“Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının 2018-ci il 7 dekabr tarixli 1385-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 yanvar tarixli 482 nömrəli Fərmanının 1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Psixoloji yardım göstərmək hüququ olan şəxslərə dair Tələblər” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş Naziri
Bakı şəhəri, 16 oktyabr 2020-ci il
1.1. Bu Tələblər “Psixoloji yardım haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 11.3-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında psixoloji yardım göstərmək hüququ olan şəxslərə (psixoloq və ya klinik (tibbi) psixoloq) dair tələbləri müəyyən edir.
1.2. Bu Tələblərin müddəaları Qanunun 11.2-ci maddəsində nəzərdə tutulmuş fövqəladə hadisə zamanı hadisə yerində olan və fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılmasına cəlb olunan şəxslərə şamil edilmir.
2.1. Psixoloq kimi fəaliyyət göstərmək istəyən şəxs psixologiya ixtisası üzrə ali təhsilə və ya “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əlavə təhsilalma formasında psixoloq ixtisasına malik olmalıdır.
2.2. Klinik (tibbi) psixoloq kimi fəaliyyət göstərmək istəyən şəxs aşağıdakı tələblərə cavab verməlidir:
2.2.1. klinik (tibbi) psixologiya üzrə magistr dərəcəsindən aşağı olmayan təhsilə malik olmalı;
2.2.2. psixologiya ixtisası üzrə ən azı 1 (bir) il iş təcrübəsi olmalı;
2.2.3. Qanunun 18.2-ci maddəsində nəzərdə tutulmuş ixtisas attestatını əldə etməlidir.
2.3. Aşağıdakı şəxslər psixoloq və ya klinik (tibbi) psixoloq kimi fəaliyyət göstərə bilməzlər:
2.3.1. şəxsiyyət əleyhinə cinayətlər törətməyə görə məhkumluğu olan şəxslər;
2.3.2. məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müvafiq fəaliyyətlə məşğul olma hüququndan məhrum edilmiş və ya bu növ cəza ilə bağlı məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər;
2.3.3. qanunla müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab olunmuş şəxslər;
2.3.4. barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı olan şəxslər.
2.4. Klinik (tibbi) psixoloq psixopatologiya, inkişaf psixologiyası, neyro-psixologiya, davranış psixologiyasının əsasları, sağlamlıq psixologiyası və psixoterapiya sahələrində biliklərə malik olmalı və aşağıdakıları bacarmalıdır:
2.4.1. psixoloji testlər vasitəsilə psixi (zehni, emosional, davranış) və (və ya) interpersonal pozuntuların, psixoloji tələbatların və ya problemlərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi;
2.4.2. psixoloji və psixi sağlamlıqla bağlı olan məsələlər üzrə tövsiyələrin (məsləhətlərin) verilməsi;
2.4.3. psixi və ya fiziki sağlamlıqla bağlı olan problemlərdən əziyyət çəkən insanlara müxtəlif psixoloji yardım növlərinin, o cümlədən psixoterapiya, ailə terapiyası və psixoloji reabilitasiya və psixoloji korreksiya yardımlarının göstərilməsi.
2.5. Bu Tələblərdə klinik (tibbi) psixoloq kimi fəaliyyət göstərmək üçün müəyyən edilmiş tələblər Qanun qüvvəyə minənədək psixoloq kimi fəaliyyət göstərmiş şəxslərə şamil edilmir.
2.6. Psixoloq və klinik (tibbi) psixoloq stressə dözümlü, səbirli, ünsiyyətə açıq olmalı və müşahidə qabiliyyətinə malik olmalıdır.
2.7. Bu Tələblərin 2.1-ci və 2.2-ci bəndlərində göstərilən şəxslər psixoloji yardım alan şəxsə peşəkar, keyfiyyətli və psixoloji yardım şərtlərinə uyğun psixoloji yardım göstərmək məqsədilə aşağıdakı tələblərə riayət etməlidirlər:
2.7.1. psixoloji yardım şərtlərinə və qaydalarına, psixoloqun peşə etikasına riayət etməli;
2.7.2. peşəkarlıq səviyyəsinin artırılması məqsədilə psixologiya sahəsi ilə bağlı yeni biliklər əldə etməli, vərdişlərin inkişafına yönəlmiş aktiv öyrənmə üsullarını mənimsəməli və təcrübədə tətbiq etməli;
2.7.3. mürəkkəb psixoloji vəziyyətlə bağlı psixoloji yardım almaq üçün müraciət edən şəxsə psixoloji yardım göstərə bilmədikdə, digər mütəxəssis tərəfindən peşəkar psixoloji yardım göstərilməsini təklif etməli, habelə psixoloji müayinənin nəticələrinə uyğun olaraq digər yüksəkixtisaslı mütəxəssislərlə (fizioloq, sosioloq və s.) psixoloji konsilium təşkil etməli;
2.7.4. psixoloji yardımdan psixoloji yardım almaq üçün müraciət etmiş şəxsin dünyagörüşünün, cinsi oriyentasiyasının, dini, siyasi və əxlaqi inanclarının dəyişdirilməsi vasitəsi kimi istifadə etməməli;
2.7.5. şəxsin psixoloji vəziyyəti, psixoloji yardım almaq üçün müraciəti, təyin olunmuş psixoloji testlərin nəticələri və ona göstərilən psixoloji yardım haqqında məlumatların konfidensiallığını Qanunun 10.3-cü maddəsi nəzərə alınmaqla təmin etməli;
2.7.6. psixoloji yardım almaq üçün müraciət etmiş şəxsin video və foto çəkilişini, səs yazısını yalnız onun razılığı ilə qeydə almalı;
2.7.7. psixoloji müayinənin nəticəsini psixoloji yardım alan şəxsə aydın və düzgün çatdırmalı, psixoloji yardımın növündə və ya formasında dəyişiklik edildikdə, bunu psixoloji yardım alan şəxslə və (və ya) onun qanuni nümayəndəsi ilə razılaşdırmalı;
2.7.8. psixoloji yardım alan şəxslərə öz təhsili, peşəkar fəaliyyəti barədə təhrif edilmiş və həqiqətə uyğun olmayan məlumatlar verməməli;
2.7.9. psixoloji yardım göstərdiyi və ya psixoloji təsir altında qala biləcək şəxslərdən onun barəsində reklam xarakterli açıqlamalar edilməsini istəməməli;
2.7.10. psixoloji yardımın göstərilməsi formasından asılı olmayaraq, psixoloji yardım alan şəxsi psixoloji yardımın müddəti, faydaları və mümkün riskləri, risklərə münasibətdə profilaktik tədbirlər və psixoloji yardımlar və onlardan irəli gələn digər məsələlər barədə məlumatlandırmalı.
1. 13 mart 2024-cü il tarixli 153 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 mart 2024-cü il, “Xalq” qəzeti, 20 mart 2024-cü il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 3, maddə 330)