəbəkə kanalları üzrə Tələblər”ə Əlavə 1
Tarix: ____________________
Üçüncü tərəf təchizatçı ilə ödəniş hesabına xidmət edən ödəniş xidməti təchizatçısı arasındakı qarşılıqlı əlaqə və vahid məlumat mübadiləsi üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təqdim olunan API şlüzə qoşulmaq məqsədilə____________________________________________ tərəfindən hazırkı protokolun
imzalanması təşkilatın “Ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidmətinin və hesab üzrə məlumat xidmətinin göstərilməsi zamanı ödəniş xidməti təchizatçıları arasında istifadə olunan şəbəkə kanalları üzrə Tələblər”ə, habelə API şlüz üzrə texniki konfiqurasiyalara uyğun fəaliyyət göstərəcəyi barədə yazılı iltizam sayılır.
“Ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidmətinin və hesab üzrə məlumat xidmətinin göstərilməsi zamanı ödəniş xidməti təchizatçıları arasında istifadə olunan şəbəkə kanalları üzrə Tələblər”ə Əlavə 2
Ödəniş hesabına xidmət edən ödəniş xidməti təchizatçısı: __________
Ödəniş xidməti istifadəçisinin soyadı, adı, atasının adı: __________
Ödəniş xidməti istifadəçisinin FİN nömrəsi: __________
Bununla “____________________________________________________”- ə razılıq verirəm ki,
(ödəniş hesabına xidmət edən ödəniş xidməti təchizatçısının adı)
________________ tarixindən _______________ tarixinədək hesab üzrə məlumat xidmətinin
(gün, ay, il) (gün, ay, il)
göstərilməsi üçün aşağıdakı ödəniş hesab(lar)ının siyahısı, ödəniş hesab(lar)ının rekvizitləri, ödəniş hesab(lar)ının qalıq məbləğ(lər)i barədə məlumat, ödəniş hesab(lar)ı üzrə əməliyyat məlumatları “___________________________________”-na təqdim olunsun:
(üçüncü tərəf təchizatçının adı)
Qeyd: Bu razılıq tərəfinizdən istənilən zaman geri götürülə bilər. Razılığın geri götürülməsi üçün “________________________________________________________________________”-
nın mobil tətbiqi və (və ya) internet səhifəsi vasitəsilə və ya yazılı ərizə ilə müraciət edə bilərsiniz.
Bu razılıq əsasında əldə edilən məlumatlar qanunvericiliklə müəyyən olunmuş qaydada məhv edilir və arxivləşdirilir.
Tarix: __________________