Azərbaycan Respublikası vətəndaşının pasportu (bundan sonra — pasport) Azərbaycan Respublikasının ərazisindən kənarda vətəndaşın şəxsiyyətini təsdiq edən, habelə ona ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün verilən vahid sənəddir.
Pasport hər bir Azərbaycan Respublikası vətəndaşına bu Qanunla müəyyən edilmiş qaydada verilir və bütün ölkələrə getmək üçün etibarlıdır.
Pasportun ümumvətəndaş, xidməti və diplomatik tipləri vardır. Pasportların təsvirini, spesifikasiyasını və nümunəsini müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.
Pasport Azərbaycan Respublikasının mülkiyyətidir, onun vətəndaşdan alınması və ya girov götürülməsi Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan hallar istisna olunmaqla qəti qadağandır.
Hər bir vətəndaş pasportu möhkəm saxlamağa borcludur. Pasport itdikdə vətəndaş pasport verən dövlət orqanlarına, belə hadisə xaricdə baş verərsə, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluğuna dərhal məlumat verməlidir. Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə birlikdə belə vətəndaşları qısa müddət ərzində Azərbaycan Respublikasına qayıtmaq hüququ verən sənədlə təmin edirlər.
Vətəndaş öldükdə onun pasportu, habelə etibarlıq müddəti qurtarmış pasport müvafiq dövlət orqanına təhvil verilir.