AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Olimpiya və Paralimpiya Oyunlarında iştirak etmək hüququ qazanmış idmançılara, onların məşqçilərinə, milli yığma komandanın baş məşqçisinə və məşqçilərinə xüsusi təqaüd verilməsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 24 mart 2003-cü il
1. Olimpiya və Paralimpiya Oyunlarında iştirak etmək hüququ qazanmış idmançılara, onların məşqçilərinə, milli yığma komandanın baş məşqçisinə və məşqçilərinə xüsusi təqaüd (bundan sonra - təqaüd) verilməsi Olimpiya və Paralimpiya Oyunlarına ciddi hazırlıq təlim-məşqlərinin keçirilməsini və Beynəlxalq arenada yüksək idman nailiyyətləri göstərilməsinin stimullaşdırılmasını təmin etmək məqsədi daşıyır.
2. Təqaüd Olimpiya və Paralimpiya Oyunlarında iştirak etmək hüququ qazanmış idmançılara, onların məşqçilərinə, milli yığma komandanın baş məşqçisinə və məşqçilərinə yalnız nağdsız qaydada ödənilir.
3. İdmanın oyun növlərində iştirak etmək hüququ qazanılan zaman təqaüd idmançılara, milli yığma komandanın baş məşqçisinə və məşqçilərinə verilir.
4. Olimpiya Oyunları üzrə: hər ay hər bir idmançıya minimum əməkhaqqının 2 misli məbləğində, onun məşqçisinə, milli yığma komandanın baş məşqçisinə minimum əməkhaqqının 1,5 misli məbləğində təqaüd ödənilir.
4-1. Paralimpiya Oyunları üzrə: hər ay hər bir idmançıya minimum əməkhaqqının 1 misli məbləğində, onun məşqçisinə, milli yığma komandanın baş məşqçisinə minimum əməkhaqqının 0,5 misli məbləğində təqaüd ödənilir.
5. Təqaüdlərin ödənilməsi iştirak etmək hüququ qazanılması faktının Beynəlxalq Federasiya tərəfindən təsdiq edilməsindən sonra həyata keçirilir. Olimpiya və Paralimpiya Oyunlarının başlanmasına qalan sonuncu ay təqaüdlərin ödənilməsinin son müddəti hesab olunur.
6. Təqaüdlərin ödənilməsini Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində bədən tərbiyəsi və idman tədbirləri üçün bu nazirlik üzrə nəzərdə tutulan vəsaitlər hesabına həyata keçirir.
7. Təqaüdlərin təyin edilməsi və ödənilməsi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin müvafiq əmri ilə həyata keçirilir.
1. 2 may 2006-cı il tarixli 119 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 463)
2. 25 sentyabr 2007-ci il tarixli 143 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 9, maddə 919)
26 may 2017-ci il tarixli 231 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 may 2017-ci il, № 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 1002)
18 yanvar 2024-cü il tarixli 27 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 19 yanvar 2024-cü il, “Xalq” qəzeti, 20 yanvar 2024-cü il, № 12, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 1, maddə 94)