Qanunvericilik › Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 61

Maddə 61. Mühüm iştirak payı

Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

61.1. Ödəniş təşkilatı, elektron pul təşkilatı və ya operatorun mühüm iştirak payının sahibi bu Qanunun 61.4-cü maddəsində nəzərdə tutulmuş tələblərə uyğun olmalıdır. Hər hansı bir şəxs ödəniş təşkilatı, elektron pul təşkilatı və ya operatorun nizamnamə kapitalında mühüm iştirak payını, o cümlədən mövcud payını mühüm iştirak payına çatdıran əlavə payı, habelə mühüm iştirak payını artıraraq nizamnamə kapitalının 20, 33 və ya 50 faizinə çatmasına, bu miqdarı keçməsinə, yaxud ödəniş təşkilatının, elektron pul təşkilatının və ya operatorun həmin şəxsin törəmə cəmiyyətinə çevrilməsinə gətirib çıxaran iştirak payını bu Qanunla müəyyən edilmiş qaydada Mərkəzi Bankın razılığı əsasında əldə edə bilərlər.

61.2. Bu Qanunun 61.1-ci maddəsində qeyd olunan payın əldə edilməsindən əvvəl ödəniş təşkilatı, elektron pul təşkilatı və ya operator icazə almaq üçün Mərkəzi Banka ərizə təqdim etməlidir.

61.3. Bu Qanunun 48.9-cu maddəsinin tələbləri nəzərə alınmaqla, ərizəyə aşağıdakı sənədlər və məlumatlar əlavə edilir:

61.3.1. mühüm iştirak payının sahibi fiziki şəxs olduqda:

61.3.1.1. şəxsiyyətini təsdiq edən sənədin notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə uyğun olaraq təsdiq edilmiş surəti;

61.3.1.2. icazənin verilməsi ilə bağlı bu Qanunun 61.4.1-ci və 61.4.2-ci maddələri ilə müəyyənləşdirilən şərtlərə uyğunluğu təsdiq edən sənədlər;

61.3.2. mühüm iştirak payının sahibi hüquqi şəxs olduqda:

61.3.2.1. hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının və nizamnaməsinin notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə uyğun olaraq təsdiq edilmiş surəti;

61.3.2.2. nəzərdə tutulan iştirak payının əldə olunması barədə onun səlahiyyətli orqanının qərarının surəti;

61.3.2.3. hüquqi şəxsin və hüquqi şəxsin icra orqanının rəhbərinin (üzvləri) bu Qanunun 61.4-cü maddəsində müəyyənləşdirilən şərtlərə uyğunluğunu təsdiq edən sənədlər;

61.3.2-1. mühüm iştirak payının sahibi xarici hüquqi təsisatın idarəçisi qismində çıxış edən şəxs olduqda, bunu təsdiq edən sənəd, özünün və digər idarəçilərin (olduğu təqdirdə) xarici hüquqi təsisat təsisçisinin, xarici hüquqi təsisat benefisiarının (benefisiarlar qrupunun), xarici hüquqi təsisat təminatçısının (olduğu təqdirdə), habelə xarici hüquqi təsisat üzərində effektiv nəzarəti həyata keçirən digər şəxsin soyadını, adını, atasının adını (olduğu təqdirdə), doğum tarixini, fərdi identifikasiya nömrəsini və ya şəxsiyyətini təsdiq edən sənədin nömrəsini, vətəndaşlığını, daimi yaşayış yerini (bu şəxslər hüquqi şəxs olduqda onların adı və eyniləşdirmə nömrəsini) təsdiq edən sənədlərin və xarici hüquqi təsisatın təsis sənədinin qanunvericiliklə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş surəti, həmin şəxslər “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun məqsədləri üçün siyasi nüfuzlu şəxslər, onların yaxın qohumları və ya yaxın münasibətdə olduqları şəxslər olduqda bu barədə məlumat.

61.3.3. mühüm iştirak pay sahibinin mühüm iştirak payının əldə edilməsinə yönəldilən vəsaitinin mənbəyi.

61.4. Mühüm iştirak payının əldə edilməsinə icazənin verilməsi üçün şərtlər aşağıdakılardır:

61.4.1. mühüm iştirak payını əldə edəcək fiziki şəxsin və hüquqi şəxsin icra orqanının rəhbərinin (üzvlərinin) vətəndaş qüsursuzluğu tələbinə cavab verməsi;

61.4.2. mühüm iştirak payını əldə edəcək hüquqi şəxs barədə cinayət-hüquqi tədbirlərin görülməsi və ya hüquqi şəxsin müflis elan olunması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarının olmaması;

61.4.3. mühüm iştirak payının əldə edilməsinə yönəldilən vəsaitin mənbəyinin məlum olması, habelə mühüm iştirak pay sahibinin ödəniş təşkilatı, elektron pul təşkılatı və ya operatora təsirinin onun etibarlı və prudensial idarə olunması üçün təhlükə törədəcəyinə əsas verən faktların olmaması.

61.5. Bu Qanunun 61.4.2-ci maddəsində qeyd olunan şərtə uyğunluq ərizə verən şəxs tərəfindən imzalanmış məlumat əsasında təsdiq edilir.

61.6. Ərizəyə və ona əlavə edilmiş sənədlərə təqdim edildiyi tarixdən 60 (altmış) təqvim günü müddətində bu Qanunun 50.2-ci, 50.3-cü, 50.7-ci və 50.8-ci maddələri ilə müəyyən edilmiş qaydada baxılır. Həmin müddət müddətində Mərkəzi Bank ərizəyə dair münasibətini yazılı surətdə bildirmədikdə, ərizəyə müsbət baxılmış hesab edilir.

61.7. İcazənin verilməsi və ya verilməsindən imtina haqqında qərar qəbul olunduğu tarixdən 2 (iki) iş günü müddətində ödəniş təşkilatına, elektron pul təşkilatına və ya operatora təqdim edilir və ya elektron üsulla, yaxud sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Mərkəzi Bankın verdiyi icazədə iştirak payının əldə edilməsinin başa çatmalı olduğu maksimum müddət qeyd olunur.

61.8. Bu Qanunun 61.3-cü maddəsində nəzərə tutulan sənədlər tam təqdim edilmədikdə və ya bu Qanunun 61.4-cü maddəsində müəyyənləşdirilən şərtlərə uyğunluq olmadıqda icazənin verilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edilir. Ödəniş təşkilatı, elektron pul təşkilatı və ya operator həmin qərardan məhkəməyə şikayət verə bilər.

61.9. Mühüm iştirak payının ödənilməsi üçün bu Qanunun 61.7-ci maddəsinə uyğun olaraq nəzərdə tutulmuş son müddət başa çatdığı gündən 5 (beş) iş günü müddətində nəzarət subyekti payın alınması barədə Mərkəzi Banka yazılı məlumat təqdim etməlidir.

61.10. Mühüm iştirak payını əldə etmək istəyən şəxs payın ödənilməsi üçün müəyyən edilmiş son müddətədək həmin payı almadıqda və ya tam almadıqda Mərkəzi Bank bu Qanunun 61.9-cu maddəsində məlumatlandırma üçün nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra 5 (beş) iş günü müddətində icazəni tam və ya əldə edilməmiş hissəyə münasibətdə ləğv edir və bu barədə şəxsə yazılı bildirişi təqdim edir və ya elektron üsulla, yaxud sifarişli poçt göndərişi vasitəsilə göndərir.

61.11. Hər hansı bir şəxs mühüm iştirak payını əvvəlcədən icazəsi olmadan və ya bu Qanunun 61.7-ci maddəsinə uyğun olaraq nəzərdə tutulmuş son müddət başa çatdıqdan sonra əldə etdikdə, Mərkəzi Bank həmin şəxsin ödəniş təşkilatı, elektron pul təşkilatı və ya operatordakı payının icazəsiz alınan hissəsinin müəyyən etdiyi tarixədək ləğv edilməsi barədə yazılı göstəriş verir. Həmin şəxsin ləğv olunmalı hissədə səsvermə hüququ olaraq ödəniş təşkilatı, elektron pul təşkilatı və ya operatorun qərarlarının qəbul edilməsində nəzərə alınmır.

61.12. Operator bank olduğu təqdirdə mühüm iştirak payının sahiblərinə dair tələblər “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tənzimlənir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver