“Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 233 nömrəli Fərmanının 1.2.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Peşəyönümünə dair məsləhət xidmətlərinin göstərilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV
Bakı şəhəri, 11 iyun 2019-cu il
1.1. Bu Qayda “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 22.3-cü maddəsinə əsasən hazırlanmışdır və peşəyönümünə dair məsləhət xidmətlərinin (bundan sonra – məsləhət xidməti) göstərilməsi qaydasını müəyyən edir.
1.2. Məsləhət xidməti gənclərin (təhsil müəssisələrinin tələbə və şagirdlərinin, habelə onların valideynlərinin), işaxtaran və işsiz şəxslərin peşəyönümünün təşkili üçün onlarla müsahibələr və testlər keçirməklə, təhsilinə, bacarığına və şəxsi keyfiyyətlərinə uyğun olaraq peşə və ixtisasının seçiminə, peşə maraqlarının formalaşdırılmasına yönəldilmiş aktiv məşğulluq tədbiridir.
1.3. İşaxtaran və işsiz şəxslər üçün məsləhət xidməti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin (bundan sonra – Agentlik) yerli qurumları və “DOST” Mərkəzləri (bundan sonra – Mərkəz) tərəfindən təşkil edilir.
1.4. Gənclər, təhsil müəssisələrinin tələbə və şagirdləri, onların valideynləri, habelə digər şəxslər üçün məsləhət xidməti Mərkəz tərəfindən və ya Agentliklə bağlanılmış müqavilə əsasında bu sahədə ixtisaslaşmış hüquqi şəxslər tərəfindən də həyata keçirilə bilər.
2.1. Məsləhət xidmətinin istiqamətləri aşağıdakılardır:
2.1.1. əmək bazarının cari vəziyyəti və əmək bazarında ən çox tələb olunan peşə və ixtisaslar barədə məlumatlandırma;
2.1.2. mövcud peşə və ixtisas üzrə işlə təmin edilmə və ya peşə hazırlığına cəlb olunma imkanları barədə məlumatlandırma;
2.1.3. şəxsin sosial-psixoloji xüsusiyyətləri, peşə, bilik, bacarıq və səriştələri, sağlamlıq vəziyyəti nəzərə alınaraq, əmək bazarının tələbatı əsasında ona iş yerinin və peşənin seçimində köməklik göstərilmə.
3.1. Məsləhət xidməti aşağıdakı qaydada göstərilir:
3.1.1. işaxtaran və ya işsiz şəxslər üçün məsləhət xidməti Mərkəzin peşəyönümü kabinetlərində audio, video materiallardan, əyani vəsaitlərdən və psixometrik testlərdən istifadə olunmaqla, fərdi və ya qrup şəklində 20 dəqiqəlik söhbət və 45 dəqiqəlik interaktiv məlumatlandırma aparılmaqla həyata keçirilir;
3.1.2. təhsil müəssisələrinin tələbə və şagirdləri, habelə onların valideynləri üçün məsləhət xidməti peşəyönümü mütəxəssisləri tərəfindən təhsil müəssisələri ilə razılaşdırılmış vaxtda ayda bir dəfədən az olmayaraq həyata keçirilir.
3.2. İşaxtaran və ya işsiz şəxslər üçün məsləhət xidməti göstərilərkən onlara:
3.2.1. karyera imkanları, əmək bazarı və peşələr haqqında məlumatlar verilir;
3.2.2. peşə seçiminə istiqamətləndirilir;
3.2.3. psixometrik testlərə cəlb edilir;
3.2.4. əmək bazarında davranma üsulları öyrədilir.
3.3. Təhsil müəssisələrinin tələbə və şagirdləri, habelə onların valideynləri üçün məsləhət xidməti göstərilərkən:
3.3.1. peşələr haqqında məlumatlar verilir;
3.3.2. məktəblərdə və ya istehsalat sahələrində peşəkarlarla görüşlər keçirilir;
3.3.3. şagirdlər üçün işaxtarma oyunları, təlimlər və müsabiqələr keçirilir;
3.3.4. istehsalat sahəsinə ekskursiyalar təşkil edilir;
3.3.5. uşaq və gənclər üçün müxtəlif düşərgələr, peşələr üzrə klublar təşkil edilir.
1. 25 fevral 2021-ci il tarixli 44 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 fevral 2021-ci il, № 46, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2, maddə 209)
2. 5 mart 2021-ci il tarixli 58 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 mart 2021-ci il, № 55, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 277)
3. 20 may 2022-ci il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 may 2022-ci il, № 107, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 564)