1. Patent sahibi və ya onun varisi patentin verildiyi tarixdən 3 il müddətində ixtira, faydalı model və sənaye nümunəsindən üzürsüz səbəbə görə istifadə etmədikdə, istifadəyə ciddi hazırlıq görmədikdə, yaxud istifadəni 3 ildən artıq dayandırdıqda və bu müddət qurtardıqdan sonra lisenziya verməkdən imtina etdikdə, istənilən hüquqi və ya fiziki şəxs ixtira, faydalı model və sənaye nümunəsindən istifadə üçün məcburi lisenziya verilməsi barədə məhkəməyə iddia ilə müraciət edə bilər.
Məcburi lisenziya qeyri-müstəsna xarakter daşıyır.
Lisenziat məcburi lisenziyanın verildiyi tarixdən 2 il ərzində istifadə etmədikdə patent sahibi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada lisenziyanın ləğv edilməsi barədə məhkəməyə müraciət edə bilər.
Məcburi lisenziyanın verildiyi tarixdən patent sahibi ilə məcburi lisenziyanı almış şəxs arasında münasibətlər bu Qanunla müəyyən edilmiş lisenziarla lisenziat arasındakı münasibətlərə bərabər tutulur.
2. Aşağıdakı şərtlərə riayət etməklə, hüquq sahibinin razılığı olmadan patent obyektindən dövlət və ya onun müvəkkil etdiyi şəxslər tərəfindən digər istifadə hallarına yol verilə bilər:
2.1. bu cür istifadəyə icazənin verilməsi patent obyektinin fərdi xüsusiyyətlərinə əsaslanmalıdır;
2.2. bu cür istifadədən əvvəl müraciət etmiş istifadəçinin məqbul kommersiya şərtləri ilə hüquq sahibindən razılıq almaq cəhdləri uğursuzluqla nəticələnmişdirsə istifadəyə icazə verilə bilər.
Bu şərtə fövqəladə hallarda və ya digər fors-major hallarında, habelə dövlətin qeyri-kommersiya məqsədləri üçün hüquqdan istifadə etdiyi hallarda riayət olunmaya bilər. Belə olduqda patent hüququnun sahibinə ən qısa müddətdə məlumat verilməlidir;
2.3. bu cür istifadənin həcmi və müddəti ona razılıq verilən məqsədlə məhdudlaşır, yarımkeçiricilər texnologiyası sahəsində isə yalnız dövlət tərəfindən qeyri-kommersiya məqsədləri və yaxud məhkəmə və ya inzibati prosedurlar nəticəsində rəqabəti məhdudlaşdıran kimi müəyyənləşdirilən təcrübənin qarşısının alınması üçün nəzərdə tutulur;
2.4. bu cür istifadə müstəsna xarakter daşımır;
2.5. bu cür istifadəni həyata keçirən müəssisənin hissəsi və ya onun qeyri-maddi aktivləri ilə birgə olmadan bu cür istifadə digər şəxslərə verilə bilməz;
2.6. hər bu cür istifadəyə razılıq verilməsinin əsas məqsədi ilk növbədə daxili bazarın tələbatının ödənilməsi olmalıdır;
2.7. əgər bu cür istifadəyə səbəb olan hallar aradan qalxarsa və onların yenidən təkrarlanması ehtimalı aşağı olarsa, razılıq alan şəxslərin qanuni maraqlarının təmin edilməsi şərtilə istifadə hüququ ləğv edilir.
Bu maddədə göstərilən halların davam etdiyinə dair əsaslandırılmış ərizə daxil olarsa müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu cür istifadəyə icazə verilməsi məsələsinə yenidən baxmaq səlahiyyətinə malikdir;
2.8. hər bir halın xüsusiyyətləri və razılığın iqtisadi dəyəri nəzərə alınmaqla, hüquq sahibinə müvafiq mükafat (kompensasiya) ödənilir;
2.9. bu cür istifadəyə verilən razılıq və hüquq sahibinə ödənilən mükafat (kompensasiya) barədə istənilən qərardan inzibati qaydada və məhkəməyə şikayət verilə bilər;
2.10. məhkəmə və ya inzibati prosedurlar nəticəsində rəqabəti məhdudlaşdıran kimi müəyyən edilən təcrübənin aradan qaldırılması məqsədi ilə patent obyektinə istifadəyə razılıq verildiyi halda, bu maddənin 2.2-ci və 2.6-cı bəndlərində göstərilən şərtlər tətbiq edilmir.
Rəqabəti məhdudlaşdıran təcrübənin aradan qaldırılmasının zəruriliyinə baxılarkən, ödəniləcək mükafatın (kompensasiyanın) məbləği nəzərə alına bilər. Razılığın verilməsinə əsas olan halların yenidən yaranma ehtimalı olduğu halda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) razılığın ləğv edilməsindən imtina edə bilər;
2.11. əgər bu cür istifadəyə razılıq başqa patentə (birinci patent) dair hüquqları pozmadan patentin (ikinci patent) istifadəsinin mümkün olmadığına görə verilirsə, aşağıdakı əlavə şərtlər tətbiq edilir:
a) birinci patentin obyekti olan ixtira ilə müqayisədə ikinci patentin alınması üçün verilən iddia sənədindəki ixtira böyük iqtisadi dəyərə malik olan əhəmiyyətli texniki həlli özündə əks etdirməli;
b) birinci patent sahibinin ikinci patentlə iddia edilən ixtiradan istifadə etməsi üçün münasib şərtlərlə çarpaz lisenziya müqaviləsi bağlamaq hüququna malik olmalı;
c) birinci patentə verilən razılıqdan istifadə hüququ, ikinci patentə dair hüquqların verilməsi istisna olmaqla, digər şəxslərə verilə bilməz.
3. İxrac edilən patentləşmiş əczaçılıq məhsullarına məcburi lisenziya verilərkən, lisenziya müqaviləsində aşağıdakı şərtlər öz əksini tapmalıdır:
a) lisenziya üzrə məhsul yalnız zəruri miqdarda idxal edən dövlətin minimum tələblərini təmin etmək məqsədilə istehsal edilə bilər;
b) lisenziya üzrə istehsal edilən məhsul idxal olunan məhsuldan müvafiq işarə və ya nişanla fərqlənməlidir. Lisenziya üzrə istehsal olunan məhsulların bu cür fərqlənməsi məhsulların xüsusi bükmələri və (və ya) bilavasitə məhsulların rəngləri (formaları) ilə o şərtlə həyata keçirilə bilər ki, bu fərqlənmə amilləri tətbiq edilə bilən olsun və məhsulların qiymətinə təsir etməsin;
c) lisenziyalı məhsulların ixracından əvvəl ona dair aşağıdakı məlumatlar Ümumdünya Ticarət Təşkilatının internet səhifəsində (veb-saytında) yerləşdirilməlidir:
bütün istiqamətlərə göndərilən məhsulların miqdarı;
məhsulların fərqləndirici xüsusiyyətləri.