Qanunvericilik › Publik hüquqi şəxslər haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 8

Maddə 8. İdarəçilik

Publik hüquqi şəxslər haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

8.1. Publik hüquqi şəxsin idarə edilməsi qaydası onun nizamnaməsi ilə müəyyən edilir.

8.2. Publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aşağıdakılar aiddir:

8.2.1. nizamnamənin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;

8.2.2. idarəetmə orqanlarının yaradılması;

8.2.2-1. idarəetmə orqanlarının rəhbərlərinin (üzvlərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsi;

8.2.3. inkişaf istiqamətlərinin müəyyən edilməsi, illik maliyyə hesabatlarının təsdiqi;

8.2.4. strukturun, əməyin ödənişi fondunun, işçilərin say həddinin və onların əməkhaqlarının məbləğinin (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) təsdiqi;

8.2.5. təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərin yaradılmasına razılıq verilməsi;

8.2.6. xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), habelə publik hüquqi şəxsə aidiyyəti olan şəxslərlə əqdin (əqdin dəyəri aktivlərin 5 faiz və daha çox hissəsini təşkil etdikdə) bağlanmasına razılıq verilməsi;

8.2.7. bu Qanunun 3.3-cü maddəsində nəzərdə tutulmuş qərarın qəbul edilməsi;

8.2.8. publik hüquqi şəxsin yenidən təşkili və ləğv edilməsi.

8.3. Publik hüquqi şəxsin təsisçisi bu Qanunun 8.2-ci maddəsində qeyd edilən səlahiyyətlərinin (onların bir hissəsinin) həyata keçirilməsini müəyyən etdiyi orqana (quruma, o cümlədən publik hüquqi şəxsin özünə) verə bilər.

8.4. Bu Qanunun 6.4-cü maddəsi nəzərə alınmaqla, idarəetmə orqanlarının rəhbərləri (üzvləri) Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən olunmuş tələblərə cavab verməlidirlər.

8.5. Publik hüquqi şəxsin əmlakı üzərində sərəncam vermək hüququnun müəyyən şərtlərlə məhdudlaşdırılması nizamnamədə nəzərdə tutula bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver