Qanunvericilik › “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”nın təsdiq edilməsi barədə (Mərkəzi bankın qərarı, 13.03.2024) › Tam mətn

“Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”nın təsdiq edilməsi barədə (Mərkəzi bankın qərarı, 13.03.2024)

“Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”nın təsdiq edilməsi barədə (Mərkəzi bankın qərarı, 13.03.2024) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikasının “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanununun 12.3-cü, 20.3-cü, 22.3-cü, 36.2-ci, 40.1.2-ci, 62.3.1-ci maddələrinə, “Bank olmayan kredit təşkilatları haqqında” Qanununun 15.1-ci maddəsinə və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunun 22.1.17-ci və 47.2-ci maddələrinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti

1. “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin “Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimat”nın təsdiq edilməsi barədə” 2013-cü il 17 sentyabr tarixli 19/1 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilsin.

3. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”nın təsdiq edilməsi barədə” 2012-ci il 10 iyul tarixli 16/3 nömrəli Qərarı ləğv edilsin.

4. Hüquq departamentinə tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

1.1. Bu Qayda “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 47.2-ci maddəsinə, “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanununa, habelə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Vergi Məcəlləsinə, Gömrük Məcəlləsinə, “Sosial sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Tibbi sığorta haqqında”, “Nağdsız hesablaşmalar haqqında” qanunlarına, icra qanunvericiliyinə, habelə digər normativ hüquqi aktlara uyğun olaraq hazırlanmışdır.

1.2. Bu Qayda ödəniş xidməti təchizatçıları tərəfindən ödəniş əməliyyatlarının aparılması və ödəniş xidməti təchizatçıları arasında hesablaşmaların həyata keçirilməsi qaydalarını, ödəniş alətlərinə dair tələbləri, elektron pulun valyutası, maksimum məbləği və bir emitentin emissiya etdiyi elektron pul üzrə öhdəliklərinin maksimum həcminə dair tələbləri, kiçik həcmli və eyniləşdirilməsi tələb olunmayan ödəniş alətlərinin meyarlarını, ödəniş terminalları vasitəsilə aparılan ödəniş əməliyyatlarını təsdiq edən məlumatlara dair tələbləri və məlumatların təqdim edilməsi qaydasını müəyyən edir.

1.3. Bank olmayan kredit təşkilatları tərəfindən kreditlərin verilməsi məqsədilə kredit kartlarının emissiyası bu Qaydanın tələblərinə uyğun həyata keçirilməli və kredit kartlarının bağlı olduğu ödəniş hesabları Azərbaycan Respublikası Mərkəzi Bankının (bundan sonra - Mərkəzi Bank) İdarə Heyətinin 4 fevral 2022-ci il tarixli 04/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”na uyğun olaraq açılmalıdır.

1.4. Ödəniş xidməti təchizatçısı (bundan sonra - təchizatçı) tərəfindən ödəniş əməliyyatlarının aparılması zamanı ödəyicinin və vəsait alanın, habelə benefisiar mülkiyyətçilərin müştəri uyğunluğu tədbirləri və bununla bağlı digər məsələlər “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə əməl edilməklə həyata keçirilir.

1.5. Təchizatçı tərəfindən maliyyə vəsaitlərinin elektron köçürülməsi zamanı Mərkəzi Bankın İdarə Heyətinin 22 fevral 2023-cü il tarixli 09/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Maliyyə vəsaitlərinin elektron köçürülməsi zamanı müştəri uyğunluğu tədbirlərinin tətbiq edilməsi Qaydası”nın tələblərinə də riayət edilməlidir.

1.6. Ödəniş əməliyyatı məsafədən və elektron formada aparıldıqda təchizatçı tərəfindən Mərkəzi Bankın müəyyən etdiyi gücləndirilmiş müştəri autentifikasiyası ilə bağlı tələblərə riayət edilməlidir.

1.7. “Qrant haqqında”, “Siyasi partiyalar haqqında” və “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq ödəniş hesabları üzrə qrant müqavilələri, qeyri-hökumət təşkilatı tərəfindən xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi, həmçinin siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının və xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin qəbul etdiyi ianələr ilə bağlı ödəniş əməliyyatları yalnız müvafiq olaraq qrant verilməsi və ya alınması haqqında müqavilənin (qərarın), xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilənin qeydə alınmasını və ya ianə barədə məlumatın təqdim edilməsini təsdiq edən sənəd təqdim olunduqda aparılır. Qrant müqavilələri (qərarları) ilə bağlı ödəniş əməliyyatlarına dair tələblər sub-qrantlara və qrant müqaviləsi (qərarı) üzrə əlavə müqavilələrin, habelə müqavilələrin (qərarların) müddətinin, məqsədinin, məbləğinin dəyişdirilməsi hallarına da şamil olunur.

1.8. Xarici valyutada ödəniş əməliyyatları valyuta qanunvericiliyinə əməl edilməklə həyata keçirilir.

1.9. Ödəniş xidməti təchizatçıları arasında hesablaşmaların təşkili ödəniş xidməti təchizatçıları arasında hesablaşmaların təşkilinə dair Mərkəzi Bankın normativ xaraklerli aktlarına uyğun olaraq həyata keçirilir.

1.10. Ödəniş əməliyyatlarının aparılması və ödəniş alətləri ilə bağlı bu Qayda ilə tənzimlənməyən digər məsələlər Qanunla və digər normativ hüquqi aktlarla tənzimlənir.

2.1. Bu Qaydalarda istifadə olunan anlayışlar aşağıdakı mənaları daşıyır:

2.1.1. ödəniş kartı (bundan sonra - kart) – nağdsız ödənişlərin aparılması və nağd pul vəsaitinin əldə edilməsi üçün istifadə edilən fiziki və ya virtual ödəniş aləti;

2.1.2. kart əsaslı ödəniş aləti – ödəyiciyə kartla ödəniş əməliyyatının aparılmasına imkan verən ödəniş aləti, o cümlədən kart, ödəniş tətbiqi yüklənmiş ödəniş vasitəsi (mobil cihaz, o cümlədən telefon və ya digər avadanlıq);

2.1.3. ödəniş tətbiqi - ödəyiciyə ödəniş sərəncamı verməyə və ödəniş əməliyyatlarını aparmağa imkan verən texnoloji avadanlığa yüklənmiş proqram təminatı;

2.1.4. emitent – ödəyici ilə bağlanmış müqavilə əsasında ödəyici üçün ödəniş əməliyyatının aparılmasına imkan verən ödəniş alətinin emissiyasını həyata keçirən təchizatçı;

2.1.5. ekvayer – ekvayrinq xidmətini həyata keçirən təchizatçı;

2.1.6. ekvayrinq - vəsait alan ilə müqavilə bağlayaraq ödəniş alətləri ilə aparılan və vəsaitlərin vəsait alanın xeyrinə köçürülməsi ilə nəticələnən əməliyyatlar üzrə məlumatların qəbulu və emalı və ya nağd pul vəsaitinin verilməsi üzrə təchizatçı tərəfindən göstərilən xidmət;

2.1.7. elektron pul - qəbul edilən pul vəsaiti məbləğində ödəniş xidməti istifadəçisinin sərəncamına verilən, elektron formada saxlanılan, ödəniş əməliyyatlarının həyata keçirilməsinə imkan verən və elektron pulun emitenti ilə yanaşı üçüncü şəxslər tərəfindən də ödəniş üçün qəbul edilən ödəniş aləti;

2.1.8. kart istifadəçisi – bu Qaydanın 10.1-ci bəndində nəzərdə tutulan ödəniş hesabının sahibi və ya kart əsaslı ödəniş alətindən istifadə etmək hüququ olan şəxs;

2.1.9. təsərrüfat subyekti - ekvayerlə bağlanmış müqavilə əsasında müvafiq olaraq ticarət, ictimai iaşə, məişət və digər növ xidmətlərin göstərilməsi zamanı müştərilərlə hesablaşmaların aparılması üçün ödəniş alətini qəbul edən şəxs;

2.1.10. avtorizə etmə – ödəniş əməliyyatının həyata keçirilməsi üzrə ödəniş xidməti istifadəçisinin təchizatçıya verdiyi razılıq;

2.1.11. korporativ kart – hüquqi şəxsin və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) sahibkarlıq fəaliyyəti ilə bağlı açılmış ödəniş hesabında olan pul vəsaitlərindən ödəniş əməliyyatlarının həyata keçirilməsinə imkan verən ödəniş aləti;

2.1.12. əvvəlcədən ödənilmiş ödəniş aləti – əvvəlcədən mədaxil edilmiş pul həcmində nağdsız ödənişlərin aparılması və nağd pul vəsaitinin əldə edilməsinə imkan verən kart və ya şəbəkə əsaslı elektron pul;

2.1.13. personalizasiya – kartın hazırlanması zamanı kart istifadəçisi haqqında məlumatların elektron daşıyıcıya (çipə) və (və ya) maqnit lentə yüklənməsi və kart üzərində eyniləşdirmə məlumatlarının çap olunması;

2.1.14. şəxsi eyniləşdirmə nömrəsi (bundan sonra - PIN-kod) – yalnız ödəniş xidməti istifadəçisinin bildiyi autentifikasiya elementi olmaqla, kart sahibinin eyniləşdirilməsində istifadə olunan gizli şifrə;

2.1.16. büdcə təsnifatının kodu - Azərbaycan Respublikası dövlət büdcəsinin, Naxçıvan Muxtar Respublikası büdcəsinin, yerli büdcələrin və büdcədənkənar dövlət fondlarının gəlirlərinin, xərclərinin və maliyyələşmə mənbələrinin funksional, iqtisadi, inzibati və digər prinsiplər əsasında qruplaşdırılmasının rəqəmlə ifadəsi;

2.1.17. büdcə səviyyəsinin kodu - Azərbaycan Respublikası dövlət büdcəsinin, Naxçıvan Muxtar Respublikası büdcəsinin, yerli büdcələrin və büdcədənkənar dövlət fondlarının Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən müəyyən edilən rəqəmlə ifadəsi;

2.1.18. təsərrüfat subyektinin ticarət kodu (MCC kod) - təsərrüfat subyektinin fəaliyyət sahəsinin təsnifləşdirilməsi üçün ekvayer tərəfindən təsərrüfat subyektinə təyin edilən kod.

2.1.19. AZQR kod – Azərbaycan Respublikasının ərazisində mal, iş və xidmətlərin dəyərinin ödənilməsi üçün formalaşdırılan QR kod;

2.1.20. statik AZQR kod – tərkibi aparılacaq ödəniş əməliyyatlarının məzmununa uyğun sabit məlumatlardan ibarət olan AZQR kod;

2.1.21. dinamik AZQR kod – tərkibi aparılacaq hər bir ödəniş əməliyyatının məzmununa uyğun dəyişən məlumatlardan ibarət olan AZQR kod;

2.1.22. AZQR kod təchizatçısı – AZQR kod vasitəsilə ödəniş əməliyyatlarının icrası üçün AZQR kodu formalaşdıran və (və ya) ödəniş xidməti istifadəçisini AZQR kodun oxunması funksionallığı ilə təmin edən Azərbaycan Respublikasında fəaliyyət göstərən təchizatçı.

2.2. Bu Qaydada istifadə olunan digər anlayışlar Qanunla müəyyən edilmiş mənaları ifadə edir.

3.1. Bu Qaydanın 3.2-ci bəndində nəzərdə tutulan hallar istisna olmaqla ödəniş əməliyyatı ödəniş xidməti istifadəçisinin ödəniş sərəncamına əsasən həyata keçirilir. Təchizatçı ödəniş əməliyyatını icra etməzdən əvvəl və ödəniş sərəncamını icra etdikdən sonra Qanunun müvafiq olaraq 16-cı və 17-ci maddələrinə uyğun olaraq ödəniş xidməti istifadəçisinə zəruri məlumatları təqdim edir.

3.2. Ödəniş xidməti istifadəçisinin sərəncamı olmadan ödəniş hesabından pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya təchizatçı ilə ödəniş xidməti istifadəçisi arasında müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir. Ödəniş hesabından pul vəsaitinin silinməsi ilə bağlı təchizatçılara məcburi icra orqanlarının, vergi və gömrük orqanlarının sərəncamlarının verilməsi və müvafiq sərəncamlar əsasında pul vəsaitlərinin silinməsi ilə bağlı ödəniş əməliyyatlarının aparılması bu Qaydanın 6-cı və 7-ci hissələrinin tələblərinə uyğun olaraq həyata keçirilir.

3.3. Ödəniş əməliyyatları aşağıdakılar vasitəsilə həyata keçirilir:

3.3.1. kredit köçürməsi (ödəniş tapşırığı);

3.3.2. birbaşa debitləşmə;

3.3.3. inkasso sərəncamları (Əlavə 3);

3.3.4. vergi və gömrük orqanlarının sərəncamları;

3.3.6. kart əsaslı ödəniş aləti;

3.3.7. qanunvericiliklə və təchizatçıların praktikasında tətbiq olunan işgüzar dövriyyə adətləri ilə nəzərdə tutulmuş digər ödəniş alətləri.

3.4. Ödəniş sərəncamı tərəflərin razılığı əsasında kağız daşıyıcıda və ya elektron formada verilə bilər.

3.5. Qanunvericiliyin tələbləri nəzərə alınmaqla təchizatçı və ödəyici ödəniş alətləri vasitəsilə həyata keçirilən ödəniş əməliyyatlarının maksimum məbləğini qarşılıqlı şəkildə müəyyən edə bilər.

3.6. Ödəniş sərəncamının geri götürülməsi Qanunun 28-ci maddəsi və təchizatçı ilə ödəniş xidməti istifadəçisi arasında bağlanılan müqavilə ilə tənzimlənir.

3.7. Təchizatçı daha artıq müddət müəyyən etmədikdə, kağız daşıyıcıda verilən ödəniş sərəncamları yazıldığı gündən (yazılma günü nəzərə alınmadan) 3 (üç) iş günü ərzində təchizatçıya təqdim edilir. Bu müddət bitdikdən sonra təqdim olunan ödəniş sərəncamları icraya qəbul edilmir. Ödəniş sərəncamı poçt rabitəsi vasitəsi ilə təchizatçıya göndərildikdə müddət ödəniş sərəncamının poçta verilmə tarixini göstərən poçtun ştampına əsasən müəyyən olunur.

3.8. Ödəyici ödəniş sərəncamı verdikdə, ödəniş əməliyyatı avtorizə edilmiş hesab olunur. Təchizatçı ödəniş sərəncamı qüsurlu olmadıqda, habelə ödəyici ilə bağlanılmış müqavilə ilə müəyyən edilmiş bütün şərtlər yerinə yetirildikdə avtorizə edilmiş ödəniş sərəncamını icraya qəbul edir.

3.9. Ödəniş sərəncamları aşağıdakı hallarda qüsurlu sayılır:

3.9.1. bu Qaydanın 3.7-ci bəndində göstərilmiş müddət keçdikdə;

3.9.2. ödəniş sərəncamının rekvizitlərində uyğunsuzluq olduqda;

3.9.3. ödəniş sərəncamı natamam doldurulduqda, o cümlədən ödənişin təyinatı göstərilmədikdə;

3.9.4. rəqəmlə və yazı ilə göstərilən məbləğlər arasında uyğunsuzluq olduqda;

3.9.5. üzərində düzəliş və ya pozulmalar edildikdə;

3.9.6. nüsxələr arasında uyğunsuzluq olduqda;

3.9.7. ödəniş sərəncamında və imza nümunələri vərəqəsində qeyd olunmuş imzalar arasında uyğunsuzluq olduqda;

3.9.8. möhür olmadıqda və ya uyğun gəlmədikdə (imza və möhür nümunələri vərəqəsində nəzərdə tutulduğu halda). Bu tələb müvəqqəti olaraq möhür olmadan ödəniş sərəncamlarının rəsmiləşdirildiyi hallara şamil edilmir.

3.10. Təchizatçı Qanunun 27-ci maddəsinə uyğun olaraq ödəniş sərəncamının icrasından imtina edə bilər. Bu halda imtinanın səbəbləri və mövcud çatışmazlıqlar haqqında ödəniş xidməti istifadəçisi ən geci növbəti iş günü məlumatlandırılır, bu şərtlə ki, qanunla belə məlumatların verilməsi qadağan edilməsin.

3.11. Kağız daşıyıcıda olan ödəniş sərəncamlarının üzərində vurulan ştampda təchizatçının (filial və ya şöbənin) adı və ştampın vurulma tarixi əks olunur.

3.12. Eyni əməliyyat günündə bir ödəniş xidməti istifadəçisi tərəfindən icraya təqdim olunan ödəniş sərəncamları təkrarlanmayan nömrəyə malik olmalıdır.

3.13. Ödəniş sərəncamlarının icra müddətləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 959-cu maddəsi və Qanunun 29-cu maddəsi ilə tənzimlənir.

3.14. İcraya qəbul edilmiş ödəniş sərəncamları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 965-ci maddəsində nəzərdə tutulmuş növbəlilik qaydasında icra edilir.

3.15. Kağız daşıyıcısında tərtib olunan ödəniş hesabından çıxarış təchizatçının məsul şəxsinin imzası və bu Qaydanın 3.11-ci bəndində nəzərdə tutulan məlumatları əks etdirən ştampı ilə təsdiq olunur. Ödəniş xidməti istifadəçisinin tələbi ilə ödəniş hesabından çıxarışa ödəniş əməliyyatını müşayiət edən sənədlər təchizatçının məsul şəxsinin imzası və ştampı ilə təsdiq edilməklə əlavə olunur.

3.16. Elektron ödəniş sərəncamlarının qəbulu və icrası Qanunun və bu Qaydanın müvafiq tələbləri nəzərə alınmaqla təchizatçının daxili qaydalarına uyğun olaraq həyata keçirilir.

3.17. Ölkə daxilində aparılmış ödəniş əməliyyatları haqqında məlumatların ötürülməsi, toplanması, emalı və klirinqi, həmçinin ödəniş alətinin emissiyasına və ekvayrinqinə texniki xidmət göstərilməsi ölkə daxilində həyata keçirilir.

3.17-1. Kartlar vasitəsilə aparılmış əməliyyatlar haqqında məlumatların toplanması, emalı və ötürülməsinə, həmçinin kart emissiyasına və ekvayrinqinə texniki xidmət göstərilməsi üzrə fəaliyyəti həyata keçirən ödəniş sistemlərinin operatorları və banklar arasında kartlar vasitəsilə ölkə daxilində aparılmış əməliyyatlar üzrə məlumatların ötürülməsi, emalı və klirinqi Mərkəzi Bank tərəfindən həyata keçirilir.

3.18. Təchizatçılar və ödəniş sistemi operatorları ilə ölkə xaricində fəaliyyət göstərən ödəniş sistemi operatorları arasında ölkə daxilində aparılan əməliyyatlar (elektron ticarət vasitəsilə mal, iş və ya xidmətlərin dəyərinin ödənildiyi ölkədaxili əməliyyatlar istisna olmaqla) barədə birbaşa məlumat mübadiləsi aparıla bilər, bu şərtlə ki, həmin əməliyyatların belə mübadilə olmadan həyata keçirilməsi mümkün olmasın.

3.19. Fiziki şəxslərin ölkədaxili ödəniş xidməti təchizatçılararası milli valyutada pul vəsaitlərinin köçürülməsi Mərkəzi Bankın operatoru olduğu Ani ödənişlər sistemi (bundan sonra – AÖS) vasitəsilə həyata keçirilir.

3.20. Fiziki şəxslərin ölkədaxili ödəniş xidməti təchizatçılararası milli valyutada pul vəsaitlərinin köçürülməsi Mərkəzi Bankın operatoru olduğu AÖS-dən fərqli ödəniş sistemi vasitəsilə həyata keçirilə bilər, bu şərtlə ki, həmin əməliyyatların AÖS vasitəsilə həyata keçirilməsi mümkün olmasın.

3.21. AZQR kod təchizatçısı ödəyicini AZQR kodun oxunması funksionallığı və xidmət göstərdiyi təsərrüfat subyektini bu Qaydanın 15-ci hissəsinin tələblərinə uyğun QR kodla ödənişlərin qəbul edilməsi imkanı ilə təmin edir.

3.22. Ödəniş xidməti istifadəçisinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 41.2-ci maddəsinə uyğun olaraq alınan yazılı razılığına əsasən “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 39.1.5-ci maddəsi nəzərə alınmaqla təchizatçı ödəniş alətinin fiziki olaraq ödəniş xidməti istifadəçisinə çatdırılması zamanı üçüncü şəxslərin xidmətlərindən istifadə edə bilər.

4.1. Kredit köçürməsi ilə ödəniş əməliyyatının aparılması zamanı ödəyiciyə xidmət göstərən təchizatçı ödəyicinin kredit köçürməsində qeyd olunmuş məbləğdə pul vəsaitini ödəyicinin qeyd etdiyi vəsait alanın ödəniş hesabına köçürür.

4.1-1. Kredit köçürməsi üzrə ödəniş sərəncamında azı aşağıdakılar olmalıdır:

4.1-1.1. ödəyicinin adı (fiziki şəxsin adı, soyadı, atasının adı (şəxsiyyəti təsdiq edən sənəddə müəyyən olunduqda) və VÖEN-i (köçürmə sahibkarlıq fəaliyyəti ilə bağlı olduqda), hüquqi şəxsin adı, təşkilati hüquqi forması və VÖEN-i (olduqda));

4.1-1.2. vəsait alanın adı (fiziki şəxsin adı, soyadı, atasının adı (şəxsiyyəti təsdiq edən sənəddə müəyyən olunduqda) və VÖEN-i (məlum olduqda), hüquqi şəxsin adı, təşkilati hüquqi forması (məlum olduqda) və VÖEN-i (Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş vergi ödəyicisi olduqda));

4.1-1.3. ödəyici və vəsait alanın hesab nömrəsi;

4.1-1.4. ödəyici və vəsait alanın təchizatçılarının, həmçinin vasitəçi təchizatçısının (olduqda) adı, kodu, VÖEN-i, hesab nömrəsi, S.W.I.F.T kodu;

4.1-1.5. ödənişin məbləği (rəqəm və yazı ilə) və valyutası;

4.1-1.6. ödəniş sərəncamının verildiyi tarix;

4.1-1.7. ödənişin təyinatı;

4.1-1.8. ödənişlə əlaqədar əlavə məlumat (olduqda);

4.1-1.9. büdcə təsnifatının və büdcə səviyyəsinin kodları (büdcə ödənişlərində);

4.1-1.10. ödəyicinin imzası(ları) və möhür (olduqda).

4.2. Kredit köçürməsi qüsurlu olmadıqda və ödəyicinin ödəniş hesabında ödənişi təmin edən vəsait olduqda və ya təchizatçı ilə bağlanan müqaviləyə əsasən ödəyicinin ödəniş hesabı kreditləşdirildikdə kredit köçürməsi icra edilir.

4.3. Elektron formada verilmədikdə və ya təchizatçı və ödəniş xidməti istifadəçisi arasında bağlanmış müqavilədə başqa hal nəzərdə tutulmadıqda, kredit köçürməsi 2 (iki) nüsxədən az olmamaqla təqdim edilir.

4.4. Kredit köçürməsi icraya qəbul edildikdə təchizatçının məsul şəxsi kağız daşıyıcıda olan kredit köçürməsini “icraya qəbul edilmişdir” ştampı və öz imzası ilə təsdiq edərək bir nüsxəsini ödəyiciyə qaytarır. Kredit köçürməsi qüsurlu olduqda bunun səbəbləri kredit köçürməsində qeyd edilir və kredit köçürməsi ödəyiciyə geri qaytarılır.

4.5. Ödəyicinin təchizatçısından alınmış kredit köçürməsinin rekvizitlərində uyğunsuzluq olmadıqda, pul vəsaiti vəsait alanın təchizatçısı tərəfindən vəsait alanın ödəniş hesabına mədaxil edilir. Kredit köçürməsinin rekvizitlərində uyğunsuzluq olduqda isə vəsait alanın təchizatçısı ödəyicinin təchizatçısına növbəti iş günündən gec olmayaraq sorğu göndərir. Bu sorğu ödəyicinin təchizatçısı tərəfindən 2 (iki) iş günü ərzində cavablandırılmadıqda, ödəniş əməliyyatı üzrə pul vəsaiti növbəti iş günündən gec olmayaraq səbəbi göstərilməklə vəsait alanın təchizatçısı tərəfindən geri qaytarılır. Kredit köçürməsi üzrə geri qaytarılmış pul vəsaiti ödəyicinin təchizatçısı tərəfindən ödəyicinin ödəniş hesabına mədaxil edilir.

4.6. Təchizatçı ilə ödəniş xidməti istifadəçisi arasında ödəniş sərəncamının icrası üçün Qanunun 29.2-ci maddəsinə uyğun olaraq başqa müddət razılaşdırıldıqda ödəniş əməliyyatı kredit köçürməsinin “Ödənişlə əlaqədar əlavə məlumat” hissəsində qeyd olunan tarixdə həyata keçirilir.

4.7. Ödəniş hesabı müqaviləsində nəzərdə tutulduqda ödəyicinin təchizatçısı kredit köçürməsi əsasında vəsait alanın xeyrinə ödənişləri dövri olaraq həyata keçirir. Bu halda kredit köçürməsinin “Ödənişlə əlaqədar əlavə məlumat” hissəsində aşağıdakı məlumatlar qeyd olunur:

4.7.1. ödənişin həyata keçirilməsi tarixi;

4.7.2. dövri ödənişlərin başa çatdığı tarix.

4.8. Ödəniş hesabı müqaviləsində başqa hal nəzərdə tutulmadıqda dövri ödənişlərin müddəti bir ildən çox ola bilməz. Bu müddət başa çatdıqdan sonra ödəyici dövri ödənişlərin aparılmasını nəzərdə tutan yeni kredit köçürməsini təqdim edə bilər.

4.9. Dövri ödəniş əməliyyatlarının icrasından imtina ilə bağlı prosedurlar Qanunun 22.2-ci maddəsi ilə tənzimlənir. Ödəyici dövri ödənişlərin dayandırılması haqqında ödəyicinin təchizatçısına kağız və ya elektron formada sərəncam verə bilər. Bu halda ödəyicinin təchizatçısının məsul şəxsi kağız daşıyıcıda olan müvafiq sərəncamı “icraya qəbul edilmişdir” ştampı və öz imzası ilə təsdiq edir.

5.1. Birbaşa debitləşmə ilə ödəniş əməliyyatının aparılması zamanı ödəyicinin təchizatçısı ödəyicinin əvvəlcədən verdiyi razılıq əsasında vəsait alan tərəfindən təqdim olunan ödəniş sərəncamı üzrə ödənişi vəsait alanın xeyrinə həyata keçirir. Birbaşa debetləşmənin həyata keçirilməsi üçün ödəyici vəsait alana, vəsait alanın və ya ödəyicinin təchizatçısına əvvəlcədən razılıq verməlidir. Ödəyici vəsait alana və vəsait alanın təchizatçısına verdiyi razılıq barədə öz təchizatçısını ödəyici ilə təchizatçısı arasında bağlanan müqavilədə nəzərdə tutulan müddətdə məlumatlandırmalıdır.

5.1-1. Birbaşa debitləşmə üzrə ödəniş sərəncamında ən azı aşağıdakılar olmalıdır:

5.1-1.1. vəsait alanın adı (fiziki şəxsin adı, soyadı, atasının adı (şəxsiyyəti təsdiq edən sənəddə müəyyən olunduqda) və VÖEN-i (köçürmə sahibkarlıq fəaliyyəti ilə bağlı olduqda), hüquqi şəxsin adı, təşkilati hüquqi forması və VÖEN-i (Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş vergi ödəyicisi olduqda));

5.1-1.2. ödəyicinin adı (fiziki şəxsin adı, soyadı, atasının adı (şəxsiyyəti təsdiq edən sənəddə müəyyən olunduqda) və VÖEN-i (məlum olduqda)), hüquqi şəxsin adı, təşkilati hüquqi forması və VÖEN-i (olduqda));

5.1-1.3. vəsait alanın və ödəyicinin hesab nömrəsi;

5.1-1.4. ödəyici və vəsait alanın təchizatçılarının, həmçinin vasitəçi təchizatçısının (olduqda) adı, kodu, VÖEN-i, hesab nömrəsi, S.W.I.F.T kodu;

5.1-1.5. ödənişin məbləği (rəqəm və yazı ilə) və valyutası;

5.1-1.6. ödəniş sərəncamının verildiyi tarix;

5.1-1.7. ödənişin təyinatı;

5.1-1.8. ödənişlə əlaqədar əlavə məlumat (olduqda);

5.1-1.9. büdcə təsnifatının və büdcə səviyyəsinin kodları (büdcə ödənişləri olduqda;

5.1-1.10. vəsait alanın imzası(ları) və möhürü (olduqda).

5.2. Vəsait alan birbaşa debitləşmə ilə ödəniş əməliyyatının aparılması üçün ödəniş sərəncamını ödəyicinin təchizatçısına vəsait alanın təchizatçısı vasitəsilə və ya birbaşa təqdim edir.

5.3. Ödəyicinin bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan razılığı ödəniş hesabına sərəncam vermək hüququ olan şəxs (şəxslər) tərəfindən imzalanmalı və möhürlə təsdiq olunmalıdır (imza və möhür nümunələri vərəqəsində nəzərdə tutulduğu halda).

5.4. Bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan razılıqda ödəyicinin ödəniş hesabı üzrə birbaşa debetləşmə verməyə hüququ olan vəsait alanın məlumatları (fiziki şəxsin soyadı, adı, atasının adı (şəxsiyyəti təsdiq edən sənəddə müəyyən olunduqda), FİN-i, FİN olmadıqda şəxsiyyəti təsdiq edən sənədin nömrəsi, doğum tarixi, hüquqi şəxsin adı və VÖEN-i), habelə ödənişlərin birdəfəlik və ya dövri olaraq həyata keçirilməsi və Qanunun 33.1-ci maddəsinə əsasən ödəniləcək məbləğ limiti müəyyən edilməlidir.

5.5. Ödəyici birbaşa debitləşmənin icrası üzrə öz təchizatçısına verdiyi razılığı vəsait alanla bağladığı müqavilədə nəzərdə tutulmuş ödəniş tarixindən azı 2 (iki) iş günü əvvəl ödəyicinin təchizatçısına təqdim edir.

5.6. Vəsait alanın təchizatçısı vəsait alan tərəfindən verilən ödəniş sərəncamının ödəyicinin təchizatçısına vəsait alanla razılaşdırdığı tarixdə göndərilməsini təmin etməlidir.

5.7. Birbaşa debitləşmə ödəniş alətindən istifadə edildikdə ödəyici ən geci pul vəsaitinin ödəniş hesabından silinməsi üçün müəyyən etdiyi gündən əvvəlki iş gününün sonunadək ödənişin həyata keçirilməsi üzrə verdiyi razılığı geri götürə bilər.

5.8. Birbaşa debitləşmə vəsait alanın təchizatçısı vasitəsilə ödəyicinin təchizatçısına təqdim edildikdə hesablaşmalar aşağıdakı qaydada aparılır:

5.8.1. birbaşa debitləşmə vəsait alan tərəfindən 3 (üç) nüsxədən (kağız daşıyıcısında olduqda) az olmamaqla vəsait alanın təchizatçısına təqdim edilir;

5.8.2. birbaşa debitləşmə qüsurlu olmadıqda vəsait alanın təchizatçısının məsul şəxsi birbaşa debetləşməni “icraya qəbul edilmişdir” ştampı və öz imzası ilə təsdiq edərək bir nüsxəsini vəsait alana qaytarır. Birbaşa debitləşmənin bir nüsxəsi ödəyicinin təchizatçısına göndərilir, bir nüsxəsi isə vəsait alanın təchizatçısında qalır. Birbaşa debitləşmə qüsurlu olduqda isə səbəbi qeyd edilməklə vəsait alana geri qaytarılır;

5.8.3. ödəyicinin təchizatçısı vəsait alanın təchizatçısından aldığı birbaşa debitləşmənin icrası üzrə ödəyicinin razılığının olmaması, geri alınması və ya birbaşa debitləşmənin qüsurlu olmasını müəyyən edərsə, növbəti əməliyyat günü ərzində səbəbi göstərilməklə birbaşa debitləşməni vəsait alanın təchizatçısına geri qaytarır və bu haqda ödəyicini məlumatlandırır;

5.8.4. bu Qaydanın 5.8.3-cü yarımbəndində qeyd olunan hallar olmadıqda və ödəyicinin ödəniş hesabında vəsait olduqda və ya təchizatçı ilə bağlanan müqaviləyə əsasən ödəyicinin ödəniş hesabı kreditləşdirildikdə ödəyicinin təchizatçısı ödənişi həyata keçirir;

5.8.5. ödəyicinin təchizatçısı ödəyicinin ödəniş hesabında ödəniş əməliyyatının icra edilməsi üçün kifayət qədər vəsait olmadıqda ödəyicini birbaşa debitləşmə icraya qəbul olunduğu günün növbəti iş günündən gec olmayaraq bu haqda məlumatlandırır. Tələb olunan vəsait birbaşa debetləşmədə nəzərdə tutulan əməliyyat gününədək ödəniş hesabına mədaxil edilmədikdə ödəyicinin təchizatçısı növbəti gündən gec olmayaraq birbaşa debitləşməni vəsait alanın təchizatçısına səbəbi bildirilməklə geri qaytarır;

5.8.6. vəsait alanın təchizatçısı bu Qaydanın 5.8.5-ci yarımbəndinə əsasən geri qaytarılan birbaşa debitləşmə haqqında vəsait alanı növbəti iş günündən gec olmayaraq məlumatlandırır və birbaşa debitləşmənin özündə olan nüsxəsində müvafiq qeyd aparır.

5.9. Birbaşa debitləşmə bilavasitə ödəyicinin təchizatçısına təqdim edildikdə ödəniş əməliyyatı aşağıdakı qaydada aparılır:

5.9.1. birbaşa debitləşmə vəsait alan tərəfindən 2 (iki) nüsxədən (kağız daşıyıcısında olduqda) az olmamaqla ödəyicinin təchizatçısına təqdim edilir. Bu halda birbaşa debitləşmədə vəsait alanın təchizatçısının məsul şəxsinin imzası və ştampı sahəsi doldurulmur;

5.9.2. birbaşa debitləşmə qüsurlu olmadıqda ödəyicinin təchizatçısının məsul şəxsi birbaşa debitləşməni “icraya qəbul edilmişdir” ştampı və öz imzası ilə təsdiq edərək bir nüsxəsini vəsait alana qaytarır. Birbaşa debitləşmənin digər nüsxəsi icra edilməsi üçün ödəyicinin təchizatçısında qalır;

5.9.3. ödəyicinin təchizatçısı ödəyicinin razılığının olmaması, geri alınması və ya birbaşa debitləşmənin qüsurlu olması səbəbindən növbəti əməliyyat günü ərzində səbəbi göstərilməklə birbaşa debitləşməni vəsait alana geri qaytarır və bu haqda ödəyicini məlumatlandırır;

5.9.4. bu Qaydanın 5.8.4-5.8.6-cı yarımbəndləri müvafiq olaraq tətbiq edilir.

5.10. Ödəyicinin tələbi ilə ödəyicinin təchizatçısının məsul şəxsi birbaşa debitləşmə üzrə ödəniş sərəncamının öz imzası və ştampı ilə təsdiq edilmiş surətini ödəyiciyə təqdim edir.

6.1. İnkasso sərəncamları ilə ödəniş əməliyyatlarının aparılması zamanı borclunun (ödəyicinin) ödəniş hesabına xidmət göstərən təchizatçı (icraçı təchizatçı) məcburi icra orqanları tərəfindən inkasso sərəncamlarına əlavə edilən icra sənədlərinə əsasən ödənişi ödəyicinin ödəniş hesabından mübahisəsiz qaydada (ödəyicinin sərəncamı olmadan) həyata keçirir.

6.2. Məhkəmə və digər orqanların qərarlarının məcburi icrası ilə bağlı inkasso sərəncamları təchizatçıya icra məmurları tərəfindən təqdim olunur.

6.3. İcra məmurlarının tələbi ilə ödəyicinin ödəniş hesabından vəsaitin mübahisəsiz qaydada silinməsi üçün əsas olan icra sənədləri icra qanunvericiliyi ilə müəyyən edilir.

6.4. İnkasso sərəncamı 3 (üç) nüsxədə (kağız daşıyıcısında olduqda) tərtib edilir, hər bir nüsxə imza və möhürlə təsdiqlənir. İnkasso sərəncamının "Ödənişin təyinatı" hissəsində vəsaitin mübahisəsiz qaydada silinməsi haqqında qərar çıxarmış orqanın adı, əlavə edilən icra sənədinin adı, tarixi və nömrəsi göstərilir.

6.5. İcra məmuru inkasso sərəncamına icra sənədinin icra qanunvericiliyi ilə müəyyən olunmuş qaydada təsdiq olunmuş surətini əlavə edir.

6.6. İnkasso sərəncamı qüsurlu olmadıqda icraçı təchizatçının məsul şəxsi onu dərhal icraya qəbul edir, qüsurlu olduqda və (və ya) icra sənədinin surəti əlavə olunmadıqda isə “İcraçı təchizatçının qeydləri” hissəsində səbəbini göstərməklə sərəncamı icra məmuruna geri qaytarır. Nüsxələrdən biri vəsaiti ödəyicinin ödəniş hesabından silmək üçün əsas olur və icraçı təchizatçıda qalır. İkinci nüsxə inkasso sərəncamının icraya qəbul olunması barədə iltizam kimi icraçı təchizatçının məsul şəxsinin imzası və ştampı ilə təsdiqlənir, icra məmuruna qaytarılır. Üçüncü nüsxə sərəncam icra olunandan sonra ödəyiciyə təqdim olunur.

6.7. İcra məmurunun inkasso sərəncamı ilə birlikdə təqdim etdiyi icra sənədi, habelə ödəyicinin xarici valyutada olan ödəniş hesabına yönəldilən icra sənədləri üzrə tələb icra qanunvericiliyi ilə müəyyən edilmiş müddətdə və qaydada icra edilir.

6.8. Ödəyicinin ödəniş hesabında vəsait olmadıqda və ya çatışmadıqda inkasso sərəncamı təchizatçı tərəfindən icraya qəbul olunduğu gündən 2 (iki) ay müddətində icraçı təchizatçıda saxlanılır. Bu barədə icraçı təchizatçı növbəti 2 (iki) iş günündən gec olmayaraq icra məmuruna yazılı bildiriş verir. Bu müddətdə inkasso sərəncamı tam və ya qismən icra olunmadıqda icraçı təchizatçının məsul şəxsi bu barədə icra sənədində qeyd yazır və öz imzası və ştampı ilə təsdiqləyərək müddət başa çatdığı gündən 2 (iki) iş günündən gec olmayaraq icra məmuruna təqdim edir.

6.9. İnkasso sərəncamı qismən ödənildikdə icraçı təchizatçının məsul şəxsi onun təchizatçıda olan nüsxəsinin müvafiq hissələrində qismən ödənişin tarixini və məbləğini, habelə ödənişin qalıq məbləğini qeyd edir, onları öz imzası və ştampı ilə təsdiqləyir.

6.10. İnkasso sərəncamı tam ödənildikdə icraçı təchizatçının məsul şəxsi icra sənədində qeyd yazır, onu öz imzası və ştampı ilə təsdiqləyir və bir nüsxəsini təchizatçıda saxlayaraq sənədi məcburi icra orqanına geri qaytarır.

6.11. İnkasso sərəncamları “Elektron icra” informasiya sistemi vasitəsilə verildikdə inkasso sərəncamlarının qəbulu və icrası bu Qaydanın tələbləri nəzərə alınmaqla elektron formada aparılır.

7.1. Vergi orqanlarının sərəncamları ilə ödəniş əməliyyatlarının aparılması zamanı borclunun (ödəyicinin) ödəniş hesabına xidmət göstərən təchizatçı (icraçı təchizatçı) vergi orqanının icra (ödəniş) sənədi olan sərəncamına uyğun olaraq vergilər, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta, icbari tibbi sığorta haqları, faizlər və ya tətbiq edilmiş maliyyə sanksiyaları üzrə ödəyicinin milli və ya xarici valyutada ödəniş hesabında olan pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulmasını və ya həmin vəsaitlərin ödəyicinin ödəniş hesabından müvafiq olaraq dövlət büdcəsinə və ya Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun, İşsizlikdən Sığorta Fondunun və İcbari Tibbi Sığorta Fondunun hesabına alınmasını Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirir.

7.2. Sərəncam Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin təsdiq etdiyi formaya uyğun olaraq icraçı təchizatçıya təqdim edilir.

7.3. Sərəncam 4 (dörd) nüsxədə (kağız daşıyıcısında olduqda) tərtib edilir və hər bir nüsxə vergi orqanının səlahiyyətli vəzifəli şəxsinin imzası və möhürlə təsdiqlənir. Sərəncam qüsurlu olmadıqda təchizatçının məsul şəxsi onu dərhal icraya qəbul edir, qüsurlu olduqda isə sərəncamın müvafiq hissəsində səbəbini göstərməklə sərəncamı vergi orqanına geri qaytarır.

7.4. Nüsxələrdən biri vəsaitin ödəyicinin ödəniş hesabından silinməsi üçün əsas kimi icraçı təchizatçıda qalır. İkinci nüsxə sərəncamın icraya qəbul olunması barədə iltizam kimi icraçı təchizatçının məsul şəxsinin imzası və ştampı ilə təsdiqlənir, vergi orqanına qaytarılır. Sərəncam tam icra olunduqdan sonra təchizatçının məsul şəxsi onun üçüncü nüsxəsi üzərində müvafiq qeydlər yazır, onları öz imzası və ştampı ilə təsdiqləyərək vergi orqanına təqdim edir. Dördüncü nüsxə ödəyiciyə verilir.

7.5. Sərəncam vergi orqanı tərəfindən geri götürüldükdə və ya ödəyicinin ödəniş hesabı bağlandıqda həmin ana qədər icra olunmayan və yaxud qismən icra olunan sənəd bu Qaydanın 7.4-cü bəndində nəzərdə tutulmuş qaydada vergi orqanına təqdim edilir.

7.6. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 249.3-cü maddəsinə müvafiq olaraq vaxtında ödənilməmiş gömrük borcları gömrük orqanlarının icra (ödəniş) sənədi əsasında, vergi borclarının dövlət büdcəsinə alınmasının qaydalarına uyğun olaraq, ödəyicinin ödəniş hesablarından tutulur.

7.7. Vergi və gömrük orqanlarının sərəncamlarının elektron qaydada təqdim edilməsi, icraya qəbul olunması və icrası ilə bağlı digər məsələlər müvafiq dövlət orqanları ilə təchizatçılar arasında qarşılıqlı razılaşma əsasında müəyyən edilir.

8.1. Pul köçürmələri milli və xarici valyutada həyata keçirilir.

8.2. Bu Qaydanın 9.1-ci bəndi istisna olmaqla, ödəyicinin ödəniş hesabı olmadan həyata keçirilən pul köçürməsindən sonra təchizatçı pul köçürməsini təsdiq edən sənədi kağız daşıyıcıda (öz imzası və ştampı ilə təsdiq edərək) və ya elektron formada ödəyiciyə təqdim edir. Kağız daşıyıcıda təqdim edilən sənədin ödəyici tərəfindən imzalanmış bir nüsxəsi təchizatçıda qalır. Müvafiq sənəddə Qanunun 17-ci maddəsi ilə yanaşı aşağıdakı məlumatlar əks olunmalıdır:

8.2.1. pul köçürmə sisteminin adı (mövcud olduqda);

8.2.2. ödəyici fiziki şəxs olduqda ödəyicinin soyadı, adı, atasının adı (şəxsiyyəti təsdiq edən sənəddə müəyyən olunduqda) və VÖEN-i (köçürmə sahibkarlıq fəaliyyəti ilə bağlı olduqda), ödəyici hüquqi şəxs olduqda adı və VÖEN-i;

8.2.3. ödəyicinin ünvanı və əlaqə nömrəsi;

8.2.4. ödəyicinin şəxsiyyətini təsdiq edən sənədin adı və nömrəsi;

8.2.5. vəsait alanın adı;

8.2.6. istifadə olunduğu halda vəsait alanın ödəniş hesabının nömrəsi;

8.2.7. pul köçürməsinin təyinatı;

8.2.8. pul köçürməsinin edildiyi ölkə/şəhər və ya digər inzibati ərazi vahidi.

8.3. Pul köçürmələri üzrə vəsait büdcə və büdcədənkənar dövlət fondlarına ödənildikdə pul köçürməsinə dair tərtib olunmuş sənəddə Qanunun 17-ci və bu Qaydanın 8.2.1-8.2.5-ci yarımbəndlərində göstərilmiş məlumatlarla yanaşı büdcə təsnifatının, büdcə səviyyəsinin və büdcə təşkilatının kodları da əks olunmalıdır.

8.4. Vəsait alana nağd pul təqdim edildikdə və ya pul vəsaiti vəsait alanın ödəniş hesabına mədaxil edildikdə pul köçürməsi başa çatmış hesab olunur.

8.5. Pul köçürməsi üzrə nağd pul ödəniş hesabı olmayan vəsait alana onun şəxsiyyətini təsdiq edən sənəd əsasında verilir. Vəsait alanın təchizatçısının məsul şəxsi pul köçürməsinin başa çatmasını təsdiqləyən sənədi (kağız daşıyıcısında olduqda) öz imzası və ştampı ilə təsdiq edərək vəsait alana təqdim edir. Sənədin vəsait alan tərəfindən imzalanmış bir nüsxəsi təchizatçıda saxlanılır. Kağız daşıyıcıda və ya elektron formada təqdim edilən həmin sənəddə Qanunun 17-ci və bu Qaydanın 8.2.1-8.2.2-ci, 8.2.5-ci, 8.2.7-8.2.8-ci yarımbəndlərində göstərilmiş məlumatlarla yanaşı, vəsait alanın şəxsiyyətini təsdiq edən sənədin adı və nömrəsi göstərilməlidir.

8.6. Təchizatçı pul köçürmələri üzrə tərtib olunan sənədlərdə pul köçürmə sisteminin tələblərinə müvafiq olaraq bu Qaydada nəzərdə tutulmuş məlumatlarla yanaşı, ödəyicini, vəsait alanı və pul köçürməsini eyniləşdirən əlavə məlumatları da göstərə bilər.

8.7. Ödəyici pul köçürməsi üzrə pul vəsaitinin vəsait alan tərəfindən alındığı ana qədər pul köçürməsi üzrə sistemin qaydaları ilə dəyişdirilməsinə icazə verilən rekvizitlərdə dəyişiklik edə və ya geri götürə bilər.

9.1. Təchizatçı tərəfindən ictimai nəqliyyatda gediş haqlarının qəbulu üzrə quraşdırılmış ödəniş terminalları istisna olmaqla, digər ödəniş terminalı vasitəsilə həyata keçirilən əməliyyatları təsdiq edən sənəddə Qanunun 17-ci maddəsi ilə nəzərdə tutulan məlumatlar əks etdirilməlidir. Müvafiq sənəd kağız və ya digər davamlı daşıyıcıda təqdim edilə bilər.

9.2. Təchizatçı tərəfindən ödəniş terminalı vasitəsilə həyata keçirilən pul köçürmələrini təsdiq edən sənəddə Qanunun 17-ci maddəsi ilə yanaşı aşağıdakı məlumatlar da əks etdirilməlidir:

9.2.1. pul köçürmə sisteminin adı (mövcud olduqda);

9.2.2. ödəyicini müəyyən etməyə imkan verən məlumatlar (ödəyicinin abonent kodu və ya şəxsiyyətini təsdiq edən sənədin nömrəsi, soyadı, adı və atasının adı (şəxsiyyəti təsdiq edən sənəddə müəyyən olunduqda), yaxud pul köçürməsinin həyata keçirildiyi ödəniş hesabının nömrəsi və ya ödəniş kartının təhlükəsizlik tələbləri çərçivəsində istifadə edilən rekvizitləri);

9.2.3. pul köçürməsinin təyinatı;

9.2.4. terminalın yerləşdiyi ünvan;

9.2.5. vəsait alan barədə məlumatlar, vəsait büdcə və büdcədənkənar dövlət fondlarına ödənildikdə həmçinin büdcə təsnifatının, büdcə səviyyəsinin və büdcə təşkilatının kodları.

9.3. Ödəniş terminalları vasitəsilə həyata keçirilən pul köçürmələri üzrə təchizatçılar ödəyicinin eyniləşdirilməsi üzrə əlavə tələblər müəyyən edə bilər.

9.4. Ödəniş terminalları vasitəsilə həyata keçirilən pul köçürmələri zamanı bu Qaydanın 1.5-ci bəndinin tələbinə riayət edilməlidir.

10.1. Bu Qaydanın 10.2-ci bəndi nəzərə alınmaqla, kartın emissiyası emitent tərəfindən Mərkəzi Bankın İdarə Heyətinin 4 fevral 2022-ci il tarixli 04/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”na əsasən ödəniş xidməti istifadəçisinə ödəniş hesabının (cari hesabın) açılması ilə həyata keçirilir. Emitentlə hüquqi şəxs və fərdi sahibkar arasında bağlanan müqavilə əsasında ödəniş hesabı üzrə korporativ kart emissiya edilə bilər. Ödəniş xidməti istifadəçisinə bir ödəniş hesabı üzrə bir və ya bir neçə kart verilə bilər.

10.2. Hüquqi şəxslərə və fərdi sahibkarlara verilən əvvəlcədən ödənilmiş ödəniş alətləri üzrə əməliyyatlar istisna olmaqla, digər hallarda əvvəlcədən ödənilmiş ödəniş alətləri ilə həyata keçirilən ödəniş əməliyyatları üzrə pul vəsaitlərinin uçotu təchizatçı tərəfindən ümumi (konsolidə olunmuş) hesab üzrə aparıla bilər.

10.3. Bank olmayan kredit təşkilatları tərəfindən yalnız kredit kartları emissiya edilə bilər.

10.4. Kiçik həcmli ödəniş alətləri istisna olmaqla, emitent ödəniş xidməti istifadəçisini günün 24 (iyirmi dörd) saatı müddətində Qanunun 38.1.3-cü maddəsinə uyğun olaraq bildiriş verilməsi və kartın blokdan çıxarılması ilə bağlı müraciət etmək üçün əlaqə vasitələri (azı telefon olmaqla) ilə təmin etməli, habelə 18 (on səkkiz) ay müddətində bildirişin verilməsi faktının saxlanmasını təmin etməlidir. Emitent bildirişin alınması zamanı ödəniş xidməti istifadəçisini eyniləşdirməli və bildirişin qəbul edilməsi tarixini, vaxtını (saat və dəqiqə), kartın zəruri rekvizitlərini və hadisənin təfərrüatının qeydiyyatını aparmalıdır.

10.5. Kartın ən azı aşağıdakı rekvizitləri kart istifadəçisi üçün əlçatan olmalıdır:

10.5.1. emitentin adı;

10.5.2. kartın nömrəsi;

10.5.3. kartın qüvvədə olma müddəti;

10.5.4. müraciətləri günün 24 (iyirmi dörd) saatı müddətində qəbul edən emitentin və ya emitentin xidmət olunduğu ödəniş sistemi operatorunun əlaqə vasitələri (azı telefon olmaqla).

10.6. Emitent kart əsaslı ödəniş aləti ilə bağlı fəaliyyətin təşkil edilməsi üzrə azı aşağıdakıları müəyyən edən daxili qaydalara malik olmalıdır:

10.6.1. kartın emissiyası qaydası;

10.6.2. kart əsaslı ödəniş alətinin istifadəsi ilə həyata keçirilən əməliyyatlar üzrə risklərin idarə edilməsi, o cümlədən bloklaşdırılması qaydası;

10.6.3. kart əsaslı ödəniş alətinin istifadəsi ilə həyata keçirilən əməliyyatlar üzrə uçot məlumatlarının işlənilməsi qaydası;

10.6.4. personalizasiyaya qədər və personalizasiyadan sonra kartın saxlanılması və uçotu, habelə kart və PİN-kodların təhlükəsiz təqdim edilməsi qaydası;

10.6.5. kart əsaslı ödəniş alətinin və onun istifadəsi ilə aparılan əməliyyatlar üzrə məlumatların təhlükəsizliyinin təmin olunması, habelə bu məlumatların təhlükəsiz saxlanılması üzrə nəzarətin həyata keçirilməsi qaydaları.

11.1. Ekvayer ilə vəsait alan təsərrüfat subyekti arasında bağlanmış müqavilədə azı aşağıdakılar müəyyən edilir:

11.1.1. təsərrüfat subyektinin adı və fəaliyyət sahəsi;

11.1.2. xidmətin göstərilməsi, ödənişlərin qəbulu və hesablaşmaların aparılması qaydası;

11.1.3. tətbiq edildikdə, əməliyyatlar üzrə müəyyən edilmiş limitlər;

11.1.4. əməliyyatların təhlükəsiz aparılması ilə bağlı tərəflərin öhdəlikləri;

11.1.5. tətbiq edildikdə, xidmət haqqı və onun hesablanma qaydası;

11.1.6. təsərrüfat subyektinin xeyrinə qəbul edilmiş ödənişlər və həmin ödənişlər üzrə tutulan xidmət haqları barədə təsərrüfat subyektinin məlumatlandırılması qaydası;

11.1.7. ödəniş əməliyyatının düzgün icra edilməməsi, əməliyyatın geri qaytarılması və mübahisələrin həlli qaydası.

11.2. Ekvayrinq xidməti təsərrüfat subyektlərində POS-terminalların quraşdırılması vasitəsilə həyata keçirildikdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 4 oktyabr tarixli 219 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları”nın tələblərinə də riayət edilməlidir.

11.3. Ekvayer xidmət göstərdiyi təsərrüfat subyektinin fəaliyyətinin ümumi təhlili və risk qiymətləndirməsini aparmalıdır.

11.4. Ekvayer öz xidmət şəbəkəsində aparılmış şübhəli əməliyyatların, habelə xidmət göstərdiyi ödəniş terminalına (bankomat, POS-terminal və s.) kənar müdaxilələrin müəyyən edilərək vaxtında qarşısının alınması və bu tip əməliyyatlar üzrə risklərin effektiv idarə edilməsi qaydasına malik olmalıdır.

11.5. Ekvayer təsərrüfat subyektinin fəaliyyət sahəsinə uyğun olaraq təsərrüfat subyektinin ticarət kodunu təyin etməlidir.

11.6. Ekvayer eyni ödəniş əməliyyatının avtorizasiyası və klirinqi üzrə təsərrüfat subyektinin ticarət kodunu dəyişmədən təqdim etməlidir.

12.1. Aşağıdakı meyarlara cavab verən ödəniş alətləri kiçik həcmli ödəniş alətləri hesab olunur:

12.1.1. bir alət üzrə bir təqvim ayı ərzində mədaxil əməliyyatlarının həcmi 300 (üç yüz) manatdan və ya onun ekvivalentində xarici valyutadan çox olmamalıdır;

12.1.2. həmin alətdə saxlanılan pul vəsaitinin həcmi 300 (üç yüz) manatdan və ya onun ekvivalentində xarici valyutadan çox olmamalıdır.

12.2. Ödəniş xidməti istifadəçisinin eyniləşdirilməsi tələb olunmayan ödəniş alətləri bu Qaydanın 12.1-ci bəndində müəyyənləşdirilən tələblərlə yanaşı aşağıdakı tələblərə cavab verməlidir:

12.2.1. yalnız ölkədaxili ödəniş əməliyyatları üzrə istifadə oluna bilər;

12.2.2. qalıq dəyərinin nağdsız qaytarılması Mərkəzi Bankın İdarə Heyətinin 22 fevral 2023-cü il tarixli 09/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Maliyyə vəsaitlərinin elektron köçürülməsi zamanı müştəri uyğunluğu tədbirlərinin tətbiq edilməsi Qaydası”nın tələblərinə uyğun olaraq həyata keçirilir;

12.2.2-1. qalıq dəyərinin nağd qaytarılması bir təqvim ayı ərzində 50 (əlli) manatdan və ya onun ekvivalentində xarici valyutadan çox olmamaq şərtilə Mərkəzi Bankın İdarə Heyətinin 14 sentyabr 2021-ci il tarixli 24/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kredit təşkilatları, ödəniş təşkilatları və elektron pul təşkilatlarında kassa əməliyyatlarının aparılması, nağd pul və digər qiymətlilərin saxlanması və inkassasiyası Qaydası”nın tələblərinə uyğun olaraq həyata keçirilə bilər;

12.2.3. istifadəçisi yalnız fiziki şəxslər ola bilər.

13.1. Elektron pul milli və xarici valyutada emissiya oluna bilər.

13.2. Eyniləşdirilməsi tələb olunmayan elektron pulun maksimum məbləği və istifadə şərtləri bu Qaydanın 12.2-ci bəndinin tələblərinə uyğun olmalıdır.

13.3. Mərkəzi Bank tərəfindən emitentin emissiya etdiyi elektron pul üzrə öhdəliklərinin maksimum həcminə dair tələb müəyyən edildikdə, emitent elektron pulun emissiyasını həmin limit çərçivəsində həyata keçirə bilər.

13.4. Qanunun 13.1.2-ci maddəsinə əsasən elektron pul sahibi olmaq istəyən şəxsə elektron pulun emissiyasından əvvəl elektron pulun emissiyası və elektron puldan istifadə qaydaları ilə bağlı məlumat verilərkən elektron pulun “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmanət hesab edilmədiyi, sığortalanmadığı, habelə həmin vəsaitlərə faiz və ya digər formada gəlir ödənilmədiyi bildirilməlidir.

14.1. Kart əsaslı ödəniş aləti vasitəsilə aparılmış əməliyyatlar üzrə ödəyiciyə Qanunun 17-ci maddəsində nəzərdə tutulan məlumatlarla yanaşı azı aşağıdakı məlumatlar kağız və ya digər davamlı daşıyıcıda təqdim edilməlidir:

14.1.1. ödəniş sistemi operatorunun adı;

14.1.2. ödəniş terminalının kodu (əməliyyat ödəniş terminalı vasitəsilə aparıldıqda);

14.1.3. kart əsaslı ödəniş alətinin ödəniş sistemi operatorunun təhlükəsizlik tələbləri çərçivəsində icazə verilən rekvizitləri;

14.1.4. avtorizasiya kodu;

14.1.5. büdcə təşkilatı və ya büdcədənkənar dövlət fondunun rekvizitləri, büdcə gəlirlərinin təsnifatı və büdcə səviyyəsinin kodu (dövlət büdcəsi və büdcədənkənar vəsaitlər üzrə mərkəzləşdirilmiş (vahid) xəzinə hesabına ödənişlər aparıldıqda).

15.1. Azərbaycan Respublikası ərazisində QR kod vasitəsilə ödəniş əməliyyatlarının aparılması üçün ödəniş xidməti təchizatçıları tərəfindən tərtib olunan dinamik və statik AZQR kod Mərkəzi Bankın İdarə Heyəti tərəfindən təsdiq olunan tələblərə uyğun olmalıdır. Müvafiq Tələblər Mərkəzi Bankın rəsmi internet səhifəsində yerləşdirilir.

15.2. AZQR kod təchizatçısı AZQR kodun tərtibini müqavilə əsasında üçüncü tərəfə həvalə edə bilər, bu şərtlə ki, QR tərtib edilməsi bu Qaydanın 15.1-ci bəndinə uyğun olaraq həyata keçirilsin.

15.3. AZQR kod təchizatçısı tərəfindən tərtib olunan AZQR kod təyinatı üzrə və dəyişiklik edilmədən istifadə olunmalıdır.

15.4. AZQR kod təchizatçısı AZQR kod vasitəsilə icra olunmuş ödəniş əməliyyatı üzrə vəsaitin tam və ya qismən geri qaytarılmasına imkan verən funksionallığı təmin etməlidir.

15.5. AZQR kod təchizatçısı AZQR kod vasitəsilə ödənişin qəbul edilməsi zamanı ödəyiciyə elektron və ya kağız daşıyıcıda özündə azı aşağıdakı məcburi rekvizitləri əks etdirən qəbzin (məlumatın) təqdim edilməsi təmin edilir və ya qəbzin (məlumatın) asanlıqla əldə edilməsi imkanı yaradılır:

15.5.1. ekvayerin və (və ya) ödəniş sistemi operatorunun adı;

15.5.2. təsərrüfat subyektinin adı və VÖEN-i;

15.5.3. qəbzin nömrəsi;

15.5.4. əməliyyatın tarixi (gün, ay, il) və vaxtı (saat, dəqiqə);

15.5.5. ödəniş terminalının kodu (əməliyyat ödəniş terminalında aparıldıqda);

15.5.6. ödənişin məbləği və valyutası;

15.5.7. avtorizasiya kodu;

15.5.8. əməliyyatı eyniləşdirməyə imkan verən istinad nömrəsi.

15.6. AZQR kod təchizatçısı ödəniş əməliyyatının nəticəsi (uğurlu və ya uğursuz olması) barədə təsərrüfat subyektini məlumatlandırır.

15.7. AZQR kod vasitəsilə milli valyutada aparılmış ölkədaxili əməliyyatlar üzrə ödəniş xidməti təchizatçıları arasında hesablaşmalar AÖS vasitəsilə həyata keçirilir.

S.W.I.F.T. kodu………………….

S.W.I.F.T. kodu………………

Adı (fiziki şəxs olduqda

həmçinin soyadı) ………........................

Hesab nömrəsi..…………………...........

VÖEN (vergi ödəyicisi olduqda)……...…

Adı (fiziki şəxs olduqda həmçinin soyadı)…………...........................................

Hesab nömrəsi..………………………………

VÖEN (vergi ödəyicisi olduqda)……………..

Məbləğ (rəqəmlə)…………………………………………………………………………………

Məbləğ (yazı ilə)…………………………………………………………………………............

Ödənişin təyinatı.........................................................................................................

1. 12 noyabr 2025-ci il tarixli 40/11 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202511124011, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 3 dekabr 2025-ci il) (Bu Qərarın birinci hissəsi ilə təsdiq edilmiş dəyişikliklərin 11-ci və 36-cı hissələri 2026-cı ilin 1 fevral tarixindən qüvvəyə minir.)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver