Qanunvericilik › Pasportlar haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 9

Maddə 9. Pasport verilməsi haqqında ərizəyə (vəsatətə) baxılması

Pasportlar haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Pasport verilməsi haqqında vətəndaşın ərizəsinə (müəssisənin, idarənin, təşkilatın vəsatətinə) pasportun tipindən asılı olaraq bu Qanunun 4, 5 və ya 6-cı maddələrində nəzərdə tutulmuş müddətlərdə, əkər səfər xaricə gedən şəxsin və ya onunla gedən şəxslərin təcili müalicəsi, yaxud xaricdə yaşayan qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlıdırsa, bu faktları təsdiqləyən sənəd təqdim edildikdən ən geci 48 saat keçənədək baxılır.

Vətəndaşın ölkədən getmək hüququ Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində göstərilmiş hallara əsasən müvəqqəti məhdudlaşdırıldıqda pasport verilməsi haqqında xahiş səbəbləri yazılı şəkildə ərizəçinin (vəsatət verənin) nəzərinə çatdırılmaqla rədd edilir və onların təkrar ərizəsinə (vəsatətinə) imtinanı doğuran səbəblər aradan qaldırıldıqdan sonra baxılır.

Vətəndaş haqqında yalan məlumat yazılmış və ya qüvvədən düşmüş sənəd təqdim olunubsa, pasportun verilməsindən imtina edilir və həmin məsələyə yalnız yeni sənədlər təqdim edildikdən sonra baxıla bilər.

Dövlət sirrinin mühafizəsi ilə əlaqədar pasportun verilməsindən imtina yalnız Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda edilir.

Pasportun verilməsi haqqında ərizəyə (vəsatətə) baxılmasının süründürülməsindən və ya buna imtina edilməsindən vətəndaş inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilər.

Pasportu verən orqanın iş qrafiki haqqında məlumatlar, pasportun verilməsi və dəyişdirilməsi üçün tələb olunan sənədlərin siyahısı və ödənilməli olan dövlət rüsumunun məbləğləri müvafiq icra hakimiyyəti orqanının rəsmi internet saytında və pasportu verən qurumlarının binalarının qarşısında hər kəsin yaxşı görə biləcəyi lövhələrdə yerləşdirilməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver