Qanunvericilik › “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə (Prezidentin fərmanı, 19.12.1997) › Tam mətn

“Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə (Prezidentin fərmanı, 19.12.1997)

“Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə (Prezidentin fərmanı, 19.12.1997) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə

Azərbaycan Respublİkası Prezİdentİnİn Fərmanı

Azərbaycan Respublikasının Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri ilə bağlı onların mülkiyyətçilərinin hüquqlarının təmin edilməsi məqsədi ilə qərara alıram:

1. “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” əsasnamə təsdiq edilsin. (əlavə edilir)

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılsın ki, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin normativ qiyməti haqqında əsasnaməni bir ay müddətində təsdiq etsin.

3. Hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması bu Fərmanla müəyyən edilmiş qaydada həyata keçirilir, bir şərtlə ki, dövlət mülkiyyətində olan həmin torpaq sahələri belə fiziki və hüquqi şəxslərin qanuni istifadəsində və ya icarəsində olsun.

4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi bu fərmandan irəli gələn tədbirləri həyata keçirsin.

5. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 dekabr 1997-ci il

1. Bu Əsasnamə Azərbaycan Respublikasının “Torpaq məcəlləsinə”, “Torpaq islahatı haqqında”, “Torpaq vergisi haqqında”, “Yerin təki haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası qanunlarına, “Azərbaycan Respublikasında 1995–1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin dövlət proqramı”na və qüvvədə olan digər normativ hüquqi aktlara uyğun olaraq hazırlanmışdır və özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin (bundan sonra “Torpaq sahələri”) fiziki və hüquqi şəxslərə satılması qaydalarını müəyyən edir.

2. Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri dedikdə dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi zamanı onların texniki pasportlarında göstərilmiş hüdudlar daxilində istifadəsində olan torpaqlar nəzərdə tutulur.

3. Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satın alınmasının subyektləri (alıcıları) qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının fiziki və hüquqi şəxsləri ola bilərlər.

4. Özəlləşdirilmiş müəssisə və obyektlərin mülkiyyətçilərinin torpaq sahələrini ilk növbədə satın almaq hüququ vardır.

5. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər tərəfindən dövlət müəssisə və obyektləri özəlləşdirildikdə onların yerləşdiyi torpaq sahəsi aidiyyatı üzrə dövlət və ya bələdiyyə mülkiyyətində qalmaqla qanunvericilikdə müəyyən edilmiş qaydada yuxarıda qeyd edilənlərin satınalma hüququ olmadan icarəsinə verilir.

6. Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri Azərbaycan Respublikasının qanunvericiliyində göstərilən hallar istisna olmaqla satınalma obyektləri sayılır.

7. Torpaq sahələri mülkiyyətçisinin (icarəçisinin) hüquq və vəzifələri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunur.

8. Torpaq sahələrinin normativ qiymətinin müəyyən edilməsi haqqında Əsasnamə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

9. Azərbaycan Respublikası Nazirlər Kabineti yaşayış məntəqələrinin ayrı-ayrı ərazilərinin torpaq sahələrinin qiymətləndirilməsi məqsədilə, həmin torpaq sahələrinin yerləşdiyi yeri və ölçülərini, onların sosial əhəmiyyətini (dəniz sahilində, şəhər meydanlarında, əsas magistrallarda yerləşdiyini), nəqliyyat əlverişliliyini, habelə onlar üzərində yerləşən müəssisə və obyektlərin fəaliyyət növünü və s. nəzərə alaraq müvafiq əmsallar sistemini müəyyən edir.

10. Özəlləşdirilən dövlət müəssisəsinin (obyektin) qiyməti və onun altında yerləşən torpaq sahəsinin qiyməti ayrılıqda müəyyənləşdirilir.

11. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Dövlət Xidməti) əvvəl torpaq sahəsinin satın alınmasını həmin sahənin üstündə yerləşən özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisinə təklif etməlidir. Əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir.

Özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisi icarə müqaviləsi bağlamaqdan imtina etdikdə torpaq sahəsi hərrac vasitəsilə başqa şəxslərə satıla bilər.

12. Torpaq sahəsini almaq məqsədilə onun üzərində yerləşən özəlləşdirilmiş müəssisənin və ya obyektin mülkiyyətçisi Dövlət Xidmətinə aşağıdakı sənədləri təqdim edir:

hüquqi şəxsin nizamnamə kapitalında 75 faizdən az olmayan hissənin xüsusi mülkiyyətdə olmasını təsdiq edən səhmdarların reyestrindən çıxarış (açıq səhmdar cəmiyyətidirsə);

müəssisə və obyektin üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin surəti;

özəlləşdirilmiş müəssisə və obyektin texniki pasportu (yarımçıq və başa çatdırılmamış tikililər üçün inşaat pasportu) və torpaq sahəsinin müəssisə və obyektin istifadəsində və ya icarəsində olmasını təsdiq edən sənəd (torpaq sahəsinin ayrılması haqqında qərar və ya icarə müqaviləsi). Torpaq sahəsinin ayrılmasını təsdiq edən sənədlərin əldə edilməsi mümkün olmadıqda Dövlət Xidməti aidiyyəti yerli icra hakimiyyəti orqanları ilə birlikdə özəlləşdirilmiş müəssisə və obyektlərin faktiki istifadəsində olan torpaq sahəsini müəyyən edir.

12-1. Torpaq sahəsini almaq üçün tələb olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar özəlləşdirilmiş müəssisənin və ya obyektin mülkiyyətçisindən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi özəlləşdirilmiş müəssisənin və ya obyektin mülkiyyətçisinin razılığı ilə sorğu əsasında müvafiq dövlət qurumundan tələb olunur və ya həmin mülkiyyətçi tərəfindən təmin edilir.

13. Dövlət Xidməti ərizənin daxil olduğu andan 20 gün müddətində özəlləşdirilmiş müəssisənin (obyektin) mülkiyyətçisinə torpaq sahəsinin dəyərini müəyyən olunmuş qaydada ödəmək üçün ödəmə tələbnaməsi verir və müəyyən olunmuş məbləğ ödənildikdən sonra 10 gün müddətində alqı-satqı müqaviləsini bağlamaqla alıcıya müvafiq şəhadətnamə verir.

Eyni zamanda Dövlət Xidməti imzalanmış müqavilənin surətini yerli icra hakimiyyəti orqanına göndərir.

Torpaq sahəsi üzərində alıcının mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdiyi andan yaranır.

14. Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahələrinin satışından əldə edilən vəsaitlər Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil edilir.

1. 14 may 1999-cu il tarixli 136 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 5, maddə 306)

2. 23 dekabr 2000-ci il tarixli 432 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 12, maddə 844)

3. 04 iyul 2001-ci il tarixli 527 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 7, maddə 464)

4. 11 oktyabr 2001-ci il tarixli 587 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 10, maddə 640)

5. 24 avqust 2002-ci il tarixli 760 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 8, maddə 480)

6. 6 iyul 2006-cı il tarixli 426 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 590)

7. 2 iyul 2010-cu il tarixli 291 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 4 iyul 2010-cu il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, №7, maddə 610)

8. 28 dekabr 2022-ci il tarixli 1921 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 dekabr 2022-ci il, “Xalq” qəzeti, 29 dekabr 2022-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1431)

9. 28 aprel 2023-cü il tarixli 2127 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 aprel 2023-cü il, “Xalq” qəzeti, 29 aprel 2023-cü il, № 87, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 4, maddə 512)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver