“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1189-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 iyul tarixli 164 nömrəli Fərmanının 1.1.8-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş Naziri
Bakı şəhəri, 30 aprel 2020-ci il
1.1. Bu Qayda “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 36-1.1-ci və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddələrinə uyğun olaraq hazırlanmışdır və pedaqoji fəaliyyətlə məşğul olma qaydasını müəyyən edir.
1.2. Bu Qaydanın tələbləri Qanunun 2.3-cü maddəsi nəzərə alınmaqla Azərbaycan Respublikasının bütün ümumi təhsil müəssisələrinə şamil edilir.
2.1. Müvafiq ixtisas üzrə pedaqoji təhsilə malik olan şəxslər Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmaq hüququna malikdirlər.
2.2. Bu Qaydanın 3.2-ci bəndi nəzərə alınmaqla, müvafiq ixtisas üzrə pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislərin də pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ vardır.
2.3. Qanunun 36-1.2-ci maddəsinə uyğun olaraq, aşağıdakı şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməzlər:
2.3.1. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslər;
2.3.2. ağır, xüsusilə ağır cinayət törətməsinə görə məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslər;
2.3.3. fəaliyyət qabiliyyətsizliyinə və ya məhdud fəaliyyət qabiliyyətli olmasına, habelə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan şəxslər;
2.3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 18 fevral tarixli 57 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıda göstərilən xəstəliklərə görə pedaqoji fəaliyyətlə məşğul olmasına qadağa qoyulmuş şəxslər;
2.3.5. uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslər.
2.4. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təsdiq etdiyi “Müəllimlərin etik davranış qaydaları”nı pozduğuna görə əmək müqaviləsinə xitam verilmiş pedaqoji işçi 1 (bir) il müddətində pedaqoji fəaliyyətlə məşğul ola bilməz.
3.1. Bu Qaydanın 2.1-ci və 2.2-ci bəndlərində göstərilən şəxslər pedaqoji fəaliyyətlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 57-ci maddəsinə uyğun olaraq, təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası ilə müəyyən edilmiş ixtisas tələblərinə əsasən məşğul ola bilərlər.
3.2. Pedaqoji təhsilə malik olmayan ali təhsilli mütəxəssislərin yalnız bu Qaydanın əlavəsi ilə müəyyən edilmiş ümumtəhsil fənlərinin tədrisi üzrə ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ vardır.
3.3. Bu Qaydanın 4.2-ci bəndinin birinci cümləsinə uyğun olaraq müəllimlərin işə qəbulu müsabiqəsinin nəticəsinə əsasən işə qəbul olunmuş pedaqoji təhsilə malik olmayan ali təhsilli mütəxəssislər baza təhsilindən asılı olaraq pedaqogika, psixologiya və təlim strategiyaları ilə bağlı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən təşkil olunan müvafiq ödənişsiz təlim kurslarına cəlb olunurlar. Təlim kurslarının keçirilməsi vaxtı, yeri, davametmə müddəti və digər şərtləri Nazirlik tərəfindən müəyyən edilir və bu barədə Nazirliyin rəsmi internet səhifəsində məlumat yerləşdirilir. Təlim kurslarını başa vurmuş şəxslərə forması Nazirlik tərəfindən müəyyən edilən sertifikat verilir.
4.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları”nın 6.2-ci bəndinə əsasən, kənd rayonlarında yerləşən dövlət ümumi təhsil müəssisələrində kadr çatışmazlığı olduqda, məzmun və mahiyyət etibarilə uyğun fənlərin (kimya-biologiya, biologiya-kimya, fizika-riyaziyyat, riyaziyyat-fizika, riyaziyyat-informatika, informatikariyaziyyat, tarix-coğrafiya, coğrafiya-tarix) müvafiq fənn müəllimi tərəfindən tədrisinə Nazirliyi məlumatlandırmaqla, təhsil müəssisələri tərəfindən yol verilir.
4.2. Pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ olan şəxslərin dövlət ümumi təhsil müəssisələrinə qəbulu Nazirlik tərəfindən keçirilən müəllimlərin işə qəbulu müsabiqəsinin nəticələrinə əsasən aparılır. Müsabiqəyə buraxılan ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı hər il müsabiqədən əvvəl Nazirliyin rəsmi internet səhifəsində yerləşdirilir.
Filologiya (dil və ədəbiyyat göstərilməklə)*
Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi**
Kompüter mühəndisliyi
İnformasiya təhlükəsizliyi
Texniki sistemlərdə idarəetmə və informatika**
Avtomatlaşdırılmış sistemlərin və hesablama texnikasının proqram təminatı**
İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi**
Hesablama maşınları kompleksləri, sistemləri və şəbəkələri**
İnformasiya emalının və idarəetmənin avtomatlaşdırılmış sistemləri**
Avtomatlaşdırılmış layihə sistemləri**
Hesablama texnikasının və avtomatik sistemlərin proqram təminatı**
İnformasiya texnologiyaları
Sistem mühəndisliyi**
Bədən tərbiyəsi və idmanda reabilitasiya
Bədən tərbiyəsi və idman**
Məşqçi (idman növü üzrə)**
İnstrumental ifaçılıq**
İnstrumental ifaçılıq (sahələr üzrə)
Dirijorluq (sahələr üzrə)
Xalq çalğı alətləri ifaçılığı**
Xalq çalğı alətləri orkestrinin bədii rəhbəri**
Vokal sənəti (sahələr üzrə)
Populyar musiqi və caz ifaçılığı
İnstrumental ifaçılığı, orkestr alətləri, Azərbaycan xalq çalğı alətləri**
Dekorativ-tətbiqi sənət (sahələr üzrə)
Dekorativ-tətbiqi incəsənət və xalq sənəti (sahələr üzrə)**
Monumental-dekorativ sənət**
Dizayn (sahələr üzrə)
* 1993-cü ilədək ali təhsil pilləsinə, 1993/1994-2009/2010-cu tədris illərində ali təhsilin bakalavr pilləsinə bu ixtisaslar üzrə qəbul olunanlar pedaqoji təhsilə malik olan şəxslər hesab edilirlər.
** 1993-2020-ci illərdə qüvvədə olan ixtisaslar təsnifatlarında mövcud olan ixtisaslar (proqramlar) nəzərdə tutulur.
1. 21 iyun 2022-ci il tarixli 233 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 iyun 2022-ci il, № 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 6, maddə 674)
2. 17 mart 2023-cü il tarixli 85 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 18 mart 2023-cü il, “Xalq” qəzeti, 19 mart 2023-cü il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 3, maddə 435)
3. 31 oktyabr 2023-cü il tarixli 391 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 1 noyabr 2023-cü il, “Xalq” qəzeti, 5 noyabr 2023-cü il, № 243, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 10, maddə 1471)
4. 3 noyabr 2023-cü il tarixli 396 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 11, maddə 1559)
5. 13 mart 2024-cü il tarixli 153 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 mart 2024-cü il, “Xalq” qəzeti, 20 mart 2024-cü il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 3, maddə 330)
6. 1 may 2025-ci il tarixli 144 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 2 may 2025-ci il, “Xalq” qəzeti, 3 may 2025-ci il, № 89, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 5, maddə 495)