“Onkoloji yardım haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 442 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Onkoloji xəstəliklərin azaldılmasına yönəldilmiş müalicə-profilaktika tədbirlərinin həyata keçirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 21 noyabr 2006-cı il
1. Bu Qayda “Onkoloji yardım haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 442 nömrəli Fərmanının 1.3-cü bəndinin icrası məqsədilə hazırlanmışdır və onkoloji xəstəliklərin azaldılmasına yönəldilmiş müalicəprofilaktika tədbirlərinin həyata keçirilməsi qaydasını müəyyən edir.
2. Onkoloji xəstəliklərin azaldılmasına yönəldilmiş müalicə-profilaktika tədbirləri özündə profilaktika, diaqnostika, müalicə və reabilitasiya tədbirlərini cəmləşdirir.
3. Onkoloji xəstəliklərin profilaktikası aşağıdakı yollarla həyata keçirilir:
3.1. əhalinin həyatına və sağlamlığına mənfi təsiri olan kimyəvi maddələrin, radioaktiv maddə və tullantıların, sənaye texnologiyalarının müəyyənləşdirilməsi və onların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi və ətraf mühitin insan həyatına potensial təhlükə yaradan vəziyyəti barədə əhaliyə tam və dəqiq informasiya verilməsi;
3.2. bədxassəli şiş əmələ gətirən amillərin orqanizmə təsirini aradan qaldırmağa və ya əhəmiyyətli dərəcədə azaltmağa, orqanizmin müqavimətini artırmağa doğru yönəldilmiş sosial-gigiyenik tədbirlərin və əhali arasında sanitar maarifləndirmə işlərinin aparılması;
3.3. xərçəngönü xəstəlikləri və xərçəngin erkən formaları olan şəxslərin aşkar edilməsi, qeydiyyata götürülməsi və müalicə məqsədilə dispanserizasiyası;
3.4. ağır, zərərli və təhlükəli istehsalatlarda işçilərlə əmək müqaviləsi bağlanılarkən onların hökmən ilkin tibbi müayinədən, sonralar isə vaxtaşırı icbari tibbi müayinələrdən keçirilməsi.
4. Hər bir şəxsə onun fərdi müraciəti və ya müalicə-profilaktika müəssisəsinin göndərişi əsasında ixtisaslaşdırılmış onkoloji müəssisələrdə, habelə onların fərdi müraciəti əsasında “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq lisenziya almış özəl tibb müəssisələrində (lisenziyanın əlavəsinə uyğun olaraq) onkoloji yardım göstərilir.
5. Onkoloji xəstələrin diaqnozunu dəqiqləşdirmək üçün aparılan ilkin müayinə tədbirləri kliniki, instrumental və laborator üsullarla həyata keçirilir.
6. Onkoloji xəstələrin diaqnozu ilkin müayinə zamanı təsdiq edildikdə, cərrahi və yaxud qeyri-cərrahi (dərman, şüa terapiyası), digər hallarda isə həmin üsulların kombinə və kompleks formalarında ixtisaslaşdırılmış dövlət tibb müəssisələrində və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq lisenziya almış özəl tibb müəssisələrində (lisenziyanın əlavəsinə uyğun olaraq) aparılır.
7. Azərbaycan Respublikasının vətəndaşı olan onkoloji xəstələrə tibbi yardım dövlət onkoloji tibb müəssisələrində stasionar və ambulator şəraitində dövlət vəsaiti hesabına həyata keçirilir.
8. Azərbaycan Respublikasının ərazisində daimi yaşayan əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin onkoloji müəssisələrdə müayinə və müalicəsi ödənişli əsaslarla həyata keçirilir, onlara təxirəsalınmaz onkoloji yardım isə ixtisaslaşdırılmış dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına göstərilir.
9. Onkoloji xəstələrə reabilitasiya və dispanser nəzarəti tədbirləri Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.
10. Onkoloji xəstələrə tibbi yardım göstərən həkim-onkoloqun və digər tibbi heyətin (nevropatoloq, psixoterapevt, loqoped, ortoped və digər tibb personalı ilə yanaşı, protezlərin hazırlanması üzrə ixtisası olan və s.) fəaliyyəti peşə etikası əsasında qurulur.
1. 3 may 2021-ci il tarixli 126 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 may 2021-ci il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5, maddə 505)
2. 8 sentyabr 2026-cı il tarixli 265 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 8 sentyabr 2026-cı il, “Xalq” qəzeti, 10 sentyabr 2026-cı il, № 164)