1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.1.1. autentifikasiya – ödəniş xidməti təchizatçısına ödəniş xidməti istifadəçisinin kimliyini və ya ödəniş alətinin, o cümlədən ödəniş xidməti istifadəçisinin fərdiləşdirilmiş təhlükəsizlik məlumatlarının istifadəsinin etibarlılığını yoxlamağa imkan verən prosedur;
1.1.2. avtorizə etmə – ödəniş əməliyyatının həyata keçirilməsi üzrə ödəniş xidməti istifadəçisinin ödəniş xidməti təchizatçısına verdiyi razılıq;
1.1.3. birbaşa debitləşmə – ödəyicinin vəsait alana, vəsait alanın və ya ödəyicinin ödəniş xidməti təchizatçısına əvvəlcədən verdiyi razılığa əsasən vəsait alanın ödəniş sərəncamına əsaslanan ödəyicinin ödəniş hesabının debitləşdirilməsi üçün istifadə olunan ödəniş aləti;
1.1.4. bloklaşdırma – ödəniş aləti vasitəsilə əməliyyatların həyata keçirilməsinin dayandırılması;
1.1.5. davamlı daşıyıcı – məlumatın məqsədlərinə uyğun müddət ərzində saxlanılmasına imkan verən və saxlanılan məlumatın dəyişiklik olmadan əks etdirilməsi mümkün olan istənilən vasitə;
1.1.6. dövri ödəniş – ödəyici tərəfindən əvvəlcədən müəyyən edilmiş məbləğdə və ya məbləğ limiti çərçivəsində dövri olaraq vəsait alanın xeyrinə həyata keçirilən ödəniş;
1.1.7. ekvayrinq – vəsait alan ilə müqavilə bağlayaraq ödəniş alətləri ilə aparılan və vəsaitlərin vəsait alanın xeyrinə köçürülməsi ilə nəticələnən əməliyyatlar üzrə məlumatların qəbulu və emalı və ya nağd pul vəsaitinin verilməsi üzrə ödəniş xidməti təchizatçıları tərəfindən göstərilən xidmət;
1.1.8. elektron pul – qəbul edilən pul vəsaiti məbləğində ödəniş xidməti istifadəçisinin sərəncamına verilən, elektron formada saxlanılan, ödəniş əməliyyatlarının həyata keçirilməsinə imkan verən və elektron pulun emitenti ilə yanaşı üçüncü şəxslər tərəfindən də ödəniş üçün qəbul edilən ödəniş aləti;
1.1.9. elektron pulun emissiyası – elektron pulun emitenti tərəfindən elektron pulun ödəniş xidməti istifadəçisinin sərəncamına verilməsi;
1.1.10. elektron pulun emitenti (bundan sonra – emitent) – bu Qanuna uyğun olaraq elektron pulun emissiyasını həyata keçirən şəxs;
1.1.11. elektron pulun qalıq dəyəri – elektron pul sahibinin ödəniş hesabında olan elektron pulun nominal dəyəri;
1.1.12. elektron pul sahibi – elektron pula sərəncam vermək hüququ olan ödəniş xidməti istifadəçisi;
1.1.13. elektron pul təşkilatı – bu Qanunla müəyyən olunmuş qaydada aldığı lisenziya əsasında elektron pulu emissiya və elektron pul ilə əlaqəli ödəniş əməliyyatlarını icra edən, eyni zamanda lisenziyasında nəzərdə tutulduğu halda digər ödəniş xidmətlərini həyata keçirmək hüququ olan hüquqi şəxs;
1.1.14. əməliyyat günü – ödəniş xidməti təchizatçısının ödəniş sərəncamlarının qəbulu və ödəniş əməliyyatlarının aparılması üçün müəyyən etdiyi vaxt;
1.1.15. əməliyyat və ya təhlükəsizlik insidenti – ödəniş xidmətlərinin tamlığına, məxfiliyinə, etibarlılığına və (və ya) davamlılığına, ödəniş sistemlərində ödəniş əməliyyatlarının emalı, klirinqi və (və ya) hesablaşmaların aparılması prosesinin tamlığına və (və ya) davamlılığına, operatorun və ödəniş xidməti təchizatçısının təhlükəsiz və effektiv fəaliyyətinin təmin olunmasına mənfi təsir göstərən və ya göstərə biləcək operator və ödəniş xidməti təchizatçısı tərəfindən planlaşdırılmamış hadisə;
1.1.16. fərdiləşdirilmiş təhlükəsizlik məlumatları – autentifikasiya məqsədilə ödəniş xidməti təchizatçısı tərəfindən ödəniş xidməti istifadəçisinə təqdim edilən fərdiləşdirilmiş məlumatlar;
1.1.17. fövqəladə hallar – geoloji, təbiət yanğınları, meteoroloji partlayış, yanğın, bina və qurğuların uçması, elektroenergetika sistemlərində problem və digər xarakterli təbii və ya texnogen mənşəli qəzalar və fövqəladə xarakter daşıyan digər hallar;
1.1.18. gücləndirilmiş müştəri autentifikasiyası – autentifikasiya məlumatlarının məxfiliyini qorumaq üçün hazırlanmış və birinin pozulması ilə digərlərinin etibarlılığını istisna etməyən, yalnız istifadəçinin bildiyi, istifadəçiyə məxsus olan və istifadəçinin sahib olduğu elementlərdən iki və ya daha çoxunun istifadəsinə əsaslanan autentifikasiya;
1.1.19. hesablaşma agenti – ödəniş sistemində ödəniş sərəncamları üzrə hesablaşmaları iştirakçılara açdığı hesablar üzərindən həyata keçirən hüquqi şəxs;
1.1.20. hesab üzrə məlumat xidməti – ödəniş xidməti istifadəçisinin bir və ya bir neçə digər ödəniş xidməti təchizatçısı tərəfindən xidmət olunan ödəniş hesabları üzrə məlumatların onlayn təqdim edilməsi xidməti;
1.1.21. hesab üzrə məlumat xidməti təchizatçısı – ödəniş hesabı üzrə məlumat xidməti göstərən ödəniş xidməti təchizatçısı;
1.1.22. hesaba xidmət edən ödəniş xidməti təchizatçısı – ödəyicinin ödəniş hesabı olan və ona ödəniş xidməti göstərən ödəniş xidməti təchizatçısı;
1.1.23. həssas ödəniş məlumatları – fırıldaqçılıq əməliyyatının aparılması üçün istifadə edilə bilən, fərdiləşdirilmiş təhlükəsizlik məlumatlarının da daxil olduğu məlumatlar (bu Qanunun 3.1.6-cı və 3.1.7-ci maddələrində nəzərdə tutulan ödəniş xidmətlərinin göstərilməsi zamanı ödəniş xidməti istifadəçisinin adı və hesab nömrəsi haqqında məlumat istisna olmaqla);
1.1.24. xarici ödəniş təşkilatının yerli filialı (xarici elektron pul təşkilatının yerli filialı, xarici operatorun yerli filialı) – Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş və bu Qanunla müəyyən edilmiş qaydada aldığı lisenziya əsasında müvafiq fəaliyyəti Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılmış xarici ödəniş təşkilatının (xarici elektron pul təşkilatının, xarici operatorun) adından həyata keçirən filial;
1.1.25. klirinq – hesablaşmalar sisteminin bir və ya bir neçə iştirakçısının həmin sistemin bir və bir neçə iştirakçısına verdiyi və ya onlardan aldığı ödəniş məbləği üzrə yaranan tələblərin və öhdəliklərin onların fərqi olan xalis bir tələb və ya xalis bir öhdəliyə çevrilməsi prosesi;
1.1.26. kredit köçürməsi (ödəniş tapşırığı) – ödəniş hesabına xidmət göstərən ödəniş xidməti təchizatçısı tərəfindən vəsaitin köçürülməsi məqsədilə istifadə olunan, ödəyicinin ödəniş sərəncamına əsaslanan ödəniş aləti;
1.1.27. məcmu kapital – ödəniş təşkilatının və ya elektron pul təşkilatının davamlı fəaliyyətinin təmin edilməsi məqsədilə bu Qanuna uyğun olaraq müəyyən olunmuş kapital;
1.1.28. mühüm iştirak payı – ödəniş təşkilatının, elektron pul təşkilatının və ya operatorun nizamnamə kapitalının on və ya daha çox faizini təşkil edən və ya müqavilə əsasında iştirakçısı olduğu hüquqi şəxsin qərarlarının qəbul edilməsinə mühüm təsir göstərməyə imkan verən paya birbaşa və ya dolayı yolla sahiblik;
1.1.29. nəzarət subyekti – bu Qanuna uyğun olaraq lisenziya və ya qeydiyyat əsasında fəaliyyət göstərən ödəniş təşkilatı, elektron pul təşkilatı və ödəniş sistemi operatoru;
1.1.30. operator – bu Qanuna uyğun olaraq ödəniş sisteminin fəaliyyətini təşkil edən və həmin sistemin qaydalarını müəyyən edən şəxs;
1.1.31. ödəniş agenti – bank, ödəniş təşkilatı və ya elektron pul təşkilatı ilə bağlanılmış müqavilə əsasında onun adından çıxış edərək ödəniş xidmətlərini göstərən hüquqi şəxs və ya sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs;
1.1.32. ödəniş aləti – ödəniş xidməti istifadəçisi tərəfindən ödəniş sərəncamının verilməsi məqsədilə istifadə olunan və ödəniş xidməti təchizatçısı ilə razılaşdırılmış hər hansı bir fərdiləşdirilmiş alət və (və ya) prosedurlar toplusu;
1.1.33. ödəniş əməliyyatı – ödəyici və vəsait alan arasında öhdəliyin mövcud olmasından asılı olmayaraq, onlardan hər hansı birinin təşəbbüsü ilə vəsaitin mədaxil edilməsi, köçürülməsi və ya məxaric edilməsi;
1.1.34. ödəniş əməliyyatının aparılması üçün vasitəçilik xidməti – ödəniş xidməti istifadəçisinin müraciəti əsasında onun digər ödəniş xidməti təchizatçısında açılmış ödəniş hesabı üzrə ödəniş sərəncamının verilməsi xidməti;
1.1.35. ödəniş hesabı – ödəniş əməliyyatlarının aparılması üçün bir və ya bir neçə ödəniş xidməti istifadəçisinə açılan hesab;
1.1.36. ödəniş xidməti – ödəniş xidməti təchizatçısı tərəfindən bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan xidmətlər;
1.1.37. ödəniş xidməti istifadəçisi – ödəyici və (və ya) vəsait alan qismində ödəniş xidmətlərindən istifadə edən şəxs;
1.1.38. ödəniş xidməti təchizatçısı – bu Qanuna uyğun olaraq ödəniş xidməti istifadəçisinə ödəniş xidmətlərini göstərən və bu Qanunun 3.3-cü maddəsində nəzərdə tutulan şəxslər;
1.1.39. ödəniş sərəncamı – ödəniş əməliyyatının icrası üçün ödəniş xidməti istifadəçisi tərəfindən ödəniş xidməti təchizatçısına ödəniş aləti vasitəsilə verilən tapşırıq;
1.1.40. ödəniş sistemi – ödəniş əməliyyatlarının emalı, klirinqi və (və ya) hesablaşmaların aparılması üzrə rəsmiləşdirilmiş və standartlaşdırılmış ümumi mexanizm və qaydalara malik, üç və daha artıq iştirakçının üzv olduğu pul vəsaitinin köçürülməsi sistemi;
1.1.41. ödəniş sistemi iştirakçısı – ödəniş sistemində iştirak üzrə müqavilə bağlayan və ödəniş sisteminə dair qaydalar əsasında iştirakçı kimi tanınan şəxs;
1.1.42. ödəniş terminalı – ödəniş əməliyyatını ödəniş alətləri, o cümlədən nağd pul vasitəsilə həyata keçirmək imkanı verən avadanlıq;
1.1.43. ödəniş təşkilatı – bu Qanuna uyğun olaraq lisenziya əsasında elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası istisna olmaqla, digər ödəniş xidmətlərini məcmu halda və ya ayrı-ayrılıqda göstərən hüquqi şəxs;
1.1.44. ödəyici – ödəniş əməliyyatının həyata keçirilməsi məqsədilə ödəniş xidməti təchizatçısına ödəniş sərəncamını verən şəxs;
1.1.45. pul köçürməsi – ödəyici və (və ya) vəsait alanın adına ödəniş hesabı açılmadan pul vəsaitinin vəsait alanın xeyrinə köçürülməsi əməliyyatı;
1.1.46. rəqəmsal kontent – rəqəmsal formada istehsal və təqdim olunan, istifadəsi (istehlakı) yalnız texniki cihazların köməyi ilə mümkün olan və onlarla məhdudlaşan mal və ya xidmət;
1.1.47. unikal eyniləşdirici – ödəniş xidməti təchizatçısı tərəfindən ödəniş xidməti istifadəçisi üçün müəyyən edilən və ödəniş əməliyyatının həyata keçirilməsi zamanı ödəniş xidməti istifadəçisinin və (və ya) ödəniş hesabının eyniləşdirilməsi üçün istifadə edilən hərf, rəqəm və ya simvolların kombinasiyası;
1.1.48. vasitəçi – ödəniş əməliyyatının aparılması üçün vasitəçilik xidmətini göstərən ödəniş xidməti təchizatçısı;
1.1.49. vəsait alan – ödəniş əməliyyatı üzrə vəsaiti alması nəzərdə tutulan şəxs;
1.1.50. vətəndaş qüsursuzluğu – nəzarət subyektlərinin benefisiar mülkiyyətçilərinin, idarəetmə funksiyalarını yerinə yetirən şəxslərinin, habelə nizamnamə kapitalında mühüm iştirak payının sahiblərinin, həmin sahib hüquqi şəxs olduqda onun icra orqanının rəhbərinin “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələblərinə uyğun olması faktı.
1.2. Bu Qanunun 7.5-ci, 7.6-cı, 48.12-ci, 52-ci, 53-cü, 54.2-ci, 57-ci, 58.2-ci, 60.1-ci, 60.3-cü maddələri və 7-ci fəsli nəzərə alınmaqla, bu Qanunun ödəniş təşkilatına, elektron pul təşkilatına və operatora dair tələbləri müvafiq olaraq xarici ödəniş təşkilatının, xarici elektron pul təşkilatının və xarici operatorun yerli filialına da şamil edilir.
1.3. Bu Qanunda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.