Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində polis əməkdaşının aşağıdakı hüquqları vardır:
1) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş hallarda və qaydada nəqliyyat vasitəsini saxlamaq, onu idarə edən şəxsin sürücülük hüququna dair sənədlərini və daşınan yükün sənədlərini yoxlamaq;
2) nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş olub-olmadığını müəyyənləşdirmək üçün texniki vasitələrdən istifadə etmək və ya həmin şəxsin tibbi müayinəsini təşkil etmək;
3) qanunla müəyyənləşdirilmiş hallarda və qaydada nəqliyyat vasitəsini idarə edən şəxsi və nəqliyyat vasitəsini yol hərəkətində iştirakdan kənarlaşdırmaq;
4) yol hərəkəti qaydalarını pozanlardan, yol-nəqliyyat hadisəsinin iştirakçılarından və şahidlərindən izahat almaq və zəruri hallarda onları polisə çağırmaq;
5) yol hərəkəti qaydalarının pozulmasına görə inzibati tənbeh tədbirləri tətbiq etmək, sürücülük hüququndan məhrum etmək barədə materialları məhkəməyə göndərmək;
6) yol hərəkətinin təhlükəsizliyi qaydalarına əməl edilmədikdə yollarda təmir-tikinti və digər işlərin görülməsini məhdudlaşdırmaq və ya qadağan etmək;
7) təbii fəlakətlər zamanı, habelə qəza təhlükəsinin aradan qaldırılması ilə əlaqədar yol hərəkətini məhdudlaşdırmaq və ya qadağan etmək;
8) texniki vəziyyəti müəyyənləşdirmiş tələblərə uyğun gəlməyən nəqliyyat vasitələrinin istismarını qadağan etmək;
9) nəqliyyat vasitəsini idarə edən şəxsin və onunla birlikdə olan sərnişinlərin cinayət törətdiyi və ya törədilməsində şübhələnilməsi haqqında dəqiq məlumatı olduqda, habelə nəqliyyat vasitəsinin idarə olunması ilə cinayət törədilməsinə real təhlükə yarandıqda nəqliyyat vasitəsini təqib etmək.