Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin 19-cu bəndini rəhbər tutaraq Kollegiya
1. “Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxslərlə icbari təlimin keçirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi təmin olunsun (A.Əliyev).
3. Bu qərarın Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının və Məhkəmə Ekspertizası Mərkəzinin əməkdaşları tərəfindən öyrənilməsi təmin olunsun (E.Xələfov, H.Musayev).
4. Qərar aidiyyəti ədliyyə orqanlarına göndərilsin (E.Qasımov).
Azərbaycan Respublikasının
I dərəcəli dövlət ədliyyə müşaviri
1.1. Bu Qayda “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin yeddinci hissəsinə uyğun olaraq hazırlanmışdır və özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxslərlə icbari təlimin keçirilməsi qaydasını müəyyən edir.
1.2. Bu Qaydanın məqsədi özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxslərin məhkəmə ekspertizası fəaliyyətinə dair qanunvericiliyin ümumi tələblərini, ekspert rəyinin tərtib edilməsi qaydalarını və etik davranış kodeksinin müddəalarını öyrənmək məqsədilə icbari təlimini təşkil etməkdir.
1.3. İcbari təlimdə özəl məhkəmə eksperti olmaq istəyən ali təhsilli şəxslər iştirak edə bilərlər.
2.1. Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxslərin icbari təlimi (bundan sonra – icbari təlim) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası (bundan sonra – Ədliyyə Akademiyası) tərəfindən bu Qaydaya uyğun olaraq il ərzində iki dəfədən az olmayaraq internet informasiya ehtiyatı vasitəsilə təşkil olunur.
2.2. İcbari təlimin keçiriləcəyi vaxt barədə mediada, o cümlədən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin (www.justice.gov.az) və Ədliyyə Akademiyasının (www.academy-justice.gov.az) rəsmi internet informasiya ehtiyatlarında təlimin başlanılmasına azı 10 (on) gün qalmış elan verilir.
2.3. Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxslər icbari təlimdə iştirak etmək üçün Ədliyyə Nazirliyinin və ya Ədliyyə Akademiyasının internet portalında (bundan sonra – portal) yerləşdirilmiş ərizə formasını (1 nömrəli Əlavə) doldururlar. Ərizəyə aşağıdakılar əlavə olunmalıdır:
2.3.1. şəxsiyyəti təsdiq edən sənədin skan edilmiş surəti;
2.3.2. ali təhsil haqqında sənədin notarial qaydada təsdiq olunan skan edilmiş surəti;
2.3.3. 1 ədəd fotoşəklin (3x4 sm ölçüsündə) skan edilmiş surəti.
2.4. Ərizə doldurulduqdan sonra müraciət edən şəxs üçün portalda şəxsi kabinet açılır və onun elektron poçt ünvanına istifadəçi adı və şifrə göndərilir.
2.5. İcbari təlim bu Qaydanın tələbləri nəzərə alınmaqla Ədliyyə Akademiyası tərəfindən hazırlanmış təfsilatlı tədris proqramları əsasında həyata keçirilir.
2.6. Tədris proqramında nəzərdə tutulan mövzulara dair qısa izah və təlimatlar icbari təlimin başlanılmasından ən azı 5 (beş) gün əvvəl təlimdə iştirak etmək üçün müraciət edən şəxsin şəxsi kabinetində yerləşdirilir və bu barədə həmin şəxsin elektron poçt ünvanına və ya mobil nömrəsinə bildiriş göndərilir.
2.7. İcbari təlim zamanı tədris proqramında nəzərdə tutulmuş dərslərin saatı 40 saatdan az olmamalıdır.
2.8. İcbari təlim aşağıda göstərilən şəxslər tərəfindən həyata keçirilir:
2.8.1. dövlət məhkəmə ekspertizası idarələrinin azı 10 (on) il qulluq stajına malik olan ekspertləri;
2.8.2. Ədliyyə Akademiyasının daimi heyətinin azı 5 (beş) il iş stajına malik olan elmi-pedaqoji işçiləri.
2.10. Tədris prosesində tövsiyə olunan qanunvericilik, elmi, metodiki ədəbiyyat və informasiya materialları portalda yerləşdirilir.
2.11. İcbari təlim interaktiv rejimdə elektron, telekommunikasiya, proqram-texniki vasitələr əsasında distant formada həyata keçirilir.
2.12. İcbari təlim elektron tədris resurslarından (elektron dərsliklər, video dərsliklər, elektron tapşırıqlar) istifadə edilməklə sinxron (onlayn) və ansinxron (oflayn) rejimdə keçirilir.
2.13. İcbari təlim ödənişli əsaslarla həyata keçirilir. Ödənişin məbləği Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə razılaşdırılmaqla Ədliyyə Akademiyası tərəfindən müəyyən edilir və ödənişin məbləği barədə məlumat portalda dərc olunur.
3.1. İcbari təlim zamanı dərslərin azı 80 faizində iştirak etmiş şəxsə təlim başa çatdıqdan sonra 5 (beş) gün müddətində sertifikat (2 nömrəli Əlavə) verilir.
3.2. Sertifikat gücləndirilmiş elektron imza ilə təsdiq edilməklə təlimdə iştirak etmiş şəxsin şəxsi kabinetində yerləşdirilir və bu barədə həmin şəxsin elektron poçt ünvanına və ya mobil nömrəsinə bildiriş göndərilir.
3.3. Sertifikatın verilməsindən imtina olunduqda səbəbləri göstərilməklə bu barədə məlumat, icbari təlimdə iştirak etmiş şəxsə 5 (beş) gün müddətində bu Qaydanın 3.2-ci bəndində nəzərdə tutulmuş qaydada verilir.
3.4. İcbari təlimdə iştirak etmiş şəxs sertifikat verilməsinin imtina olunmasından yuxarı inzibati orqana və (və ya) məhkəməyə şikayət edə bilər.
“Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxslərlə icbari təlimin keçirilməsi” Qaydasına 1 nömrəli Əlavə
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin
Ədliyyə Akademiyasına
_________________________________tərəfindən
(soyadı, adı, atasının adı)
Mən özəl məhkəmə ekspertizası fəaliyyəti ilə məşğul olmaq məqsədilə icbari təlimdə iştirak etmək istəyirəm.
Ərizəyə əlavə olunan sənədlər:
şəxsiyyəti təsdiq edən sənədin skan edilmiş surəti;
ali təhsil haqqında sənədin notarial qaydada təsdiq olunan skan edilmiş surəti;
1 ədəd fotoşəklin (3x4 sm ölçüsündə) skan edilmiş surəti.
Elektron poçt ünvanı _________________
“Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxslərlə icbari təlimin keçirilməsi” Qaydasına 2 nömrəli Əlavə
“____” “_________”“_____”-ci il
____________________________________________________________________________
Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək məqsədilə məhkəmə ekspertizası fəaliyyətinə dair qanunvericiliyin ümumi tələbləri, ekspert rəyinin tərtib edilməsi qaydaları və etik davranış kodeksinin müddəalarına dair _____ tarixdən _____ tarixədək Ədliyyə Akademiyasında icbari təlim kursunu bitirmişdir.
Ədliyyə Akademiyasının rektoru _______________________________
1. 13 oktyabr 2023-cü il tarixli 10-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiya Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202310130010, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 13 oktyabr 2023-cü il)
2. 20 iyul 2026-cı il tarixli 3-16/1-KQ/11/2026 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiya Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202607200011, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 20 iyul 2026-cı il)