Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Polis haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 11 noyabr tarixli, 205 nömrəli Fərmanının 1-ci bəndinin 7-ci, 8-ci, 9-cu və 10-cu abzaslarının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin polis əməkdaşına xidmət xüsusiyyətlərindən asılı olaraq, məharət dərəcəsinə, şifrlə daimi işləməyə, post-patrul xidmətində itlərlə xidmət aparanlara, itlərə qulluq və təlim keçirilməsinə, suvari-nizami hissələrdə atlara və ləvazimatlara qulluğa, ayıltma məntəqəsində işləməyə, sürücü əməkdaşlara dərəcəyə görə, xidmət sahəsi ilə əlaqədar işi gediş-gəliş xarakteri daşıyanlara gündəlik yemək xərci əvəzinə, vəzifədən azad edilərək müvəqqəti sərəncamda saxlanmaya, xidmətdən tərxis olunmaya görə, xəstəlik, təhsil, məzuniyyət vaxtı verilən əlavələr, ödənişlər və respublika qanunvericiliyində nəzərdə tutulmuş digər əlavələr, müavinətlər, ödənişlər verilir.
1.1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşına verilən fasiləsiz xidmət illərinə görə haqqın, əlavə haqqların; kompensasiyaların, müavinətlərin və başqa ödənişlərin məbləği və təyin edilməsi Qaydaları bu qərarın 1 nömrəli əlavəsinə müvafiq müəyyən edilsin.
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi normalar və dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlara ərzaq məhsullarının topdan satış qiymətlərinə nəzarət komissiyasının müəyyənləşdirdiyi qiymətlər əsasında Daxili İşlər Nazirliyinin polis əməkdaşına ərzaq payı və ya ərzaq payı əvəzinə müvafiq pul kompensasiyası verilsin.
1.3. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin rəhbərliyinə ixtiyar verilsin ki, müəyyən olunmuş müvafiq fondları dairəsində, polis əməkdaşına hər il ən azı bir aylıq vəzifə maaşları həcmində maddi yardım və ən azı bir aylıq vəzifə maaşları həcmində mükafat versin, habelə onlara hər ay əməkdə yüksək nəticələrinə, xüsusi lazımi işlərin vaxtında yerinə yetirilməsinə görə vəzifə maaşlarının 25 faizindən, müxtəlif adda yüksək ixtisaslı proqramçı və elektronçu vəzifələrində çalışan əməkdaşlarına onların iki aylıq vəzifə maaşı məbləğindən müstəntiqlərə, təhqiqatçılara və kriminalistlərə (ekspertlərə), Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrinin əməkdaşı olan professor-müəllim heyətinə onların bir ay yarımlıq vəzifə maaşı məbləğindən, tərcüməçilərə isə onların aylıq vəzifə maaşı məbləğindən çox olmamaqla əlavələr təyin etsin, daxili normativ aktla müəyyən edilmiş yaş həddinə çatdığına görə xidmət yeri xüsusitəyinatlı nizami polis hissələrindən başqa struktur qurumlara dəyişdirilən əməkdaşların sonuncu xidmət yeri üzrə vəzifə maaşının saxlanılması barədə qərar qəbul etsin.
1.4. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydalarının pozulmasına görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən, nəqliyyat vasitələrinin müşayiət olunması və haqqı ödənilən digər əlavə xidmətlərdən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin II hissəsinə əsasən müəyyən edilən hesabına köçürülən vəsaitin 25 faizi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yol patrul xidmətini həyata keçirən və yol hərəkətinin tənzimlənməsinə cəlb olunan əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavələrin verilməsi üçün istifadə olunur. Verilən əlavələr həmin əməkdaşların təminat xərcliyinə və aylıq əməkhaqqı məbləğinə daxil edilmir.
2. Xidməti vəzifələrin icrası zamanı həlak olmuş "(vəfat etmiş), xəsarət (yaralanma, travma, kontuziya) almış, sağlamlığına digər zərər dəymiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşlarına və ya onun ailəsinə:
xidmət vəzifələrin icrası ilə əlaqədar polis əməkdaşı həlak olduqda (vəfat etdikdə) ailəsinə, habelə öhdəsində olanlara dövlət büdcəsinin vəsaiti hesabına ərzaq payı əvəzinə pul kompensasiyası istisna olmaqla, onun aylıq təminat xərclərinin yetmiş misli miqdarında birdəfəlik komepensasiya ödənilir, daha sonra bu məbləğ təqsirli şəxslərdən tutulur;
xidməti vəzifələrin icrası ilə əlaqədar polis əməkdaşı xidməti davam etdirməsinə imkan verməyən dərəcədə xəsarət (yaralanma, travma, kontuziya) aldıqda, xəstələndikdə dövlət büdcəsinin vəsaiti hesabına ərzaq payı əvəzinə pul kompensasiyası istisna olmaqla, onun aylıq təminat xərclərinin əlli misli miqdarında birdəfəlik kompensasiya ödənilir, daha sonra bu məbləğ təqsirli şəxslərdən tutulur.
2.1. Xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, (vəfat etmiş), xəsarət (yaralanma, travma, kontuziya) almış, sağlamlığına digər zərər dəymiş polis əməkdaşına və onun ailəsinə birdəfəlik kompensasiyaların müəyyən edilməsi üçün tələb olunan sənədlər bu qərarın 2 nömrəli əlavəsinə əsasən müəyyən edilsin.
3. Daxili işlər orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə xidmət keçdiyi dövr ərzində kirayəyə götürülmüş yaşayış sahəsindən istifadə haqqı (kirayə haqqı) üçün yaşayış məntəqəsindən asılı olaraq, pul kompensasiyasının məbləği və verilməsi qaydası bu qərarın 4 nömrəli əlavəsinə müvafiq olaraq müəyyən edilsin. (əlavə olunur)
4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşına polisdə xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar köç pulunun və birdəfəlik kompensasiyaların miqdarı və verilməsi Qaydaları bu qərarın 3 nömrəli əlavəsinə əsasən müəyyən edilsin.
5. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. Rasİzadə
Bakı şəhəri, 20 aprel 2000-ci il
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşlarının xidmət xüsusiyyətlərini nəzərə alaraq, təminat xərcliyi* və başqa ödənişlər aşağıdakı qaydada təyin edilir:
1. Fasiləsiz xidmət illərinə görə verilən haqq vəzifə və xüsusi rütbəyə görə maaşlardan hesablanaraq aşağıdakı məbləğdə ödənilir:
1 ildən 2 ilə qədər fasiləsiz xidmət illərinə görə - 5 faiz
2 ildən 5 ilə qədər fasiləsiz xidmət illərinə görə - 10 faiz
5 ildən 10 ilə qədər fasiləsiz xidmət illərinə görə - 15 faiz
10 ildən 15 ilə qədər fasiləsiz xidmət illərinə görə - 20 faiz
15 ildən 20 ilə qədər fasiləsiz xidmət illərinə görə - 25 faiz
20 ildən 25 ilə qədər fasiləsiz xidmət illərinə görə - 30 faiz
25 ildən 30 ilə qədər fasiləsiz xidmət illərinə görə - 40 faiz
30 ildən yuxarı fasiləsiz xidmət illərinə görə - 50 faiz
2. Məharət dərəcəsinə görə verilən əlavə, vəzifə maaşına hesablanaraq aşağıdakı məbləğdə ödənilir:
1) Orta, böyük və ali rəis heyətinə mənsub şəxslərə;
II məharət dərəcəsinə görə -15 faiz
I məharət dərəcəsinə görə - 25 faiz
usta məharət dərəcəsinə görə - 35 faiz
2) Sıravi və kiçik rəis heyətinə mənsub şəxslərə;
II məharət dərəcəsinə görə -10 faiz
I məharət dərəcəsinə görə - 15 faiz
usta məharət dərəcəsinə görə - 25 faiz
3. Şifrləmə işində fasiləsiz xidmət etməyə görə pul əlavəsi vəzifə maaşına hesablanaraq, aşağıdakı məbləğdə ödənilir:
1 ildən 3 ilə qədər - 10 faiz
3 ildən 6 ilə qədər - 15 faiz
6 ildən yuxarı - 20 faiz
4. Post-patrul xidmətində itlərlə xidmət aparanlara, itlərə qulluq və təlim keçirilməsinə, suvari-nizami hissələrində atlara və ləvazimatına qulluğa və ayıltma məntəqəsində işləməyə görə əməkdaşların aylıq vəzifə maaşının 20 faizi məbləğində əlavə ödənilir.
5. Sürücülərə dərəcəyə görə əlavə, vəzifə maaşına hesablanaraq, aşağıdakı məbləğdə ödənilir:
II dərəcəyə görə - 10 faiz
I dərəcəyə görə - 25 faiz
6. Xidmət sahəsi ilə əlaqədar işi gediş-gəliş xarakteri daşıyan əməkdaşlara gündəlik yemək xərci əvəzinə ödənişlərin məbləği və verilməsi müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilir.
7. Tutduğu vəzifədən azad edilən daxili işlər orqanlarının əməkdaşlarına sərəncamda olduqları iki aydan artıq olmayan müddətdə tam həcmdə əmək haqqı (sonuncu vəzifə maaşı, xüsusi rütbəyə görə maaş, fasiləsiz xidmət illərinə görə əlavə haqq və ərzaq payı əvəzinə verilən pul kompensasiyası) ödənilir.
8. Xidmətdən tərxis olunmaya görə ödəniş xüsusi rütbəsi olan əməkdaşlara aşağıdakı məbləğdə və qaydada ödənilir:
a) pensiya almaq hüququ olan yaş həddi, səhhəti və ya ştat ixtisarı ilə əlaqədar xidmətdən tərxis olunanlara vəzifə və rütbə maaşlarının beş aylıq məbləğində, başqa əsaslara görə tərxis edilənlərə isə (barəsində qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqi haqqında qərara əsasən tərxis edilənlər istisna olmaqla) vəzifə və rütbə maaşlarının iki aylıq məbləğində;
b) pensiya almaq hüququ olmadan tərxis edilən xidmət müddəti dörd ildən az olanlara aylıq vəzifə və rütbə maaşlarının yarısı məbləğində, xidmət müddəti dörd il və daha çox onlara aylıq vəzifə, rütbə maaşları və dörd ildən əlavə hər il üçün həmin maaşların beşdə biri məbləğində.
9. Müvəqqəti əmək qabiliyyətinin itirilməsinə və ya xəstə ailə üzvünə qulluğa görə xəstəlik vərəqəsi əsasında xidmətdən azad edilən, yaxud xəstəlik məzuniyyətində olan xüsusi rütbəli əməkdaşlara qanunvericilikdə daha uzun müddət müəyyən edilməyibsə, altı aydan artıq olmamaq şərtilə xəstəlik gününədək aldıqları təminat xərcliyi saxlanılır.
Daxili işlər orqanları əməkdaşlarının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara bir aylıq əmək haqqı məbləğində pul müavinəti verilir.
10. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında və digər dövlətlərin ali və orta ixtisas xüsusi polis təhsil müəssisələrində əyani təhsil alanlara:
sıravi və kiçik rəis heyətinə mənsub əməkdaşlara daxil olandan əvvəl son iş yerindəki vəzifə və xüsusi rütbə maaşları, fasiləsiz xidmət illərinə və məharət dərəcəsinə görə əlavə haqlar ödənilir;
orta ümumtəhsil məktəbini bitirmiş vətəndaşların sıralarından qəbul edilənlərə respublikada ali və orta ixtisas təhsil müəssisələri üçün müəyyən edilmiş məbləğdə təqaüd ödənilir.
11. Daxili İşlər Nazirliyinin ibtidai hazırlıq kursuna çağırılmış əməkdaşlarına həmin müddətdə təyin olunduğu vəzifə maaşı və ərzaq payı və ya ərzaq payı əvəzinə pul kompensasiyası, təkmilləşdirmə və ixtisas artırmağa çağırılmış əməkdaşlara isə işlədiyi vəzifə üzrə aldıqları təminat xərcliyi ödənilir.
12. Daxili İşlər Nazirliyinin və respublikanın digər ali məktəblərində qiyabi təhsil alan əməkdaşlara imtahan sessiyası müddətində işlədikləri vəzifə üzrə aldıqları təminat xərcliyi saxlanılır.
13. Növbəti və qısamüddətli məzuniyyət dövründə əməkdaşlara sonuncu tutduğu vəzifə üzrə müəyyən edilmiş məbləğdə təminat xərcliyi ödənilir.
Daxili işlər orqanlarının əməkdaşları məzuniyyətə çıxarkən ildə bir dəfə onlara bir aylıq əmək haqqı məbləğində pul müavinəti verilir.
Əməkdaşlara məzuniyyət dövründə ildə bir dəfə respublika daxilində nəqliyyat xərcləri təqdim edilən sənədlər əsasında ümumi istifadədə olan hava, dəmir yolu, su və avtomobil (taksidən başqa) nəqliyyat ilə gedişin dəyəri miqdarında ödənilir.
Daxili işlər orqanlarının əməkdaşı müvafiq iş ilində (iş illərində) əsas məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya ödənilir. İstifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya hansı iş ili üçün verilməsindən asılı olmayaraq, əməkdaşın həmin kompensasiyanı alanadək sonuncu tutduğu vəzifəyə görə və xüsusi rütbəyə görə maaş, fasiləsiz xidmət illərinə görə haqq, məharət dərəcəsinə görə verilən əlavə nəzərə alınmaqla hesablanaraq ödənilir..
14. Yüksəkliyə görə əlavə qanunvericiliklə müəyyən olunmuş məbləğdə vəzifə, xüsusi rütbə maaşlarından, fasiləsiz xidmət illərinə və məharət dərəcəsinə görə əlavə haqlardan hesablanır.
15. Digər əlavə haqlar və ödənişlər qanunvericiliklə müəyyən olunmuş məbləğdə vəzifə maaşından hesablanır.
16. Daxili İşlər Nazirliyinin əməkdaşlarına müavinətlərin verilməsi Azərbaycan Respublikasının qanunvericiliyə ilə müəyyənləşdirilmiş qaydada və məbləğdə ödənilir.
1. Polis əməkdaşı həlak olduqda, vəfat etdikdə:
ölüm haqqında şəhadətnamə;
əməkdaşın ölümünün bilavasitə xidməti vəzifəsinin icrası ilə bağlı olduğu haqqında Daxili İşlər Nazirliyi tərəfindən müəyyən olunmuş müvafiq xidmətin rəyi;
ailə üzvlüyünü təsdiq edən arayış;
vərəsəlik hüququna malik ailə üzvünün ərizəsi.
2. Polis əməkdaşının əlilliyi müəyyən edildikdə:
Tibbi Sosial Ekspert Komissiyasının əlilliyin müəyyən edilməsi haqqında qərarı;
əməkdaşın əlilliyinin bilavasitə xidməti vəzifəsinin icrası ilə bağlı olduğu haqqında Daxili İşlər Nazirliyi tərəfindən müəyyən olunmuş müvafiq xidmətin rəyi;
1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşının xidməti yerdəyişmə və təyin olunması ilə bağlı yaşayış yerinin bir məntəqədən başqa məntəqəyə dəyişilməsi ilə əlaqədar ödənilən köç pulunun və birdəfəlik kompensasiyaların tərkibinə aşağıdakılar daxildir:
a) əməkdaşa və onun ailə üzvlərinə ödənilən nəqliyyat xərci;
b) yolda olan müddət üçün gündəlik xərc;
c) ev əşyalarının gətirilməsi üçün nəqliyyat xərci;
ç) əməkdaşa birdəfəlik kompensasiya;
d) əməkdaşın ailə üzvlərinə birdəfəlik kompensasiya.
2. Polis əməkdaşına birdəfəlik kompensasiya yeni təyin olunduğu iş yerindəki vəzifə və xüsusi rütbə maaşlarından hesablanır. Ailə üzvlərinə isə birdəfəlik kompensasiya köçüb gəldikləri günə əməkdaşın aldığı vəzifə və xüsusi rütbə maaşlarından hesablanır.
3. Köç pulu və birdəfəlik kompensasiyalar (50 km-dən çox yol qət etmək şərtilə) bir yaşayış məntəqəsindən digər yaşayış məntəqəsinə daimi xidmət yerinə getmək üçün, aşağıda göstərilən yerdəyişmə və təyin olunma halları zamanı verilir:
a) Daxili İşlər Nazirliyinin bir orqanından başqa bir orqanına ştat vəzifəsinə təyin edilərkən;
b) Daxili İşlər Nazirliyinin orqanlarının daimi dislokasiya yerinin dəyişməsi zamanı;
c) Daxili İşlər Nazirliyinin orqanlarında xidmət keçmək üçün ştat vəzifəsinə yeni təyin olunmuş əməkdaş başqa yaşayış məntəqəsinə köçərsə.
4. Xidməti yerdəyişmə və təyin olunması ilə əlaqədar bir yaşayış məntəqəsindən başqa yaşayış məntəqəsinə getmək üçün 50 km-dən çox yol qət edərkən, əməkdaşa və ailə üzvlərinə bu qayda ilə müəyyən edilmiş normalar üzrə yola çəkilmiş faktiki xərc ödənilir.
II. Köç pulu və bİrdəfəlİk kompensasİyaların mİqdarı
1. Köç pulu və birdəfəlik kompensasiyalar aşağıdakı miqdarda ödənilir:
a) əməkdaşa və onun ailə üzvlərinə nəqliyyat xərcləri, təqdim edilən sənədlər əsasında ümumi istifadədə olan hava, dəmir yolu, su və avtomobil (taksidən başqa) nəqliyyatı ilə gedişin dəyəri miqdarında, nəqliyyatda sərnişinlərin dövlət icbari sığortası üzrə tədiyələr, biletlərin qabaqcadan satışı üzrə xidmət və qatarlarda yatacaq ləvazimatından istifadə üçün xərclər də daxil olmaqla ödənilir;
b) əməkdaşa yerdəyişmə və təyin olunma zamanı 50 km-dən çox məsafə qət edilərsə, birdəfəlik kompensasiya 1 aylıq yeni təyin olunduğu vəzifəsi üzrə vəzifə maaşı və 1 aylıq xüsusi rütbə maaşı məbləğində;
c) Daxili İşlər Nazirliyinin orqanlarının dislokasiya yerinin dəyişməsi ilə əlaqədar olan yerdəyişmə vaxtı əməkdaşa məsafədən asılı olmayaraq vəzifə və xüsusi rütbə maaşlarının 50 faizi məbləğində;
ç) ailə üzvlərinin hər birinə bütün hallarda əməkdaşın 1 aylıq vəzifə və xüsusi rütbə maaşının 25 faizi məbləğində;
d) əməkdaşa 3000 kq-dək ev əşyalarını gətirmək üçün çәkdiyi faktiki xərc, yükün daşınması barədə qaimə təqdim edilməklə, müvafiq yükdaşıma müəssisələrinin müəyyən etdiyi tariflər müqabilində.
III. Yolda olan vaxt üçün gündəlİk xərcİn verİlməsİ
1. Xidməti yerdəyişmə və təyinolunma ilə əlaqədar olaraq, bir yaşayış məntəqəsindən başqa yaşayış məntəqəsinə gələrkən, əməkdaşa yolda olduğu bir sutkalıq müddət üçün Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş xidməti ezamiyyətlər zamanı ödənilən gündəlik xərc normaları miqdarında vəsait verilir.
IV. Köç pulunun və bİrdəfəlİk kompensasİyaların ödənİlmə qaydası
1. Köç pulu və birdəfəlik kompensasiya əməkdaşa aşağıdakı qaydada ödənilir:
a) ştat vəzifəsinə təyin edilərkən xidməti yerdəyişmə zamanı təyinolunma barədə əmr əsasında yeni iş yerində;
b) Daxili İşlər Nazirliyinin orqanının daimi dislokasiya yerinin dəyişməsi zamanı müvafiq əmr əsasında orqanın yeni dislokasiya yerində.
2. Əməkdaşın ailə üzvlərinə birdəfəlik kompensasiya yeni vəzifəyə təyin olunduğu gündən 1 il müddətinə əməkdaşın ailə köçüb onun xidmət etdiyi yerə gələrkən (əgər əməkdaş yeni xidmət yerində mənzil ilə təmin olunmayıbsa və yaxud uşaqları ali və orta ixtisas təhsil müəssisələrinin əyani təhsilalma formasında və ümumtəhsil məktəblərinin axırıncı siniflərində oxuyursa, mənzil ilə təmin edildiyi və uşaqların təhsil müəssisələrini bitirdiyi gündən 1 il müddətinə) ödənilir.
3. Birdəfəlik kompensasiyalar əməkdaşın himayəsində olan aşağıdakı ailə üzvlərinə verilir:
a) yaşından və əmək qabiliyyətindən asılı olmayaraq arvadına (ərinə);
b) əməkdaşın himayəsində olan uşaqlara;
c) əməkdaşın pensiya yaşına çatmış və yaşından asılı olmayaraq orqanizminin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş valideynlərinə.
4. Köç pulu və birdəfəlik kompensasiyalar əməkdaşın raportu, təyin olma barədə əmr, ailə üzvlərinin köçüb gəlməsi və yeni ünvanda qeydiyyata alınmaları barədə arayış əsasında verilir.
5. Köç pulu və birdəfəlik kompensasiyalar aşağıdakı hallarda ödənilmir:
a) Daxili İşlər Nazirliyinin təhsil müəssisəsinin əyani təhsilalma formasını bitirdikdən sonra həmin müəssisənin ştat vəzifəsinə təyin olunan əməkdaşa;
b) əməkdaşın xidmət etdiyi yerə müvəqqəti olaraq gələn ailə üzvlərinə.
6. Verilmiş köç pulu və birdəfəlik kompensasiyalar əməkdaş yerdəyişmə və təyin olunmadan sonra işə başlamaqdan imtina edərsə qaytarılmalıdır.
*Təminat xərcliyi vəzifə və xüsusi rütbəyə görə maaşlardan, fasiləsiz xidmət illərinə görə haqdan, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından və əməkdaşa verilən digər əlavələrdən ibarətdir.
1. Daxili işlər orqanlarında (Daxili İşlər Nazirliyinin Daxili Qoşunları istisna olmaqla) xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə xidmət keçdiyi dövr ərzində kirayəyə götürülmüş yaşayış sahəsindən istifadə haqqı (kirayə haqqı) üçün yaşayış məntəqəsindən asılı olaraq pul kompensasiyası hər ay aşağıdakı məbləğdə ödənilir:
Bakı şəhərində – 150 manat;
Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat;
başqa şəhər və rayon mərkəzlərində – 75 manat;
digər yaşayış məntəqələrində – 55 manat.
Daxili işlər orqanları əməkdaşlarına onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün onlara yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə pul kompensasiyası ödənilir.
1-1. Bu Qaydanın 1-ci hissəsi Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində xidmətdə olan daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə şamil edilmir. (Bu hissə 2027-ci il yanvarın 1-dən qüvvəyə minir.)
2. Daxili işlər orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə xidmət keçdiyi dövr ərzində kirayəyə götürülmüş yaşayış sahəsindən istifadə haqqı (kirayə haqqı) üçün yaşayış məntəqəsindən asılı olaraq, pul kompensasiyasının verilməsi üçün tələb olunan sənədlər:
Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq şəhər, rayon ərazi idarələrindən əməkdaşın xidmət etdiyi müvafiq daxili işlər orqanının yerləşdiyi ərazidə onun və yetkinlik yaşına çatmış ailə üzvlərinin mülkiyyətində yaşayış sahəsinin olub-olmaması haqqında arayış;
yaşayış sahəsinin onun mülkiyyətçisindən və ya sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsinin kirayəçisindən (bundan sonra — müvəqqəti mənzil) kirayə götürülməsi barədə notariat qaydasında təsdiq edilmiş sənəd;
xidmət yeri üzrə yaşayış sahəsi ilə təmin olunub olunmaması haqqında arayış;
əməkdaşın ailə üzvlərinin şəxsiyyət vəsiqəsinin, 15 yaşına çatmamış uşaqlarının doğum haqqında şəhadətnamələrinin və ailə üzvlərinə aid olması barədə digər sənədlərin notariat qaydasında təsdiq edilmiş surəti;
əməkdaşın ailə üzvlərinin onun xidmət yerinə köçüb gəlməsi və yeni ünvanda qeydiyyata alınması barədə arayış.
2-1. Pul kompensasiyası üçün nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.
3. Yeni xidmət yerinə gəlmiş daxili işlər orqanının əməkdaşı kirayədə yaşaması barədə raportla müraciət etdikdən sonra bu Qaydanın 2-ci bəndində müəyyən olunmuş sənədləri təqdim etməlidir (bu Qaydanın 2-1-ci hissəsinin tələbləri nəzərə alınmaqla) kirayəyə götürülmüş yaşayış sahəsindən istifadə haqqı (kirayə haqqı) üçün pul kompensasiyası müvəqqəti mənzilin kirayə götürülməsi barədə notariat qaydasında təsdiq olunmuş sənədin imzalandığı gündən, lakin yeni vəzifəyə təyin olunma günündən tez olmayaraq, əməkdaşın xidmət etdiyi daxili işlər orqanının rəhbərinin kirayəyə götürülmüş yaşayış sahəsindən istifadə haqqı (kirayə haqqı) üçün pul kompensasiyasının verilməsi barədə əmrindən sonra ödənilir.
4. Yuxarıda qeyd edilən sənədlər hər il yenidən toplanaraq, daxili işlər orqanının maliyyə xidmətinə təqdim edilməlidir (bu Qaydanın 2-1-ci hissəsinin tələbləri nəzərə alınmaqla).
5. Daxili işlər orqanı əməkdaşının ailə tərkibində dəyişiklik baş verdikdə o, bu barədə rəhbərliyə məruzə etməli və pul kompensasiyası ilə bağlı müvafiq sənədləri təqdim etməlidir.
6. kirayəyə götürülmüş yaşayış sahəsindən istifadə haqqı (kirayə haqqı) üçün pul kompensasiyası əməkdaşın kirayə üçün faktiki ödədiyi haqq məbləğində, lakin bu Qaydanın 1-ci bəndi ilə müəyyən edilmiş məbləğlərdən artıq olmamaq şərti ilə ödənilir.
7. Daxili İşlər Nazirliyi tərəfindən xidməti yaşayış sahəsi ilə (digər yaşayış sahəsi ilə) təmin edilmiş əməkdaşlara kirayəyə götürülmüş yaşayış sahəsindən istifadə haqqı (kirayə haqqı) üçün pul kompensasiyası ödənilmir.
1. 22 yanvar 2004-cü il tarixli 4 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 1, maddə 51)
2. 22 iyul 2004-cü il tarixli 98 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 7, maddə 589)
3. 25 noyabr 2004-cü il tarixli 185 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 11, maddə 970)
4. 20 iyul 2005-ci il tarixli 144 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 7, maddə 677)
5. 26 sentyabr 2006-cı il tarixli 217 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 830)
6. 11 may 2007-ci il tarixli 74 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 544)
7. 13 fevral 2008-ci il tarixli 44 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 124)
8. 9 noyabr 2009-cu il tarixli 177 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 11, maddə 937)
9. 14 aprel 2010-cu il tarixli 68 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 4, maddə 359)
10. 30 dekabr 2011-ci il tarixli 215 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 12, maddə 1260)
11. 29 aprel 2014-cü il tarixli 116 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 4 may 2014-cü il, № 92, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 04, maddə 460)
12. 8 may 2014-cü il tarixli 138 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 05, maddə 565)
13. 29 may 2014-cü il tarixli 169 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 05, maddə 593)
14. 22 iyun 2016-cı il tarixli 236 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 25 iyun 2016-cı il, № 136, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1212)
15. 22 sentyabr 2017-ci il tarixli 383 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 sentyabr 2017-ci il, № 207, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №9, maddə 1738)
16. 28 sentyabr 2017-ci il tarixli 408 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 oktyabr 2017-ci il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 9, maddə 1763)
17. 9 oktyabr 2018-ci il tarixli 431 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 10 oktyabr 2018-ci il, № 227, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 2146)
18. 7 mart 2019-cu il tarixli 78 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 512)
19. 22 aprel 2019-cu il tarixli 183 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 aprel 2019-cu il, № 87, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 776)
20. 23 dekabr 2021-ci il tarixli 411 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 dekabr 2021-ci il, № 284, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1535) (2022-ci il iyulun 1-dən qüvvəyə minir)
21. 28 aprel 2022-ci il tarixli 177 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 may 2022-ci il, № 91,Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 423)
22. 9 iyun 2022-ci il tarixli 225 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 10 iyun 2022-ci il, № 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №6, maddə 666)
23. 24 oktyabr 2023-cü il tarixli 378 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 24 oktyabr 2023-cü il, “Xalq” qəzeti, 25 oktyabr 2023-cü il, № 233, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 10, maddə 1458)
24. 13 mart 2024-cü il tarixli 149 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 14 mart 2024-cü il, “Xalq” qəzeti, 17 mart 2024-cü il, № 60, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 3, maddə 326)
25. 22 may 2024-cü il tarixli 275 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 may 2024-cü il, “Xalq” qəzeti, 26 may 2024-cü il, № 110, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 5, II kitab, maddə 612)
26. 21 may 2026-cı il tarixli 157 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 21 may 2026-cı il, “Azərbaycan” qəzeti, 26 may 2026-cı il, № 92, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 5, II kitab, maddə 481) (Bu Qərar 2027-ci il yanvarın 1-dən qüvvəyə minir.)