“Azərbaycan Respublikasında innovativ inkişaf sahəsində koordinasiyanın təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 10 yanvar tarixli 881 nömrəli Sərəncamının 3.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Ölkədə mövcud olan qabaqcıl texnoloji avadanlıqla təchiz edilmiş elmi tədqiqat mərkəzlərinin və laboratoriyaların (tədqiqat infrastrukturunun) reyestrinin tərtib olunması və aparılması Qaydası” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV
Bakı şəhəri, 1 avqust 2019-cu il
1.1. Bu Qayda ölkədə mövcud olan qabaqcıl texnoloji avadanlıqla təchiz edilmiş elmi tədqiqat mərkəzlərinin və laboratoriyaların (tədqiqat infrastrukturunun) (bundan sonra - tədqiqat infrastrukturu) reyestrinin (bundan sonra - Reyestr) tərtib olunması və aparılması qaydasını müəyyən edir.
1.2. Qabaqcıl texnoloji avadanlıqlar dedikdə, ən son elmi-texniki nailiyyətlər əsasında yaradılan və yüksək texnoloji göstəricilərə malik olan, innovativ layihələrin işlənilməsi və həyata keçirilməsi istiqamətində elmi tədqiqat işlərinin aparılmasını təmin edən müasir texniki vasitələr nəzərdə tutulur.
1.3. Reyestr - ölkədə mövcud olan tədqiqat infrastrukturu haqqında məlumatların (qeydlərin) məcmusudur.
1.4. Reyestrin tərtib olunmasının və aparılmasının məqsədi ölkədə mövcud olan tədqiqat infrastrukturunun mərkəzləşdirilmiş məlumat bazasını yaratmaqla, elmi tədqiqat fəaliyyətini həyata keçirən elmi müəssisə və təşkilatların, alim və tədqiqatçıların həmin tədqiqat infrastrukturunun xidmətlərindən vaxtında, çevik və səmərəli istifadəsinin təmin edilməsidir.
1.5. Reyestrin tərtib edilməsi və aparılması, elmi tədqiqat mərkəzlərinin və laboratoriyaların tədqiqat infrastrukturu kateqoriyasına aid edilməsi Azərbaycan Milli Elmlər Akademiyası (bundan sonra - AMEA) tərəfindən həyata keçirilir.
2.1. Reyestrə dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan qabaqcıl texnoloji avadanlıqla təchiz edilmiş tədqiqat infrastrukturları daxil edilir. Qabaqcıl texnoloji avadanlıqla təchiz edilmiş digər tədqiqat infrastrukturları müraciətləri əsasında Reyestrə daxil edilə bilər.
2.2. Reyestrə daxil edilmək üçün elmi tədqiqat mərkəzləri və laboratoriyalar AMEA-ya aşağıdakı sənədləri elektron formada AMEA tərəfindən bu məqsədlə yaradılmış elektron portalda “Ərizəçinin elektron şəxsi kabineti” vasitəsilə qeydiyyatdan keçdikdən sonra təqdim edir:
2.2.1. elektron ərizə;
2.2.2. elmi tədqiqat mərkəzlərinin və laboratoriyaların hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin və dövlət reyestrindən çıxarışının surətləri;
2.2.3. elmi tədqiqat mərkəzlərində və laboratoriyalarda mövcud olan və qabaqcıl hesab edilən texnoloji avadanlıqların siyahısı (əsas texniki və texnoloji xüsusiyyətləri barədə məlumatlar göstərilməklə);
2.2.4. elmi tədqiqat mərkəzlərində və laboratoriyalarda mövcud olan və qabaqcıl hesab edilən texnoloji avadanlıqlarda elmi tədqiqat, təcrübə-konstruktor və ya texnoloji işlərin aparılması nəticəsində yaradılan müəlliflik hüququ və ya patent hüququ ilə qorunan əqli mülkiyyət obyektlərinin qeydiyyatı haqqında şəhadətnamələrin surətləri (olduğu təqdirdə);
2.2.5. elmi tədqiqat mərkəzlərində və laboratoriyalarda yaradılmış əqli mülkiyyət obyektlərinin istehsalatda tətbiqi nəticəsində istehsal olunan məhsulların siyahısı (olduğu təqdirdə).
2.3. Müvafiq elektron portala keçid AMEA-nın rəsmi internet saytında yerləşdirilir.
2.4. AMEA tərəfindən elmi tədqiqat mərkəzlərinin və laboratoriyaların tədqiqat infrastrukturu kateqoriyasına aid edilməsi bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq təqdim olunmuş sənədlərin ekspertizası və texnoloji avadanlıqların qiymətləndirilməsi yolu ilə həyata keçirilir.
2.5. AMEA 15 iş günü müddətində bu Qaydanın 2.4-cü bəndində nəzərdə tutulmuş ekspertiza və qiymətləndirmə işlərini həyata keçirir və bu işlərin nəticəsindən asılı olaraq, elmi tədqiqat mərkəzlərinin və laboratoriyaların tədqiqat infrastrukturu kateqoriyasına aid edilib-edilməməsi barədə müvafiq qərar qəbul edir.
2.6. Tədqiqat infrastrukturu kateqoriyasına aid edilmiş elmi tədqiqat mərkəzləri və laboratoriyalar Reyestrə daxil edilir. Reyestrə daxil edilmiş tədqiqat infrastrukturuna onun Reyestrə daxil edilməsini təsdiq edən elektron formada arayış verilir.
2.7. Arayış tədqiqat infrastrukturunun Reyestrə daxil edilməsi barədə qərar qəbul edildiyi gündən etibarən 5 (beş) iş günü müddətində “Ərizəçinin elektron şəxsi kabineti”ndə yerləşdirilir.
2.8. Reyestrə daxil edilməkdən aşağıdakı hallarda imtina edilir:
2.8.1. ərizədə göstərilən məlumatlar və (və ya) ona əlavə edilən sənədlər yanlış olduqda;
2.8.2. təqdim olunmuş sənədlər elmi tədqiqat mərkəzlərinin və laboratoriyaların fəaliyyətini tənzimləyən qanunvericilik aktlarına, həmçinin bu Qaydaya zidd olduqda;
2.8.3. texnoloji avadanlıq qabaqcıl texnoloji avadanlıqlara münasibətdə irəli sürülən tələblərə cavab vermədikdə.
2.9. Elmi tədqiqat mərkəzlərinin və laboratoriyaların Reyestrə daxil edilməsindən imtina edilərsə, imtina səbəblərini özündə əks etdirən qərar onun qəbul edilməsindən 5 (beş) iş günü müddətində “Ərizəçinin elektron şəxsi kabineti”ndə yerləşdirilir. Elmi tədqiqat mərkəzləri və laboratoriyalar imtinaya səbəb olmuş halları aradan qaldırdıqdan sonra Reyestrə daxil edilmə ilə bağlı yeni müraciət təqdim edə bilərlər.
2.10. Reyestrdən çıxarılmanın əsasları aşağıdakılardır:
2.10.1. AMEA tərəfindən tədqiqat infrastrukturunun Reyestrə daxil edilmə ilə bağlı tələblərə cavab vermədiyi aşkar edildikdə;
2.10.2. könüllülük prinsipi əsasında müraciətlə Reyestrə daxil edilmiş tədqiqat infrastrukturunun Reyestrdən çıxarılması barədə ərizəsi;
2.10.3. tədqiqat infrastrukturunun fəaliyyətinə xitam verilməsi.
2.11. Bu Qaydanın 2.10-cu bəndində nəzərdə tutulmuş əsaslardan hər hansı biri olduqda, AMEA tədqiqat infrastrukturunun Reyestrdən çıxarılması barədə qərar qəbul edir.
3.1. Reyestrə aşağıdakı məlumatlar daxil edilir:
3.1.1. tədqiqat infrastrukturunun adı;
3.1.2. tədqiqat infrastrukturunun hüquqi ünvanı, hüquqi ünvandan fərqlidirsə faktiki ünvanı, əlaqə telefonları, internet saytı və elektron poçt ünvanı;
3.1.3. tədqiqat infrastrukturunun vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;
3.1.4. tədqiqat infrastrukturunun əsas fəaliyyət istiqamətləri və istifadəsində olan qabaqcıl texnoloji avadanlıqlar barədə məlumatlar;
3.1.5. tədqiqat infrastrukturunda mövcud olan qabaqcıl texnoloji avadanlıqlardan istifadə edilməklə yaradılmış müəlliflik hüququ və ya patent hüququ ilə qorunan əqli mülkiyyət obyektləri barədə məlumatlar (olduğu təqdirdə);
3.1.6. tədqiqat infrastrukturunda yaradılmış əqli mülkiyyət obyektlərinin istehsalatda tətbiqi nəticəsində istehsal olunan məhsullar barədə məlumatlar (olduğu təqdirdə);
3.1.7. tədqiqat infrastrukturundan üçüncü şəxslər tərəfindən istifadə olunmasının mümkünlüyü və müvafiq şərtləri barədə məlumatlar.
3.2. 3.1.7-ci yarımbənd nəzərə alınmaqla, tədqiqat infrastrukturundan istifadə ilə bağlı elektron qaydada müraciət etmək imkanı Reyestrin yerləşdiyi müvafiq elektron portalda təmin olunur.
4.1. AMEA Reyestrə daxil edilmiş tədqiqat infrastrukturları haqqında məlumatları elektron portalda ümumi istifadə üçün açıq şəkildə yerləşdirir.
4.2. Reyestrdə olan məlumatların dəqiqliyini təmin etmək məqsədilə AMEA mütəmadi olaraq həmin məlumatların yenilənməsini təmin edir.
4.3. Reyestrə daxil edilmiş tədqiqat infrastrukturu bu Qaydanın 3-cü bəndində göstərilən məlumatlarda dəyişikliklər baş verdiyi halda, 5 (beş) iş günü müddətində həmin dəyişikliklər barədə məlumatları “Ərizəçinin elektron şəxsi kabineti”ndən istifadə etməklə elektron portal vasitəsilə AMEA-ya təqdim edir. AMEA dəyişikliklər barədə məlumatlar təqdim edildiyi tarixdən 3 (üç) iş günü müddətində Reyestrdə müvafiq dəyişikliklər aparılmasını təmin edir.
5.1. Reyestrdən dövlət və bələdiyyə orqanları və qurumları, idarə, müəssisə və təşkilatlar, qeyri-hökumət təşkilatları, elmi müəssisə və təşkilatlar, alim və tədqiqatçılar və digər hüquqi və fiziki şəxslər istifadə edə bilərlər.
1. 2 aprel 2024-cü il tarixli 186 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 3 aprel 2024-cü il, “Xalq” qəzeti, 4 aprel 2024-ci il, № 69, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 4, maddə 439)