13.1. Aşağıdakı hallarda poçt göndərişi çatdırılması mümkün olmayan hesab edilir:
13.1.1. Poçt göndərişinin üzərində ünvanın dəqiq olmadığı, silindiyi, pozulduğu, oxunmadığı və ya buna oxşar digər hallarda;
13.1.2. Ünvan sahibi poçt göndərişini almaqdan imtina etdikdə.
13.2. Ünvanı dəqiqləşdirmək mümkün olmadıqda və ya ünvan sahibi poçt göndərişini almaqdan imtina etdikdə, poçt göndərişi çatdırılması mümkün olmayan göndəriş kimi göndəriciyə qaytarılmalıdır. Poçt göndərişinin üzərindəki məlumatlara əsasən göndəricini müəyyənləşdirmək mümkün olmadıqda, yaxud göndərici poçt göndərişini geri almaqdan imtina etdikdə, belə göndərişlər paylanmayan poçt göndərişlərinə aid edilir. Bu halda poçt rabitəsi operatoru poçt göndərişini məhkəmənin müvafiq qərarından sonra aça bilər.
13.3. Poçt rabitəsi operatoru paylanmayan poçt göndərişləri üçün 3 (üç) ayda bir dəfədən az olmayaraq, onların açılmasına razılıq almağa dair məhkəməyə müraciət etməli, məhkəmə həmin müraciətə 5 (beş) iş günü ərzində baxmalıdır.
13.4. Paylanmayan poçt göndərişləri qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla poçt rabitəsi operatoru tərəfindən 6 (altı) ay saxlanmalıdır.
13.5. Paylanmayan poçt göndərişlərinin içərisində tez xarab olan mallar olduqda onlar qanunvericiliklə müəyyən edilmiş qaydada satılmalı, bu mümkün olmadıqda isə həmin mallar məhv edilməlidir. Satışdan əldə olunan vəsait bu qanunun 13.4-cü maddəsində göstərilmiş müddət başa çatdıqdan sonra poçt operatoru tərəfindən çəkilmiş xərclər çıxıldıqdan sonra dövlət büdcəsinə köçürülür.
13.6. Poçt göndərişinin ünvan sahibinə və ya göndəriciyə çatdırılması mümkün olmadığı halda saxlama müddəti başa çatdıqdan sonra poçt rabitəsi operatorunun müraciəti və bu barədə məhkəmənin müvafiq qərarı ilə poçt göndərişinin içərisindəki əşyalar, mallar və pul vəsaitləri sahibsiz hesab edilir.
13.7.Poçt göndərişinin içərisində aşkar edilmiş yazışma xarakterli materiallar, bu qanunun 13.4-cü maddəsində göstərilmiş müddət başa çatdıqdan sonra məhv edilməlidir. Sahibsiz hesab edilən poçt göndərişinin içərisində olan digər əşyalar göndəricinin və ünvan sahibinin şəxsi və ya kommersiya səciyyəli sirrinin məxfiliyinə xələl gətirmədiyi halda poçt operatoru tərəfindən satışa çıxarılmalıdır. Poçt göndərişinin içərisində aşkar edilmiş nağd pul, həmçinin əşya və ya malların satışından əldə edilmiş vəsait poçt operatoru tərəfindən çəkilmiş xərclər çıxılmaqla dövlət büdcəsinə köçürülür.
13.8. Poçt göndərişlərinin saxlanması, açılması, satışı və məhv edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
III-I Fəsil