AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.3-cü maddəsinin icrası ilə əlaqədar qəbul olunmuş “Pensiya yaşına çatmasına, əlilliyinə görə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində minimum 15 il qulluq stajına və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin miqdarı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 22 oktyabr tarixli 936 nömrəli Fərmanının 3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Pensiya yaşına çatmasına, əlilliyinə görə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum 15 il qulluq stajına və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin təyin olunması Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar 2003-cü il oktyabrın 1-dən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 4 fevral 2004-cü il
1. Bu Qayda “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.3-cü maddəsinə və “Pensiya yaşına çatmasına, əlilliyinə görə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində minimum 15 il qulluq stajına və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin miqdarı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 22 oktyabr tarixli 936 nömrəli Fərmanına uyğun olaraq pensiya yaşına çatmasına, əlilliyinə görə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum 15 il qulluq stajına (həmin Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına ömürlük müavinətin (bundan sonra - müavinət) təyin olunması və ödənilməsi məsələlərini tənzimləyir.
2. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi 2001-ci il sentyabrın 1-dən icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğunu davam etdirən və ya yeni qəbul edilən, bu Qanuna uyğun olaraq inzibati və yardımçı vəzifəni tutan, müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına, əlilliyinə görə dövlət orqanından könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum 15 il qulluq stajına (həmin Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçusunun (bundan sonra – dövlət qulluqçusu) müavinət almaq hüququ vardır.
3. Müavinət almaq hüququ olan şəxs heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt müavinətin təyin edilməsi üçün müvafiq təsdiqedici sənədlər (arayışlar) təqdim etməklə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – Fond) aidiyyəti müvafiq yerli qurumuna və ya “DOST” mərkəzinə müraciət edə bilər. Müavinət təyin edən orqan tərəfindən müavinəti almaq üçün edilən müraciətə 10 iş günü ərzində baxılır.
4. Müavinətin təyin edilməsi üçün şəxsin ərizəsi ilə birlikdə Fondun müvafiq yerli qurumuna və ya “DOST” mərkəzinə aşağıdakı təsdiqedici sənədlər təqdim edilməlidir:
Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin notariat qaydada təsdiq edilmiş surəti;
əmək kitabçasından çıxarış və ya əmək kitabçasının notariat qaydada təsdiq edilmiş surəti;
əlillik barədə Tibbi Sosial Ekspert Komissiyasının arayışı (əlilliyinə görə könüllü işdən çıxdıqda);
dövlət qulluqçusunun məvacibi barədə dövlət orqanının arayışı.
4-1. Müavinətin təyin edilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.
5. Müavinətin məbləği dövlət qulluqçusunun axırıncı əsas vəzifəsi üzrə, işdən çıxdığı aydan əvvəlki 12 təqvim ayının orta aylıq məvacibinə əsasən müəyyən edilir. Bu halda 12 təqvim ayından az dövlət qulluğunda çalışmış dövlət qulluqçusuna müavinət faktiki qulluq edilmiş tam təqvim aylarına əsasən hesablanır. Dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir. Aylıq müavinətin miqdarı dövlət qulluqçusunun axırıncı əsas vəzifəsi üzrə bu Qaydaya əsasən hesablanan dövlət məvacibinin 15 faizini təşkil edir.
6. Müavinət ömürlük təyin edilir və bu Qayda ilə onun dayandırılmasına səbəb olan hallar yaranan günədək ödənilir. Müavinət dövlət qulluqçusunun yaşayış yeri üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun müvafiq yerli qurumu tərəfindən dövlət büdcəsinin vəsaiti hesabına hər ay ödənilir. Müavinət müavinət alan şəxsin arzusu ilə onun və ya müvafiq qaydada etibarnamə verilmiş şəxsin Azərbaycan Respublikasında fəaliyyət göstərən bankdakı hesabına köçürülür. Müavinəti almaq hüququna malik olan şəxsə müraciətdən əvvəlki 3 aydan çox olmayan müddət üçün (işdən çıxdığı gündən tez olmayaraq) müavinət ödənilir.
7. Müavinət alan şəxsin müavinəti aşağıdakı hallarda dayandırılır:
yenidən dövlət qulluğuna qəbul edildikdə;
8. Müavinətin ödənilməsinin dayandırılmasına səbəb olan müvafiq hallar barədə müavinəti alan şəxs və ya onun vəfatı ilə əlaqədar ailə üzvlərindən biri 5 gün müddətində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun müvafiq müvafiq yerli qurumuna və ya “DOST” mərkəzinə məlumat verməyə borcludur (yenidən dövlət qulluğuna qəbul edilməsi barədə arayış və ya ölüm haqqında şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surəti).
9. Müavinətin dayandırılması halları barədə müavinəti alan şəxs vaxtında məlumat vermədikdə və ya qəsdən düzgün olmayan sənədlər təqdim etdikdə, müavinəti ödəyən qurum tərəfindən artıq ödənilmiş müavinətin məbləği məhkəmə qaydasında geri alınır.
10. Müavinəti alan şəxsin vəfatı ilə əlaqədar alınmamış müavinətin məbləği mülki qanunvericilikdə müəyyən edilmiş qaydada ödənilir.
11. Müavinət müəyyən olunmuş qaydada digər müavinət növlərindən, pensiyadan (dövlət qulluqçularının pensiyasından başqa), ödənişlərdən asılı olmayaraq ödənilir.
12. Xarici dövlətdə olduqları müddətdə Azərbaycan Respublikasının vətəndaşlarının müavinəti onların arzuları ilə Azərbaycan Respublikasının bankında olan şəxsi hesabına və ya həmin şəxslərin öz vəsaitləri hesabına yaşadığı dövlətə köçürülə bilər.
13. Dövlət qulluqçusunun müavinətinin məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq, qanunvericiliklə müəyyən edilmiş qaydada yenidən hesablanır.
Qeyd. Bu Qaydada dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.
1. 24 noyabr 2004-cü il tarixli 184 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 11, maddə 969)
2. 14 yanvar 2005-ci il tarixli 7 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 51)
3. 20 avqust 2008-ci il tarixli 192 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 787)
4. 28 fevral 2017-ci il tarixli 72 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 mart 2017-ci il, № 47, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 2, maddə 325)
5. 5 iyun 2017-ci il tarixli 249 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 7 iyun 2017-ci il, № 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə 1225)
6. 17 iyul 2018-ci il tarixli 306 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 iyul 2018-ci il, № 157, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №7, II kitab, maddə 1639)
7. 4 iyun 2019-cu il tarixli 258 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 iyun 2019-cu il, № 124, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1147)
8. 5 iyun 2021-ci il tarixli 161 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 iyun 2021-ci il, № 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, IV kitab, maddə 667)
9. 15 mart 2022-ci il tarixli 82 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 mart 2022-ci il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 268)
10. 30 aprel 2022-ci il tarixli 178 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 6 may 2022-ci il, № 93,Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 424)
11. 14 noyabr 2023-cü il tarixli 415 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 noyabr 2023-cü il, “Xalq” qəzeti, 17 noyabr 2023-cü il, № 250, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 11, maddə 1578)