Qanunvericilik › “Onkoloji yardım göstərən dövlət tibb müəssisələrində onkoloji xəstələrin dərman vasitələri ilə təminatı Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 20.12.2006) › Tam mətn

“Onkoloji yardım göstərən dövlət tibb müəssisələrində onkoloji xəstələrin dərman vasitələri ilə təminatı Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 20.12.2006)

“Onkoloji yardım göstərən dövlət tibb müəssisələrində onkoloji xəstələrin dərman vasitələri ilə təminatı Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 20.12.2006) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Onkoloji yardım haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 442 nömrəli Fərmanının 1.5-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Onkoloji yardım göstərən dövlət tibb müəssisələrində onkoloji xəstələrin dərman vasitələri ilə təminatı Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 20 dekabr 2006-cı il

1. Bu Qayda “Onkoloji yardım haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 442 nömrəli Fərmanının 1.5-ci bəndinin icrası məqsədilə hazırlanmışdır və onkoloji yardım göstərən dövlət tibb müəssisələrində onkoloji xəstələrin dərman vasitələri ilə təminatı qaydasını müəyyən edir.

2. Onkoloji xəstələr ümumi təyinatlı müalicə-profilaktika müəssisələrində, yaşadıqları ərazi üzrə ambulator-poliklinika müəssisəsinin onkoloji kabinetində və ya onkoloji dispanserlərdə qeydiyyata alınırlar.

3. Onkoloji xəstələr dövlət tibb müəssisələrində müalicə olunduqda Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş siyahı əsasında dərman vasitələri ilə təmin olunurlar.

4. Onkoloji xəstələr dövlət tibb müəssisələrində müalicə olunduqda dərman vasitələrini, o cümlədən narkotik və qeyrinarkotik ağrıkəsici preparatları almaq üçün onlara qeydiyyatda olduqları ambulator-poliklinika müəssisəsi (onkoloji dispanser və ya ərazi poliklinikasının onkoloji kabinetində fəaliyyət göstərən həkim onkoloq) tərəfindən 2 nüsxədən ibarət resept yazılır.

5. Pulsuz dərman Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş xüsusi formada olan resept nüsxəsində yazılır.

6. Onkoloji xəstələr üçün spesifik dərman preparatları ilə təyin olunan müalicə 21 günlük intervalla, 6 kursdan az olmamaq şərtilə aparılır.

7. Onkoloji xəstələr tibbi göstərişlər əsasında yazılmış reseptlə zəruri miqdarda narkotik və qeyri-narkotik ağrıkəsici preparatlar ala bilərlər.

8. Onkoloji xəstələrin dərman vasitələri, o cümlədən narkotik və qeyrinarkotik ağrıkəsici preparatlarla təminatı xüsusi resept əsasında ambulator-poliklinika müəssisəsinin (onkoloji dispanser və ya ərazi poliklinikası) müqavilə bağladığı aptek vasitəsilə həyata keçirilir.

9. Onkoloji xəstələrin resept əsasında pulsuz aldıqları dərman vasitələrinin, o cümlədən narkotik və qeyri-narkotik ağrıkəsici preparatların dəyəri dövlət büdcəsinin vəsaitləri hesabına ödənilir.

1. 8 sentyabr 2020-ci il tarixli 329 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 10 sentyabr 2020-ci il, № 182, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 9, maddə 1203)

2. 25 sentyabr 2024-cü il tarixli 443 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 27 sentyabr 2024-cü il, “Azərbaycan” qəzeti, 29 sentyabr 2024-cü il, № 213, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 9, maddə 1106)

3. 8 sentyabr 2026-cı il tarixli 265 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 8 sentyabr 2026-cı il, “Xalq” qəzeti, 10 sentyabr 2026-cı il, № 164)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver