Qanunvericilik › Polis haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 14

Maddə 14. İctimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının vəzifələri

Polis haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

İctimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının vəzifələri aşağıdakılardır:

1) Hər bir şəxsin təhlükəsizliyini təmin etmək;

2) Azərbaycan Respublikasının qanunvericiliyi ilə səlahiyyətlərinə aid edilmiş inzibati xətalara dair işlər üzrə icraatı aparmaq;

3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda təhqiqat, istintaq orqanlarının, məhkəmələrin, müvafiq icra hakimiyyəti orqanının icra və probasiya qurumlarının qərarlarını icra etmək;

3-1) xüsusi icra məmurlarının müraciəti əsasında icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar onlara yardım göstərmək;

4) Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və müddətlərdə tutulmuş və ya həbs edilmiş şəxsi müvəqqəti saxlama yerində saxlamaq;

5) Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əşyaların, o cümlədən odlu silahın, döyüş sursatının, zəhərli maddələrin və sair zərərli materialların əldə edilməsi, saxlanması, gəzdirilməsi, daşınması üçün müəyyənləşdirilmiş qaydada icazə vermək, dövriyyəsinə nəzarət etmək, çoxaldıcı rəngli qurğuların (kseroksların) qeydiyyatını aparmaq;

6) Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı yerlərində tətbiq edilən fövqəladə və ya hərbi vəziyyət rejimini təmin etmək, epidemiya zamanı, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iştirakı ilə epizootiya zamanı karantin tədbirlərinin həyata keçirilməsində iştirak etmək;

7) kütləvi tədbirlər zamanı ictimai asayişi təmin etmək;

7-1) kütləvi idman tədbirlərinin və idman yarışlarının keçirilməsi zamanı idman obyektlərində, tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərdə, eləcə də idman obyektlərinə bitişik ərazilərdə və təxliyyə yollarında zorakılığın qarşısını almaq, yarış iştirakçılarının və tamaşaçıların təhlükəsizliyini və ictimai asayişi təmin etmək;

8) müvafiq dövlət orqanlarına və vəzifəli şəxslərə, yaxud qanuni sahiblərinə təhvil verilənədək sahibsiz əmlakın və dəfinələrin, habelə tapılmış və polisə təhvil verilmiş sənədlərin, əşyaların və digər əmlakın saxlanılmasını və mühafizəsini təmin etmək;

9) Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda qeydiyyat və uçot işlərini aparmaq;

10) digər dövlət orqanları və ictimai təşkilatlarla birlikdə azyaşlılar arasında hüquq qaydasının pozulmasının və nəzarətsizliyin qarşısının alınmasında iştirak etmək;

11) cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsini təmin etmək;

12) hüquqi və fiziki şəxslərin əmlakını hüquqa zidd əməllərdən qorumaq;

13) Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver