1. Əvvəlki iddia sənədinin ilkinliyinin xahiş olunduğu və ya xahiş oluna biləcəyi iddia sənədi bu Qanunun 28-ci maddəsinin 2-ci hissəsində göstərilən ilkinlik müddəti bitdikdən sonra, lakin bu müddətin bitdiyi tarixdən 2 aydan gec olmayaraq verildiyi halda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilkinlik hüququnu bərpa edir, bu şərtlə ki:
a) hüququn bərpa edilməsi haqqında vəsatət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müddətlərdən hansının daha tez bitməsindən asılı olaraq bu Qanunun 28-ci maddəsinin 2-ci hissəsində göstərilən ilkinlik müddəti bitdiyi tarixdən 2 ay ərzində və ya iddia sənədinin dərci üçün texniki hazırlıq bitənə qədər verilsin;
vəsatətdə ilkinlik müddətinin gözlənilməməsinin səbəbləri göstərilsin və iddia sənədinin ilkinlik müddətinin bərpası barədə bu Qanunun 28-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulan müddətdə vəsatətin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) verilməməsinin iddiaçıdan asılı olmadığını sübut edə bilsin;
b) ilkinlik hüququnun bərpa edilməsi barədə vəsatətə baxılması üçün müəyyən edilmiş haqq ödənilsin.
2. Əvvəlki iddia sənədinin təsdiqlənmiş surəti bu Qanunun 28-ci maddəsinin 4-cü hissəsində nəzərdə tutulan müddətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim olunmadığı halda həmin orqan (qurum) ilkinlik hüququnu o şərtlə bərpa edə bilər ki:
a) bu barədə vəsatət əvvəlki iddia sənədinin təsdiqlənmiş surətinin verilməsi üçün bu Qanunun 28-ci maddəsinin 4-cü hissəsində nəzərdə tutulan müddət ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) verilmiş olsun;
b) iddiaçı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), əvvəlki iddia sənədini qeydiyyata almış Paris Konvensiyasına tərəfdar çıxan ölkələrdən birinin patent idarəsinə verilən əvvəlki iddia sənədinin təsdiqlənmiş surətinin təqdim edilməsi üçün bu Qanunun 28-ci maddəsinin 4-cü hissəsində nəzərdə tutulan müddət bitənədək bu iddia sənədinin təsdiqlənmiş surətinin 2 aydan gec olmayan müddətdə tələb edildiyini sübut edən vəsatətin təsdiqini təqdim etmiş olsun;
c) əvvəlki iddia sənədinin təsdiqlənmiş surəti əvvəlki iddia sənədinin verildiyi Paris Konvensiyasına tərəfdar çıxan ölkələrdən birinin patent idarəsi tərəfindən iddiaçıya bu surətin təqdim edildiyi tarixdən 1 ay ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) verilmiş olsun;
ç) bu hissəyə uyğun olaraq verilmiş vəsatətə baxılması üçün müəyyən edilmiş haqq ödənilmiş olsun.