Qanunvericilik › Prokurorluq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 29

Maddə 29. Prokuror, prokurorluğun müstəntiqi və əməliyyatçısı vəzifələrinə təyin olunmaq üçün tələblər

Prokurorluq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Prokuror, prokurorluğun müstəntiqi və əməliyyatçısı ali hüquq təhsilli, seçkilərdə iştirak etmək hüququna, prokuror, müstəntiq və ya əməliyyatçı vəzifələrinin yerinə yetirilməsi üçün zəruri peşə keyfiyyətlərinə malik və Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən Azərbaycan Respublikasının vətəndaşları ola bilər.

Prokurorluğa işə qəbul edilmirlər:

ikili vətəndaşlığı olan şəxslər;

digər dövlətlər qarşısında öhdəlikləri olanlar;

din xadimləri;

fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən təsdiq edilmiş, tibbi rəyə əsasən fiziki və əqli pozuntularına görə prokuror, prokurorluğun müstəntiqi və ya əməliyyatçısı vəzifələrini yerinə yetirməyə qadir olmayan şəxslər;

alkoqolizm, narkomaniya, toksikomaniya və digər ağır xəstəliklərə tutulmuş şəxslər (bu barədə həkim rəyi olduqda);

əvvəllər məhkum olmuş, habelə bəraətverici əsaslar olmadan barəsində cinayət işinin icraatına xitam verilmiş şəxslər;

əvvəllər yol verdiyi kobud nöqsanlara və ya prokuror, prokurorluğun müstəntiqi və ya əməliyyatçısı adı ilə bir araya sığmayan hərəkətlərinə görə vəzifədən azad edilmiş şəxslər;

qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar.

Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsinin ümumi qaydaları Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən edilir.

Ərazi və ya ixtisaslaşdırılmış prokuror vəzifəsinə, bir qayda olaraq, prokurorluq orqanlarında ən azı 5 il iş stajı olan şəxs təyin edilə bilər.

Azərbaycan Respublikasının Baş prokuroru, onun müavinləri, Azərbaycan Respublikasının Hərbi prokuroru, Naxçıvan Muxtar Respublikasının prokuroru, ərazi və ixtisaslaşdırılmış prokuror vəzifələrinə 30 yaşına çatmış şəxslər təyin oluna bilər.

Hərbi prokurorluğa prokurorluq orqanlarının kadrları üçün müəyyən edilmiş ümumi tələblərə əməl edilməklə bir qayda olaraq hərbi qulluqçular, həmçinin müvəqqəti hərbi xidmət keçmiş və hərbi qulluğa yararlı şəxslər işə qəbul edilirlər.

Prokurorluğun digər işçilərinin işə qəbulu və işdən azad edilməsi qaydaları Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver