56.1. Mərkəzi Bank operatora lisenziya verilməsi üçün müraciətə bu Qanunun 50.1-50.5-ci və 50.8-ci maddələri ilə müəyyən edilmiş qaydada baxır.
56.2. Mərkəzi Bank operatora lisenziyanın verilməsindən aşağıdakı hallarda imtina edir:
56.2.1. Müraciət edən ona yazılı bildirişdə qeyd olunmuş çatışmazlıqları bu Qanunun 50.3-cü maddəsi ilə müəyyən olunan müddətdə aradan qaldırmadıqda və ya təqdim edilmiş sənədlərdə həqiqətə uyğun olmayan və ya təhrif olunmuş məlumatlar aşkar edildikdə;
56.2.2. təqdim edilmiş sənədlərdə bu Qanunun tələbləri ilə uyğunsuzluq aşkar edildikdə;
56.2.3. müraciət edənin icra orqanının rəhbəri bu Qanunun 60.2-ci və 60.4-cü maddələri ilə müəyyən edilmiş tələblərə cavab vermədikdə;
56.2.4. mühüm iştirak payının sahibləri bu Qanunun 61.4-cü maddəsi ilə müəyyən edilmiş tələblərə, benefisiar mülkiyyətçilər vətəndaş qüsursuzluğu tələbinə cavab vermədikdə;
56.2.5. mühüm iştirak pay sahiblərinin və ya benefisiar mülkiyyətçilərin müraciət edənə təsirinin onun etibarlı və prudensial idarə olunması üçün təhlükə törədəcəyinə əsaslar verən faktlar olduqda və ya müraciət edənin ilkin nizamnamə kapitalının mənbəyi məlum olmadıqda;
56.2.6. biznes-plan, daxili nəzarət sistemi, risklərin idarə edilməsi sistemi, o cümlədən fırıldaqçılıq hallarından, həssas ödəniş məlumatlarının və fərdi məlumatların qeyri-qanuni istifadəsindən müdafiə üçün təhlükəsizlik tədbirləri, habelə fövqəladə hallarda fəaliyyətin davamlılığı və bərpa planı bu Qanunun 55.3-cü maddəsi ilə müəyyən edilmiş tələblərə cavab vermədikdə.
56.3. Lisenziyanın verilməsindən imtina haqqında qərar imtina hallarına istinad edilməklə əsaslandırılır. Müraciət edən həmin qərardan məhkəməyə şikayət verə bilər.
56.4. Operator yenidən təşkil edildikdə, onun adı və ya hüquqi ünvanı dəyişdirildikdə o, lisenziyanın yenidən rəsmiləşdirilməsi üçün, lisenziya itirildikdə, zədələndikdə və ya məhv olduqda isə lisenziyanın dublikatının verilməsi üçün ərizə ilə Mərkəzi Banka müraciət edir. Həmin müraciətlərə bu Qanunun 50.10-cu, 50.11-ci və 50.14 – 50.17-ci maddələri ilə müəyyən edilmiş qaydada baxılır.