Qaçqın statusu verilməsi haqqında ərizə təqdim etmiş şəxsə aşağıdakı hüquqlar verilir:
Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq;
tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək;
müvəqqəti işə düzəlmək;
tibb yardımı almaq;
qaçqın statusu verilməsi məsələsi həll edilənədək onunla gələn ailə üzvləri ilə birlikdə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müvəqqəti yerləşdirmə mərkəzlərində könüllü yerləşdirilmək və saxlanılmaq;
öz dininə sərbəst etiqad etmək;
BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarının nümayəndəsi ilə əlaqə saxlamaq.
Qaçqın statusu verilməsi haqqında ərizə təqdim etmiş şəxs:
qaçqın statusu verilməsi məsələsinin həlli üçün zəruri məlumatı Azərbaycan Respublikasının müvafiq orqanına təqdim etməli;
Azərbaycan Respublikasının ərazisində olmağın mövcud qanunvericiliklə müəyyənləşdirilmiş qaydasını gözləməli;
məcburi dövlət daktiloskopik qeydiyyatından keçməli;
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) tələbi ilə tibbi müayinədən keçməlidir.
Qaçqın statusu verilməsi haqqında ərizə təqdim edən, lakin özü barəsində məlumat verməkdən imtina edən və ya qaçqın statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verən şəxsə qaçqın statusu verməkdə imtina edilir.