2.1. Bu Qanunun 1.0.1-ci maddəsində göstərilən müəssisələrin dövlət büdcəsinə (müvafiq icra hakimiyyəti orqanının zəmanəti əsasında verilən kreditlər üzrə borclar istisna olmaqla), büdcədənkənar dövlət fondlarına, səhmlərinin nəzarət zərfi dövlətə məxsus banklara, qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən məhsul, iş və xidmətlərin istehlakına görə dövlət müəssisələrinə onların özəlləşdirilməsi tarixinə yaranmış borcları (əsas borc məbləği, faizlər və maliyyə sanksiyaları daxil olmaqla) silinir.
2.2. Bu Qanunun 1.0.2-ci maddəsində göstərilən müəssisələrin özəlləşdirilməsi 2003-cü il 1 noyabr tarixinədək başa çatdıqda, onların özəlləşdirilməsinin başa çatması tarixinə, digər müəssisələrin 2003-cü il 1 noyabr tarixinə dövlət büdcəsinə (müvafiq icra hakimiyyəti orqanının zəmanəti əsasında verilən kreditlər üzrə borclar istisna olmaqla), büdcədənkənar dövlət fondlarına, qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən məhsul, iş və xidmətlərin istehlakına görə dövlət müəssisələrinə yaranmış borcları (əsas borc məbləği, faizlər və maliyyə sanksiyaları daxil olmaqla), habelə bu müəssisələrin həmin tarixə səhmlərinin nəzarət zərfi dövlətə məxsus banklara vaxtı ötmüş kreditlər üzrə borcları (əsas borc məbləği və faizlər) silinir.
2.3. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq ləğv olunmuş kolxozların və sovxozların səhmlərinin nəzarət zərfi dövlətə məxsus banklara borcları (əsas borc məbləği və faizlər) silinir.
2.4. İşğal altında olan rayonların təsərrüfat subyektlərinin işğal olunan tarixə səhmlərinin nəzarət zərfi dövlətə məxsus banklara borcları (əsas borc məbləği və faizlər) silinir.
2.5. Bu Qanunun 2-ci maddəsində nəzərdə tutulan borcların silinməsi və bununla əlaqədar yaranan məsələlərin, debitor borcları azaldılan müəssisələrin və bankların, onların dövlətə məxsus olmayan səhmlərinin sahiblərinin qanuni mənafelərinin qorunması nəzərə alınmaqla, tənzimlənməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Bu Qanunun 2-ci maddəsində göstərilən tarixlərə yaranmış borclara görə faizlər onların silinməsi haqqında qərarın icra edildiyi günə silinir.