Qanunvericilik › “Övladlığa götürmə haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə (Ədliyyə Nazirliyi, 29.08.2013) › Tam mətn

“Övladlığa götürmə haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə (Ədliyyə Nazirliyi, 29.08.2013)

“Övladlığa götürmə haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə (Ədliyyə Nazirliyi, 29.08.2013) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”na uyğun olaraq “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin 19-cu bəndinə əsasən Kollegiya

1. “Övladlığa götürmə haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi təmin olunsun (A.Əliyev).

3. Qərar aidiyyəti ədliyyə orqanlarına göndərilsin.

Azərbaycan Respublikasının

I dərəcəli dövlət ədliyyə müşaviri

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 29 avqust tarixli 12-N nömrəli Qərarı ilə təsdiq edilmişdir

1.1. Elektron xidmətin adı: Övladlığa götürmə haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu.

1.2. Elektron xidmətin məzmunu: Bu xidmət istifadəçinin qeydiyyat orqanına getmədən övladlığa götürmənin dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin elektron formada qəbulu qaydalarını müəyyən edir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

- Azərbaycan Respublikası Ailə Məcəlləsinin 159.1-ci və 176-178-ci maddələri;

- "Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 6 mart tarixli 297 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2-ci hissəsinin 4-cü abzası;

- Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.5-ci bəndi;

- “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-ci hissəsi;

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 1.4-cü bəndi və 4-cü hissəsi;

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və “Elektron xidmət növlərinin Siyahısı”nın 3.9-cu bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Elektron xidmət qismən avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: 2 iş günü.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Övladlığa götürmə haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı aparılır və istifadəçi şəhadətnamə(lər)i götürmək üçün qeydiyyat orqanına dəvət olunur.

2.1. Elektron xidmətin növü: interaktiv

2.2. Elektron xidmət üzrə ödəniş: ödənişsiz

2.3. Elektron xidmətin istifadəçiləri: fiziki şəxslər.

2.4. Elektron xidmətin təqdim olunma yeri: http://www.e-gov.az; http://exidmet.justice.gov.az

2.5. Elektron xidmət barədə məlumatlandırma:

İnternet ünvanı: http://www.e-gov.az; http://www.justice.gov.az

Elektron poçt: contact@justice.gov.az / notvva@justice.gov.az

Telefon: (+99412) 430 09 77 / (+99412) 404 42 81

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:

2.6.1. Övladlığa götürmə haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı üçün istifadəçi tərəfindən elektron qaydada doldurulan ərizəyə aşağıdakılar əlavə olunur:

Övladlığa götürmə haqqında məhkəmə qətnaməsinin skan edilmiş surəti. Qətnamə ilə şəxsin eyniləşdirilməsi mümkün olmadıqda aşağıdakılar da tələb olunur:

Övladlığa götürülənin doğumu haqqında şəhadətnamənin skan edilmiş surəti;

Övladlığa götürənlərin şəxsiyyət vəsiqələrinin seriya və nömrəsi;

Övladlığa götürülən yetkinlik yaşına çatmışsa onun şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi.

İstifadəçi qeydiyyat orqanına gəldikdə şəxsiyyət vəsiqəsi istisna olmaqla bu reqlamentin 2.6.1-ci yarımbəndində göstərilən sənədlərin əslini təqdim etməlidir.

3.1. İnteraktiv növlü elektron xidmətlər istifadəçilər üçün daim açıqdır və müraciət edilməsi hər hansı qaydada məhdudlaşdırıla bilməz.

3.2. İnteraktiv elektron xidmətlər üçün sorğu:

İstifadəçi bu reqlamentin 2.6.1-ci yarımbəndində qeyd olunanlar əsasında övladlığa götürmənin dövlət qeydiyyatı üçün elektron ərizə formasına müvafiq məlumatları əlavə edərək elektron xidmətin təqdim edildiyi internet ünvanına göndərir.

3.2.1. Sorğunun formalaşdırılması: İnformasiya sisteminin müvafiq pəncərəsində övladlığa götürənlər qeydiyyat orqanını seçir, özləri haqqında aşağıda qeyd olunan məlumatları, həmçinin elektron poçt ünvanını daxil edərək sorğunu formalaşdırır.

Övladlığa götürənlər haqqında tələb olunan məlumatlar: şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi (seriya və nömrə daxil edildikdə avtomatik olaraq ad, soyad, ata adı, doğum tarixi və yeri haqqında məlumatlar daxil olur), vətəndaşlığı (əgər övladlığa götürən əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olarsa “Digər” sahəsi seçilərək ad, soyad, ata adı, doğum tarixi və doğulduğu yer hissələri əl ilə doldurulur), milliyyəti, yaşayış yeri, iş yeri və vəzifəsi, təhsili.

3.2.2. Sorğunun qəbulu: Sorğu internet səhifəsinə daxil olduğu gün qeydiyyata alınır. Sorğunun qəbul edilməsi ilə bağlı istifadəçinin elektron poçtuna dərhal bildiriş göndərilir.

3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

İstifadəçi informasiya sisteminin müvafiq pəncərəsində tələb olunan məlumatları daxil edərək elektron xidmətdən istifadə edir.

3.3.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: İstifadəçi tərəfindən təqdim olunmuş sənədlərdə çatışmazlıqlar (ərizə formasının tam doldurulmaması, bu reqlamentin 2.6.1-ci yarımbəndində aidiyyəti olanlardan birinin və ya bir neçəsinin ərizəyə əlavə olunmaması) aşkar edildikdə, sorğunun yerinə yetirilməsindən imtina edilir və imtinanın səbəbləri barədə ərizəçinin elektron poçtuna dərhal məlumat göndərilir.

Elektron xidmətin göstərilməsindən imtina istifadəçinin yenidən müraciət etməsinə mane olmur.

3.3.2. Sorğunun qəbulu: İstifadəçi tərəfindən təqdim edilmiş sənədlər bu reqlamentin 2.6-cı bəndində göstərilənlərə uyğun olduqda sorğu qəbul olunur.

3.4. Sorğunun icrası:

İstifadəçi elektron xidmət vasitəsilə aidiyyəti qeydiyyat orqanını seçərək, elektron qaydada ərizə formasını doldurduqdan və 2.6-cı bənddə göstərilənləri göndərdikdən sonra qeydiyyat orqanı tərəfindən övladlığa götürmənin qeydiyyatı aparılır.

3.4.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:

– Ərizə və müvafiq sənədlər qeydiyyat orqanı tərəfindən qəbul edilir;

– Məlumatlar və sənədlər yoxlanılır;

– Övladlığa götürmə haqqında şəhadətnamə (bəzi hallarda əlavə olaraq doğum haqqında ilkin şəhadətnamə) hazırlanaraq onun təqdim edilməsi üçün vətəndaş qeydiyyat orqanına dəvət olunur.

Elektron xidmətin icrasına görə aidiyyəti qeydiyyat orqanı məsuliyyət daşıyır.

3.4.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və ya maksimal yerinə yetirilmə müddəti:

– Qeydiyyat orqanının məsul şəxsi sənədləri və elektron ərizə formasını qəbul edir;

– Məlumatların düzgünlüyü və qanunvericiliyin tələblərinə uyğun olub-olmaması qeydiyyat orqanının məsul şəxsi tərəfindən yoxlanılır.

– Övladlığa götürmə haqqında şəhadətnamə eləcə də övladlığa götürülmüş uşağa övladlığa götürənin adı ilə ata adı və soyadı verilərsə, habelə övladlığa götürülənin adı dəyişdirilərsə, övladlığa götürənlər övladlığa götürülənin valideynləri kimi yazılarsa, eləcə də övladlığa götürülənin doğulduğu yer dəyişdirilərsə, övladlığa götürülmüş uşağın doğum haqqında akt qeydinə dəyişikliklər edilməklə doğum haqqında ilkin şəhadətnamə hazırlanaraq elektron poçt ünvanı vasitəsilə onların verilmə vaxtı və yeri barədə istifadəçiyə məlumat verilir.

İnzibati əməliyyatlar qeydiyyat orqanı tərəfindən 2 iş günü müddətində icra edilir.

3.4.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanları haqqında məlumat: Yoxdur.

3.4.4. Hər bir inzibati prosedurun nəticəsi:

– Sənədlər və elektron ərizə forması qəbul edilərək çap olunur;

– Məlumatların düzgünlüyü və qanunvericiliyin tələblərinə uyğun olub-olmaması yoxlanıldıqdan sonra sənəd hazırlanması üçün təqdim edilir;

– İstifadəçi müvafiq qeydiyyat orqanına gələrək reqlamentin 2.6.1-ci yarımbəndində göstərilən sənədlərin əslini təqdim etməklə şəhadətnamə(lər)ni əldə edir.

3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

Elektron xidmətin yerinə yetirilməsinə nəzarəti Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsi həyata keçirir.

3.5.1. Nəzarətin forması: Daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə təşkil olunmuş mütəmadi monitorinqi.

3.5.2. Nəzarətin qaydası: Monitorinq nəticəsində müraciətlərin qəbulu, cavablandırılmasının müddəti və prosesin tamlığı izlənilir, baş verən nöqsanlar barədə hesabatlar tərtib olunur. Həmin hesabatlar sistemin fəaliyyətinə məsul olan şəxslər tərəfindən daim izlənilir.

3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

Elektron xidmətlərin göstərilməsinə görə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsi məsuliyyət daşıyır.

3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər.

3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.6.3. Şikayətin baxılma müddəti: Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver