I. Polis əməkdaşının əmək haqqı onun vəzifəsi, xüsusi rütbəsi, xidmət illəri nəzərə alınmaqla müəyyənləşdirilən əsas maaşdan, habelə istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü, gecə vaxtı və əsas iş vaxtından əlavə işləməyə görə qanunvericiliyə müvafiq surətdə müəyyənləşdirilən əlavə haqqlardan ibarətdir. Polis əməkdaşına xidmət şəraitinə görə əlavə haqqlar, birdəfəlik müavinətlər və başqa ödənişlər verilir.
II. Polis əməkdaşının əsas maaşını, əlavə haqqların, kompensasiyaların, müavinətlərin və başqa ödənişlərin məbləği və təyin edilməsi qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.
III. Bu maddənin I hissəsində polis əməkdaşları üçün nəzərdə tutulan təminatlar (vəzifə və xüsusi rütbə maaşları, habelə istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü, gecə vaxtı və iş vaxtından artıq vaxtda görülən işə görə normativ hüquqi aktlara uyğun olaraq müəyyənləşdirilən əlavə haqlar istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının rəhbəri və onun müavinlərinə, habelə Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanın rəhbəri, müavini və əməkdaşlarına şamil edilmir.