15.1. Pambıq və pambıq məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarəti qanunvericiliyə uyğun olaraq onların müvafiq standartların və digər normativ sənədlərin tələblərinə uyğunluğu məqsədilə həyata keçirilir.
15.2. Hüquqi və fiziki şəxslər pambıq və pambıq məhsullarının keyfiyyətini müəyyən edən standartların və digər normativ sənədlərin tələblərinə əməl etməlidirlər.
15.3. Pambıq və pambıq məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər.
15.3-1. Sahibkarlara münasibətdə pambıq və pambıq məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.
15.4. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsində nəzərdə tutulmuş genetik modifikasiya olunmuş orqanizmlər və yem məhsulları istisna olmaqla, pambıq və pambıq məhsullarının istehsalında və dövriyyəsində genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının istifadəsinə yol verilmir.