Qanunvericilik › “Ortamüddətli dövr üçün hədəf göstəricilərinin müəyyən edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 22.06.2026) › Tam mətn

“Ortamüddətli dövr üçün hədəf göstəricilərinin müəyyən edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 22.06.2026)

“Ortamüddətli dövr üçün hədəf göstəricilərinin müəyyən edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 22.06.2026) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 14 iyul tarixli 245-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 4 avqust tarixli 466 nömrəli Fərmanının 2.1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Ortamüddətli dövr üçün hədəf göstəricilərinin müəyyən edilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 22 iyun 2026-cı il

1.1. Bu Qayda “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 12.1.3-cü maddəsinə uyğun olaraq ortamüddətli dövr üçün hədəf göstəricilərinin müəyyən edilməsi qaydasını tənzimləyir.

1.2. Bu Qaydanın məqsədi fiskal dayanıqlığın təmin edilməsi, dövlət maliyyəsinin uzunmüddətli sabitliyinin qorunması, proqnoz xətalarının azaldılması, makroiqtisadi proqnozlarla fiskal siyasət qərarlarının beynəlxalq standartlara uyğunlaşdırılmasının təmin olunmasıdır.

1.3. Bu Qayda ilə müəyyən edilən ortamüddətli dövr üçün hədəf göstəriciləri indikativ xarakter daşıyır və dövlət büdcəsinin gəlirlərinin ortamüddətli dövr üçün proqnozlaşdırılmasında, real sektora tətbiq edilən fiskal güzəştlərin miqyasının müəyyən edilməsində, büdcə-vergi siyasətinin əsaslandırılmasında istifadə olunur, büdcə qaydasının əsas parametrləri üzrə müəyyən edilmiş yuxarı hədləri əvəz etmir.

2.1. Ortamüddətli dövr üçün hədəf göstəriciləri hər dörd ildən bir ortamüddətli dövrün son ili üçün bazis hədəf kimi müəyyən edilir.

2.2. Fiskal dayanıqlığın təmin edilməsi, dövlət maliyyəsinin uzunmüddətli sabitliyinin qorunması, qeyri-neft-qaz gəlirləri bazasının genişləndirilməsi, qeyri-neft-qaz sektorunda vergi və gömrük sahəsində tətbiq edilən güzəştlərin fiskal təsirinin şəffaf şəkildə qiymətləndirilməsi məqsədilə ortamüddətli dövr üçün aşağıdakı hədəf göstəriciləri müəyyən edilir:

2.2.1. qeyri-neft-qaz sektorunda vergi və gömrük sahəsində güzəştlərin qeyri-neft-qaz Ümumi Daxili Məhsula (bundan sonra – ÜDM) nisbət göstəricisi – vergi və gömrük güzəştlərinin maliyyə yükünü əks etdirən, vergi və gömrük güzəştlərinin miqyasını, bu güzəştlərin büdcə gəlirləri və iqtisadi aktivliyə təsirini ölçməyə imkan verən göstəricidir;

2.2.2. dövlət büdcəsinin qeyri-neft-qaz gəlirləri üzrə proqnoz və faktiki göstəricilər arasında fərq göstəricisi – dövlət büdcəsinin qeyri-neft-qaz gəlirləri üzrə proqnoz göstəricilərinin dəqiqliyini qiymətləndirməyə imkan verən, büdcə proqnozlaşdırılmasının səmərəliliyini və fiskal intizamın səviyyəsini əks etdirən göstəricidir.

2.3. Ortamüddətli dövr üçün hədəf göstəriciləri Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə razılaşdırmaqla müəyyən edilir.

2.4. Bu Qaydanın 3-cü hissəsinə uyğun olaraq ortamüddətli dövr üçün hədəf göstəriciləri Nazirlik tərəfindən fiskal dayanıqlıq prinsipi, habelə ortamüddətli dövr üçün makroiqtisadi proqnozlar nəzərə alınmaqla hazırlanır.

2.5. Ortamüddətli dövr üçün hədəf göstəriciləri büdcə-vergi siyasətinin əsas istiqamətlərinin hazırlanmasında nəzərə alınır və “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 12.1.3-cü maddəsinə uyğun olaraq növbəti büdcə ili üzrə dövlət büdcəsinin layihəsi ilə birlikdə Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunur.

3.1. Qeyri-neft-qaz sektorunda vergi və gömrük sahəsində güzəştlərinin qeyri-neft-qaz ÜDM-ə nisbət göstəricisi aşağıdakı düsturla müəyyən olunur:

Gg – qeyri-neft-qaz sektorunda tətbiq edilən vergi və gömrük sahəsində güzəştlərinin qeyri-neft-qaz ÜDM-ə nisbət göstəricisi;

Gq/n – ortamüddətli dövrün sonuna vergi və gömrük güzəştlərinin məbləği;

ÜDMq/n – ortamüddətli dövrün sonuna qeyri-neft-qaz sektoru üzrə ÜDM.

3.2. Dövlət büdcəsinin qeyri-neft-qaz gəlirləri üzrə faktiki və proqnoz göstəriciləri arasında fərq göstəricisi dövlət büdcəsinin qeyri-neft-qaz gəlirlərinin proqnozlaşdırılması dəqiqliyini, habelə büdcə proqnozlaşdırılması ilə faktiki icra göstəriciləri arasında uyğunluq səviyyəsini əks etdirir. Həmin göstərici dövlət büdcəsinin qeyri-neft-qaz gəlirləri üzrə faktiki və proqnoz göstəriciləri arasında fərq qeyri-neft-qaz ÜDM-in faktiki və proqnoz göstəriciləri arasındakı fərq nəzərə alınmaqla hədəf kimi müəyyən edilir.

3.3. Dövlət büdcəsinin qeyri-neft-qaz gəlirləri üzrə faktiki və proqnoz göstəriciləri arasında fərq göstəricisi aşağıdakı düsturla hesablanır:

Fg – dövlət büdcəsinin qeyri-neft-qaz gəlirləri üzrə faktiki və proqnoz göstəriciləri arasında fərq göstəricisi;

Gf – dövlət büdcəsinin qeyri-neft-qaz gəlirlərinin faktiki icra göstəricisi;

GP – dövlət büdcəsinin qeyri-neft-qaz gəlirləri üzrə proqnoz göstəricisi;

– qeyri-neft-qaz ÜDM-in faktiki icra göstəricisi;

– qeyri-neft-qaz ÜDM-in proqnoz göstəricisi.

3.4. Hədəf göstəricilərinin hesablanmasında istifadə olunan proqnoz göstəriciləri dövlət büdcəsinin tərtibi prosesində tətbiq edilən fiskal məhdudiyyətlər, o cümlədən büdcə qaydasının əsas parametrləri üzrə göstəricilər nəzərə alınmaqla müəyyən edilir.

4.1. Ortamüddətli dövr üçün hədəf göstəricilərinin düzgün müəyyən edilməsi məqsədilə aşağıdakı statistik və maliyyə hesabatlarından istifadə olunur:

4.1.1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi – faktiki ÜDM, o cümlədən qeyri-neft-qaz ÜDM, onun iqtisadi fəaliyyət növləri üzrə strukturu və digər əlaqədar makroiqtisadi göstəricilər;

4.1.2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi – ölkənin ortamüddətli iqtisadi və sosial inkişaf proqnozları;

4.1.3. Nazirlik – dövlət büdcəsinin icrası və büdcə qaydası üzrə göstəricilər, vergi güzəştlərinin qiymətləndirilməsinə dair məlumatlar;

4.1.4. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi – idxal gömrük rüsumlarına və vergilərə, malların idxalı və ixracı haqqında xarici ticarətin gömrük statistikasına dair məlumatlar.

4.2. Nazirlik hədəf göstəricilərinin gözlənilən icrasına təsir göstərə biləcək fiskal risklərin təhlilini hər il dövlət büdcəsi layihəsinə dair izahatın tərkibində ayrıca bölmə kimi əks etdirir.

5.1. Ortamüddətli dövr üçün hədəf göstəricilərinin faktiki icrası barədə məlumatlar hər il dövlət büdcəsinin icrası ilə bağlı Nazirlik tərəfindən hazırlanan hesabatda əks olunur və aşağıdakıları əhatə edir:

5.1.1. hər bir hədəf göstərici üzrə faktiki icra vəziyyəti;

5.1.2. proqnozla faktiki göstəricilər arasındakı fərqlər;

5.1.3. fərqlərin yaranma səbəbləri və onların təhlili.

5.2. Nazirlik tərəfindən aparılan təhlillər nəticəsində əldə olunan əsas nəticələr növbəti illərə dair hədəflərin müəyyənləşdirilməsində nəzərə alınır.

Bu Qayda ilə müəyyən edilmiş hədəf göstəricilərinin icra vəziyyətinin qiymətləndirilməsi, habelə bu Qaydanın 4-cü hissəsində nəzərdə tutulan məlumatların toplanması, təhlili və hesabatlılığın təmin edilməsi Nazirlik tərəfindən həyata keçirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver